dini radikalizm və ekstremizmlə mübarizə

Görkəmli alim professor Abbas Zamanovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib - FOTO


Görkəmli alim professor Abbas Zamanovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

QHT.az xəbər verir ki, Oxu Akademiyası və Müvəkkil Hüquq mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə bir çox ziyalılar, ictimai-siyasi xadimlər, millət vəkilləri və sənət adamları iştirak ediblər.

Əvvəlcə Abbas Zamanovun və Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi sükutla yad edilib.

Sonra Müvəkkil Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilov qonaqları salamlayaraq onları Abbas Zamanov haqqında yazdığı ,”Vətən fəadaisi” məqaləsi əsasında hazırlanmış videoçarxa baxmağa dəvət edib.

Abbas Zamanov 1911-ci ildə Şərur rayonunun Maxta kəndində anadan olub. Əsl adı Mirabbas Mirfəttah oğlu Seyidzamanovdur. Şura hökumətinin qadağaları vaxtı xeyirxahları onu repressiyalardan, təqiblərdən qorumaq üçün ad və soyadındakı Mir, Seyid sözlərini ixtisar ediblər. Professorun uşaqlıq və gənclik illərinin çox keşməkeşli olmasına baxmayaraq o ömür yolunu vətəninin müstəqilliyinə, çiçəklənməsinə həsr etmiş dahi şəxsiyyət, böyük vətəndaş, görkəmli elm xadimi kimi yaddaşlarda kristallaşıb.

Abbas Zamanovun həyatına həsr olunmuş videçarxla tanışlıqdan sonra Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun “Heydər Əliyev Azərbaycan ziyalılarının himayəçisi Heydər Əliyev Abbas Zamanov münasibətləri kontekstində” adlı məruzəsi dinlənilib.

O, öz nitqində bildirib ki, mən bu gün burda iştirak etməyi ən çox mənəvi borcum kimi bildim. Çünki Abbas Zamanov bizim ailə dostumuz idi. O, mənim babamla çox yaxın idi. Və bu gün burada olmağı həm bir siyasi xadim kimi, həm də ailə dostu olaraq mənəviyyat borcu bildim. Onu xüsusi olaraq qeyd etmək istəyirəm ki, Heydər Əliyevin hakimiyyətə gəlməsi və ziyalıları himayə etməsi o dövrkü Azərbaycan üçün böyük bir töhfə idi.

Məruzəçi professorla bağlı öz xatirələrindən danışanda bildirib ki, mənə uşaq olarkən deyərdilər,- "Sovet dövründə hamı oxuyur amma sən oxuyanda Abbas Zamanov kimi oxu". Və mən bu gün deyirəm ki Azərbaycanı sevəndə Abbas Zamanov kimi sevmək lazımdır".

Sonra söz Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyliyə verilib. İsa Həbibbəyli Abbas Zamanovun necə dostcanlı olmasından danışıb. Onun az danışan, çox iş görən, qəti mövqedə, dönməz iradəyə malik olan mükəmməl bir Azərbaycan vətəndaşı olduğunu qeyd edib. Vətəndaş, alim sözünün hər kəsə aid edilə bilməyəcəyini fəqət Abbas Zamanovun bu sözün tam haqqını verdiyini vurğulayıb, İsa Həbibbəyli: “Abbas bəy, o dövrkü Sovet imperiyasına sinə gərərək Azərbaycan ziyalılarını, görkəmli alimlərini bir araya gətirib, insanlar arasında möhkəm təməlli bir körpü yaratmışdı. Bu əlaqə o zamankı dövlət qurumlarlnın yaratdığı əlaqədən daha geniş, daha məhsuldar idi. Abbas müəllimin ən çətin dövrlərdə Edinburq universitetinin professoru Turhan Gəncəyi ilə yazışması və görüşməyi o zamankı dövrün bir əfsanəsi hesab olunurdu.
Ulu öndərin 100 illiyinə həsr edilmiş ildə Abbas Zamanovu yad etmək qürurvericidir.”
Daha sonra isə söz Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevə verilib. Qəzənfər Paşayev Abbas Zamanovla bağlı xatirələrindən, İsa Həbibbəyli və Abbas Zamanovun daim birlikdə olduqlarından, isti münasibətlərindən, birgə fəaliyyətlərindən danışıb. Qəzənfər Paşayev kitablarının yazılmasında başlıca mənəvi yardımın məhz Abbas Zamanov tərəfindən olduğunu qeyd edib. O, Abbas müəllimlə birlikdə olduğu məclislərdən, onun necə alicənab şəxsiyyət olduğundan və onun iştirak etdiyi məclislərin aliliyindən bəhs eləyib. Qeyd edib ki, əgər vətənpərvərlik bizlərdə varsa, burada Abbas Zamanovun böyük rolu var.

Xalq şairi Sabir Rüstəmxanlı Abbas Zamanovun necə cəsarətli və qorxmaz olduğundan danışıb. Onun Fransaya səfəri zamanı göstərdiyi şücaətin tam bir cəsarət nümunəsi olduğunu bildirib. Millət vəkili müasir zamanda belə maarifləndirici tədbirlərin tez-tez keçirilməsinə və tələbə gənclərin bu cür tədbirlərə cəlb edilməısinə böyük ehtiyac olduğunu bildirib. Qeyd edib ki, ziyalılarımızın daim yad edilməsinin, onların xatirələrinin uca tutulmasının gənclərin vətənpərvərlik ruhunun artırılmasında, tariximizə, mənəvi dəyərlərimizə marağın yaradılmasında böyük rolu var.

Tədbirdə çıxış edən millət vəkili Etibar Əliyev böyük alimin simasında Azərbaycanın elm xadimləri ilə bağlı belə tədbirlərin davamlı olmasının zəruriliyini qeyd edib.

Sonra çıxış edən yazıçı Səfər Alışarlı söylədi: “Professor Abbas Zamanovun həyatı, yorulmaz, fədakar elmi və ictimai fəaliyyəti Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda əsrlərlə apardığı milli mübarizənin parlaq səhifələrindən biridir. 1960-cı ildə onun Naxçıvanın ermənilərə verilməsi iddialarına qarşı etiraz dolu çıxışı vətənpərvər alim cəsarəti və yurdsevərliyin əbədi nümunəsidir. O vaxtlar Azərbaycan KP MK-nın ikinci katibi olmuş V.Y.Semiçastnı “Narahat ürək” adlı xatirələr kitabında bu hadisəni qələmə alıb. O deyir ki, həmin günün, yəni 29 mart 1960-cı ilin səhəri MK-nın ideoloji katibi Nazim Hacıyev başılovlu mənim yanıma gəlib dedi ki, Vladimir Yefimoviç, bədbəxtlik baş verib: akademiyada Səməd Vurğunun anım tədbirində bir universitet müəllimi haradansa tribunaya soxulub və millətçi çıxış etməklə kommunist adına ləkə gətirən sözlər danışıb.
S.Alışarlı qeyd edib ki, bununla da Abbas Zamanova qarşı sovet hökumətinin amansız repressiya maşını işə düşüb və o, fəal müəllimlik, eləcə də elmi-tədqiqat və ictimai işlərindən təcrid edilib, illər boyu ailəsinin çətin maddi durumu ilə sınağa çəkilib. S.Alışarlı 1988-ci il meydan hadisələri zamanı ölkənin dəyərli ağsaqqalları olaraq məsləhət üçün çadıra dəvət edilmiş Abbas Zamanov, Bəxtiyar Vahabzadə və Şirməmməd Hüseynovla konfidensial görüşü xatırlayaraq dedi ki, Abbas müəllim bu kritik vəziyyətdə də axıradək səmimi idi: “O dedi ki, bu vəziyyətdə bizdən sizə məsləhətçi çıxmaz. Biz Stalin repressiya maşınının ağzından çıxmış adamlarıq. Bu işi siz başlamısınız, siz də ağlınız kəsən yerə qədər onu aparmalısınız. Harada dayanacağınıza görə heç kim sizi qınaya bilməz”.

Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin nəvəsi, əməkdar rəssam, ictimai xadim Rais Rəsulzadənin professor Abbas Zamanovla bağlı xatirələri iştirakçılara gövrək anlar yaşatdı. R.Rəsulzadə Abbas Zamanovun Ankaradan M.Ə.Rəsulzadənin məzarından torpaq gətirərək Novxanıda yaxınlarının məzarına səpməsi ilə bağlı xatirələrini danışarkən göz yaşlarını saxlaya bilmədi.

Tənqidçi alim Qurban Bayramov gənclik illərində elmi araşdırmalarından, Xalq şairi Səməd Vurğunla bağlı yazılarına görə təqiblərə məruz qaldığı vaxtlarda Abbas Zamanovun haqqın müdafiəsinə necə cəsarətlə qalxmasından danışıb. Səməd Vəkilova bu uzun illər yaddaqalacaq tədbiri təşkil etdiyinə görə təşəkkürünü bildirib. Q.Bayramov Səməd Vurğun yaradıcılığına həsr olunmuş kitabları hüquqşünas Səməd Vəkilova hədiyyə etdi.


Naxçıvandan Abbas Zamanovun doğulduğu Maxta kəndindən məxsusi olaraq tədbirə qatılmaq üçün gəlmiş pedaqoq, tədqiqatçı Musa Şirəliyev də öz xatirələrini paylaşdı.

Sonda Səməd Vəkilov tədbir iştirakçılarına bir daha minnətdarlığını bildirərək yekun sözü Abbas Zamanovun qardaşı oğlu Mirmusa Seyidova verib. O, əmisinin xatirəsini əziz tutanlara, görüşün təşkilatçılarına təşəkkür edərək, bu görüşü heç zaman unutmayacağını bildirib.


Tədbir xatirə şəkillərinin çəkilməsilə yekunlaşıb.











Oxunub: 152
Oxşar xəbərlər
SON XƏBƏRLƏR