İNSAN ÖMÜR BOYU YIXILIB QALXAR
Bir gündə yaşarsan bəzən dörd fəsli,
Bir anda ömründə şimşəklər çaxar.
Bitməz ki həyatın fırtınaları,
İnsan neçə dəfə yıxılıb qalxar?
Susasa ürəyin zəmzəm suyuna,
Dumanlı bir hava çöksə ruhuna,
Hay verməzsə ümid, əğər hayına
İnsan neçə dəfə yıxılıb qalxar?
Fərq etməz ömrünün hansı yaşında,
Səbr bardağın hey ,dolub daşanda,
Çarəsiz olmağa məruz qalanda,
İnsan neçə dəfə yıxılıb qalxar?
Çiynindəki yükün ağır olduqda,
Haqsızlıq içində duyduqlarında,
Məcbur susduğunda, susduqlarında,
İnsan neçə dəfə yıxılıb qalxar?
Dünya boyda dərdi daşıyır insan,
Yıxılsa da qalxıb yaşayır insan,
Bəzən də yenidən başlayır insan,
İnsan ömür boyu yıxılıb-qalxar.
İNSANLIQ, İNSAN
Elə insanlar var gizli xəzinə
Mənəvi zəngindir ,şəxsiyyət onlar.
Vicdani xeyirxah əməlləriylə,
Elmlə, zəkayla güclüdür onlar.
Mərdlik qanımızda, canımızda var.
Xalqa xidmət edən aqil insanlar.
Millətin dərdini, yükünü çəkən
Vətənə, dövlətə sadiq insanlar.
Kainat kimidir, dünya kimidir
Özün inşa edib yaradan insan.
Mübariz ruhuyla ucalar hər dəm,
Özünü özünə çatdıran insan.
Amalı ədalət,əqidəsi pak
Nəğməsi vətəndir, sevgisi torpaq.
İnsan var devizi insanlıq, "insan"
Kamalı günəşdən parlaqdır parlaq.
BU BAHAR ÖMRÜMÜN
PAYIZ FƏSLİDİR
Ömrümdə bu bahar açmadı güllər,
Avazı kəsildi susdu bülbüllər.
Qəmləndi buludlar,çoxaldı sellər,
Bu bahar ömrümün payız fəslidir.
**
Qəlbimə nur çilə ,dedim günəşə,
Sandım ki,qəlbimdən payız ötüşə..
Tapmıram bu bahar isti bir guşə,
Bu bahar ömrümün payız fəslidir.
***
Bahar gözəllikdir dönüb gülzara ,
Ürəksə xezandır ,həsrət bahara.
Qəlbimin baharı gedibdir hara?..
Bu bahar ömrümün payız fəslidir.
***
Nə sevgim , nə qəlbim gülmədi bir dəm..
İstəyirəm sənə ,bir söz söyləyəm .
Baharda baharın, həsrətindəyəm,
Bu bahar ömrümün payız fəslidir.
Ruhum öldü...
Fırlanır könlümün həndəvərində
Bozarmış, saralmış, sönük duyğular.
Bulaşıb kədərə yorğun ürəyim,
Köksümdə qanayan yaralarım var.
Ağıl ucbatından gözlərim nəmli,
Acı xatirəylə dolu ciblərim.
Həyatla mən tanış olduğum gündən,
Bitmədi nə dərdim, nə də kədərim.
Çilik-çilik olan şüşə xəyallar ,
Göynətdi bağrımın başını hər dəm,
Bu dünyada xoşbəxt ola bilmədim,
Yuxularda xoşbəxt olmuşam hərdən.
Saraldı ümidlər yenə bu bahar
Xəstə yatağında sağlam düşüncə,
Bir Allah bilir ki nələr yaşadım,
Ruhum öldü mənim , özümdən öncə...
Oxunub: 350