dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan-İsrail əlaqələri: İranın gözlənilən təxribatları - TƏHLİL

Azərbaycan-İsrail əlaqələri: İranın gözlənilən təxribatları - TƏHLİL


Azərbaycanla İsrailin yaxınlıq dərəcəsini artıran və çoxdan gözlənilən hadisə baş verdi – Azərbaycan İsraildə səfirlik açdı.

İslam adı altında fundamentalist radikal ideyaların yayıcısı olan İran bütün dünyanı inandırmağa çalışır ki, bu, onun maraqlarına ziddir. Bu bəhanələrin arxasına sığınaraq İran öz xalqı üzərində tətbiq etdiyi tiranlıq rejimini təhlükəli şəkildə Cənubi Qafqazın sərhədləri içərisində bərqərar etməyə girişir.

Bu təhdidlərinin ideoloji bazası üçün “islam inqilabı” ideyalarını əlində bərk saxlayaraq regionda terrorçu şüurunda olan kütlə formalaşdırmağı hədəfləyir.

Azərbaycan isə kontr-hərəkətlərlə İranın ixrac etdiyi idealları zərərsizləşdirməlidir və bu istiqamətdə onun İsraillə əlaqələri olduqca normal qarşılanmalıdır. Çünki İran təkcə ideoloji hab yaratmaqla kifayətlənmək istəmir, SEPAH da daxil olmaqla İranın hərbi-siyasi kəşfiyyat aparatı milli təhlükəsizliyi qorumaq adı altında sərhədyanı ərazilərdə təxribatlar başlatmağa bəhanələr axtarır.

İran regionu barıt çəlləyinə döndərmək istəyən digər qüvvələrlə şərik ola bilmək üçün fərqli təxribatlara inteqrasiyanı da plan kimi nəzərdən keçirə bilər.

Tehran əlini istədiyi rəflərə uzatmaq üçün Rusiya-Ukrayna müharibəsini fürsət bilir. Belə ki, təklənən İran Rusiya ilə əməkdaşlıq formatında regionda məsələləri aydınlaşdırmağa çalışır.

İsrail də İranın nüvə ambisiyalarının regiona təsirlərini, onun Ukraynadakı müharibədə Rusiyaya necə kömək etməsi xətti ilə paralel şəkildə izləyir.

Bəzi məsələlər aydınlaşdıqca rəqiblərin toqquşma meydanlarından birinin Cənubi Qafqaz olacağı gözlənilə bilər.

İran Azərbaycanın və onun strateji müttəfiqi Türkiyənin, regionda fəallaşan İsrailin maraqlarından əl çəkmələri üçün öz proksi qüvvələrinin Cənubi Qafqaz səhnəsində peyda olmasına çalışır.

İran proksi qüvvələrinin düyməsini basaraq onların bir qismini ortaya atıb, artıq Azərbaycanda da ictimai-siyasi xadimlərin qətlə yetirilməsi və ya bənzər vasitələrlə terror aktları törətmək niyyətini az qala aşkar göstərir.
Azərbaycan İranla güc qarşıdurmasının hərbi döyüş meydanına çevrilməsində maraqlı deyil, ancaq hibrid üsullarla Tehranın oyunlarını pozmaq məcburiyyəti ilə qarşı-qarşıyadır.

İran təhlükəsinə qarşı ümumi maraqları bölüşən İsrail və ABŞ ilə strateji tərəfdaşlığı inkişaf etdirmək Azərbaycan üçün optimal reseptlərdən biridir.

Çünki İran ümumi yanaşmasını Azərbaycanı müstəqil ölkə kimi həzm etməmək xəttindən ayırmayıb və diplomatik-siyasi təmaslar belə, Tehranın düşüncəsini dəyişmir. Dəyişməyən düşüncələr silsiləsi İranı avantüralar törətməyə təşviq edən amildir.

Deputat Fazil Mustafanın güllələnməsindən sonra Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi açıqlama “bu avantüralardan xəbərimiz var” deməkdir.

Azərbaycan XİN İsraillə əlaqələrin dərinləşməsindən narahat olan İranın qışqırıqlarına cavab fonunda Fazil Mustafanın güllələnməsi ilə bağlı bir detalı açıqlayıb: İstintaqın ilkin nəticələri izləri İrana aparır.

Bu, diplomatik-siyasi və kəşfiyyat kanalları ilə əldə edilən məlumatların istintaqın ilkin qənaəti ilə tutuşdurulmasından doğan rəsmi mövqedir.

İran özünü terror-təxribat suyunun üzündə saxlamağa çalışdıqca, regionda təhlükələr bir-birini əvəz edəcək.

Azərbaycan-İsrail-ABŞ üçbucağında beynəlxalq terrorizmlə mübarizə çərçivəsində yeni işlərin görüləcəyini də proqnozlaşdırmaq olar.

Oxu.az

Oxşar xəbərlər
SON XƏBƏRLƏR