dini radikalizm və ekstremizmlə mübarizə

İki qardaş ölkə Azərbaycan və Türkiyə


Cari ilin 16 mart tarixində Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib. Cənab Prezident İlham Əliyev Zirvə görüşündə iştirak edib. Zirvə görüşündə çıxış edən Prezident Türkiyə Respublikasında baş verən dəhşətli zəlzələdən söz açıb. Dövlət başçısı bildirilib ki, qardaş Türkiyədə çoxsaylı insanın tələfatına və xəsarət almasına səbəb olan güclü zəlzələnin fəsadları bizi olduqca kədərləndirib. Baş vermiş dağıdıcı zəlzələ on minlərlə insanın həyatına son qoyub. Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur. Ölkəmizdən 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Qardaş Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Eləcə də 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib. İki qardaş ölkə Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur və bundan sonra da belə olacaq.
Dövlət başçısı çıxışı zamanı Vətən müharibəsi zamanı qardaş ölkənin Azərbaycana dəstəyindən də söz açıb. Ölkə başçısı qeyd edib ki, 44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi. Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə Vətən müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi. İkinci Qarabağ müharibəsi zamanı və tarixi Zəfərimizdən sonra Türkiyədən minlərlə dəstək və təbrik mesajları gəlmişdir. Qarabağın tacı olan Şuşa şəhərində 2021-ci ilin iyun ayında Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalanmışdır və bizim əlaqələrimiz rəsmən müttəfiqlik səviyyəsinə qaldırılmışdır. Son 20 ildə Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün Türk dünyası üçün önəmli şərtdir. Türk Dövlətləri Təşkilatının Səmərqənddə 2022-ci ildə keçirilmiş Zirvə görüşündə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi onun Türk dünyasının gücləndirilməsində böyük xidmətlərini bir daha sübut edir. Ölkə başçısı İlham Əliyev işğal dövründə ərazilərimizin ermənilər tərəfindən xarabalığa çevrilməsi və işğaldan azad olunandan sonra torpaqlarımızda aparılan abadlıq işləri haqqında da məlumat verib. Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. Vətən müharibəsindən sonra 300-ə yaxın azərbaycanlı mina partlayışı nəticəsində həlak olmuş və ya ağır yaralanmışdır. Praqa və Soçidə 2022-ci ildə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmamışdır. 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatı Ermənistan kobudcasına pozur və buna görə məsuliyyət daşımalıdır. Ermənistan həm də Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınır. 2020-ci ildə Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasından sonra Azərbaycan bu ərazilərdə genişmiqyaslı yenidənqurma işləri aparır.
Ölkəmiz Ermənistan tərəfindən tamamilə dağıdılmış böyük ərazilərə həyatı yenidən qaytarır. Azərbaycan sıfırdan 9 yeni şəhər və birinci mərhələdə 300-dən çox kənd və qəsəbə qururuq. “Böyük Qayıdış” proqramının icrası keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün başlanıb. Türkiyə şirkətləri yenidənqurma prosesində podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Onu da qeyd edək ki, bu günə qədər Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri 3 milyard ABŞ dollarından çoxdur. Həmçinin Azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb tikilir, Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzi inşa olunur. Eləcə də ötən kiçik dövr ərzində Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılmışdır. Türk dünyası daha böyük coğrafiyanı əhatə edir.

Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini


Oxunub: 243
Oxşar xəbərlər
SON XƏBƏRLƏR