dini radikalizm və ekstremizmlə mübarizə

Heydər Əliyev və Azərbaycanın Milli Təhlükəsizliyi” mövzusunda konfrans keçirilib

Heydər Əliyev və Azərbaycanın Milli Təhlükəsizliyi” mövzusunda konfrans keçirilib


Djb.az xəbər verir ki, 3 mart 2023-cü il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycanın Milli Təhlükəsizliyi” mövzusunda konfrans keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Ulu öndərin büstünü ziyarət edib, büstün önünə gül dəstələri qoyublar. Daha sonra konfrans iştirakçıları Heydər Əliyev guşəsində təşkil edilən kitab sərgisi ilə tanış olublar. Sərgidə Ulu öndərin həyat və fəaliyyətindən bəhs edilən onlarla kitab sərgilənib.

Konfransdan öncə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra konfransı açıq elan edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov, Ulu öndərin Azərbaycanın milli təhlükəsizliyinin təmini istiqamətindəki tarixi xidmətlərinə diqqət çəkib. Cəlil Xəlilov qeyd edib ki, Ulu öndər dövlətimizin təhlükəsizliyini təmin etməklə yanaşı, milli təhlükəsizlik sahəsində peşəkar kadrların hazırlanması, milli ideyaların daşıyıcısı olan ziyalıların sovet repressiyasından qorunması istiqamətində də mühüm addımlar atıb.

Daha sonra çıxış edən Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov Ümummili liderin ölkə həyatının bütün sahələrində olduğu kimi, milli təhlükəsizlik sahəsində də böyük işlər həyata keçirdiyini vurğulayıb. Əli Pənahov qeyd edib ki, Heydər Əliyevin milli təhlükəsizlik siyasəti xalqımızın və dövlətimizin təhlükəsizliyinin etibarlı şəkildə təmin olunmasına ciddi töhfə verib, bu müstəvidə yeni və mütərəqqi ənənələrin formalaşmasına səbəb olub. Hansı ki, bu ənənələr bu gün də yaşadılmaqda, inkişaf etdirilməkdədir.


Əli Pənahov qeyd edib ki, Azərbaycan xalqı var olduqca Heydər Əliyev də var olacaq, əbədi yaşayacaqdır.

Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi v.m.i.e. polkovnik-leytenant Elşad Nəsirov, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri professor İsaxan Vəliyev, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin üzvü Elşad Həsənov, hüquqşünas Şəmsəddin Əliyev çıxış edib, Ulu öndərin milli təhlükəsizlik sahəsindəki xidmətlərinə diqqət çəkiblər.


Tədbirin sonunda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova çıxış edib. Təşkilat sədri Heydər Əliyevlə bağlı xatirələrini dilə gətirib, universitet illəri ilə bağlı maraqlı məqamlardan söhbət açıb. Ulu öndərin həyat və fəaliyyətinin hər bir azərbaycanlıya örnək olduğunu qeyd edən Fatma Səttarova, onun irsinin bundan sonra da sevə-sevə tədqiq edilərək öyrəniləcəyini bildirib.

Konfransın sonunda xatirə şəkli çəkilib.











Oxunub: 151
Oxşar xəbərlər
SON XƏBƏRLƏR