dini radikalizm və ekstremizmlə mübarizə

Paşa QƏLBİNUR


“Asif Ata başdan-başa nur idi, işıq idi”

Mən Asif Atanı ilk dəfə 1970-ci illərdə televizorda görmüşdüm. Sonradan onun “Müdriklik səlahiyyəti” kitabını təkrar-təkrar oxudum. Biz o vaxt ədəbiyyat – gözəl şeir, nəsr aclarıydıq.
Asif Ata 1970-80-ci illərin gənclərinin həyatına birdən-birə daxil oldu. Həmin adamların içərisində mən də vardım. Onun “Bilik” Cəmiyyətindəki silsilə görüşləri bəzən musiqinin, muğamın təhliliylə müşayiət olunurdu. Orada biz ilk dəfə həqiqi, canlı filosof gördük. Elə bil ki, bu filosof çox-çox qədimlərdən gəlmiş bir kahin, düha, idrak sahibi idi. Onun ədəbiyyata, musiqiyə, insan təfəkkürünə, doğum-ölüm fəlsəfəsinə, türkçülüyə, Azərbaycançılığa, oçağkı siyasi duruma, keçmişdən olan yanlışlara öz baxışı vardı. Hər bir sahəyə öncəgörən bir insan, ağıl, dərrakə sahibi kimi bugünkü bu faciələri, qarşıdurmaları, dünyanın ikili standartını Ata o vaxt bəyan edirdi, deyirdi. Biz də ondan çox şey öyrənməyə çalışırdıq.
Asif Atanın “25 Söz” adlı bir siyahısı vardı. Orada dünyanın ölməz əsərləri yer alırdı. O, toplantılarına gələnləri inandırırdı ki, ziyalı insan hökmən bu kitabları oxumalıdır. Mən də orada olanların hamısını oxudum. Həmin mütailənin çox böyük təsiri oldu.
Asif Ata başdan-başa nur idi, işıq idi. Bu adam başdan-başa enerji idi – elə bil kosmosdan gələn enerji Yer enerjisi ilə birləşib tüğyan eləyirdi. O, təfəkkürün açılmaz qatlarına səyahət eləməyi və bizlərə də onları göstərməyi bacarırdı. Mütərəqqi elmlərin məcmusundan çıxan fikirləri mübarək bir məcməidə insanlara təqdim edirdi. Bu bilik çox nüfuzlu, yüksək bir mənbədən təqdim olunurdu, o yüksək mənbə Asif Ata idi.
Mən onun müridlərinin, ardıcıllarının sonrakı taleyini izlədikcə görürəm ki, o mübarək missiyanı, kəsilməyən, tükənməyən işığı daşıyırlar, həmişə də Azərbaycanımıza layiq olurlar.
İstənilən adamın içində “şeytan” gizlənir, bəzən adam onun sözünə qulaq asır. Çox qəribədir, Atanın əsl tələbələrinin içində “şeytan” baş qaldıra bilmədi. Orada yalnız işıq, zəka qaldı və bizim doğma vətənimizə layiqlik, onun min illərin təkindən gələn mental dəyərlərin durulmuş, təmizlənmiş, arınmış özülü olan varlığı qaldı. Onu evladlar mübarək çiyinlərində bugünə kimi daşıyırlar.
Ocaq var olub, indi də var və gələcəkdə də var olacaq. Müəyyən ideyaları daşıyan adamların ardıcılları olmayanda fikirlərini özləriyə qəbrə aparırlar. Ancaq Atanın ideyaları yaşayır, çünki onlar yaşarıdır, bu ideyalar fəlsəfənin təməl prinsiplərinə əsaslanır. O, mübarək insanın özünün fikirləriylə süslənib, zənginləşib. Ədəbiyyatın, fəlsəfənin, elmin, ədalətin, düzgünlüyün, işığın ən gözəl əlamətləri cəm olub bu fəlsəfədə, istiqamətdə. Burada bizə məxsus olan mübarək əlamətlərdən kənaraçıxma yoxdur, bu, əbədiyaşar bir ideyadır. Asif Ata həmişə var, olub və olacaqdır.
Onun mənə olan münasibətini bəyan eləmək bəlkə də təvazökarlıqdan uzaq olar. Atanın çox müsbət münasibəti vardı mənə. Mən Moskvada doktorluq müdafiə edib qayıdandan sonra o vaxt çıxan kitablarımı oxumuşdu, onların hamısı haqqında özəl, mübarək fikirləri vardı. Mənim üçün də çox xoş olurdu, düşünürdüm ki, düz yoldayam. Ata ilk şeirlərimi oxuyanda mənə məsləhət gördü ki, Füzulini daha dərindən oxumaq gərəkdir. Mən onun tövsiyəsinə əməl elədim.
Onun əsərləri dünya durduqca yaşayacaq. Asif Atanın çox qəribə, bənzərsiz təfəkkürü vardı. Bu təfəkkür ədəbiyyatın, incəsənətin, mədəniyyətin, elmin istənilən sahəsində bənzərsiz, ünyetməz nöqtələrinə gedib çata bilirdi. O həmin nöqtələri araşdırır, təhlil edib oradan mübarək nəticələr çıxarır, həmin nəticələri yuvarlaq hala sala bilirdi. Böyük fikirləri az, sadə sözlə ifadə etməyi bacarırdı. Mən Asif Atanın varlığını Azərbaycanımız üçün çox böyük qənimət hesab edirəm.
Atayla ilk görüşümüz yadımdadır. “Bilik” Cəmiyyətindəki görüşlərin birincisiydi, mənə xəbər verdilər, iştirak etdim. Ondan sonra ömrünün sonuna qədər ictimaiyyətə təqdim olunan bütün görüşlərində iştirak etdim. Nadir halda sual verdim, öyrənməyə çalışdım. Əsərlərini də bu gün də oxuyur, öyrənirəm. Bir əsərini beşinci dəfə oxuyanda oradan nələrsə öyrənirəm.
Asif Atanın o mübarək əsərləri ki qalıb, onların Azərbaycan sərhədlərindən kənarda təbliği gərəkdir. Azərbaycan indiki tarixi dönəmdə çətin durumdadır, belə bir çağda Atanın əsərləri bizə olduqca kömək edə bilər. O bizim fəlsəfi dünyanın qədimliyini, müasirliyini, dərinliyini, demokratikliyini sübut edə bilər. Bizim təfəkkürümüzün çox dərinlərə, qədimlərə getdiyini göstərər. Onun əsərləri bizim mədəni dünyada layiqli yerimizi tutmağa kömək edə bilər. O, bir fikir nəhəngidir. Və o nəhəng zamanın bütün nöqtələrindən həmişə eyni böyüklükdə görsənir. Ona görə də Atanın əsərlərinin tərcüməsinin, təbliğinin böyük önəmi var – həm Azərbaycanımız, həm də istənilən insan üçün, onun ruhunun, qəlbinin işıqlanması, vətənimizə bağlı olması üçün.

Yağış ayı 34-il.
(noyabr 2012).

Yazı arxivi

Oxunub: 330
Oxşar xəbərlər
SON XƏBƏRLƏR