dini radikalizm və ekstremizmlə mübarizə

“Dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsidir”


1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik günü kimi qeyd olunmasının əsası qoyuldu. Naxçıvan Ali Məclisində bu barədə qəbul olunmuş qərarla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edildi və dekabrın 25-də Ali Sovet müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul etdi.
Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik gününün təsis edilməsi milli həmrəyliyimizin uğurlu gələcəyini təmin etmiş tarixi qərar idi. O vaxtdan ötən 30 il ərzində bütün dünya azərbaycanlıları bu günü rəsmi bayram kimi qeyd edir.
Doğma xalqının gələcəyinə xidmət edən dövlət siyasəti yürüdən Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq oldu. Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə həmişə vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün tövsiyələrini verirdi.
2001-ci il noyabrın 9-10-da Bakıda Dünya azərbaycanlılarının I Qurultayının keçirilməsi və Qurultaydan sonra isə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə və fəallığının artmasına təkan verdi.
Ulu Öndərin milli həmrəylik sahəsində gördüyü işləri uğurla davam etdirən Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Heydər Əliyevin dünya azərbaycanlılarının həmrəyliyinin, birliyinin təmin edilməsi ilə bağlı ideyaları bu gün də aktualdır.
Dövlət başçısı cənab İlham Əliyevin imzaladığı sərəncamlarla Bakı şəhərində 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II, 2011-ci il iyulun 5-6-da III, 2016-cı il iyunun 3-4-də isə IV qurultayının keçirilməsi diaspor quruculuğu işinə böyük töhfə verdi. Bu qurultaylar dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təntənəsi baxımından mühüm tarixi əhəmiyyət kəsb etməklə yanaşı, həm də dünya azərbaycanlılarının Prezident İlham Əliyevin və Azərbaycan dövlətinin ətrafında sıx birləşdiyini bir daha göstərdi.
II Qarabağ müharibəsi zamanı siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi. Vətən müharibəsi müddətində məhz Prezident İlham Əliyevin ortaya qoyduğu vətənpərvərlik nümunəsi xalqımızı bu müharibədə qələbəyə ruhlandırdı və onu torpaqlarımızın azadlığı uğrunda mübarizədə həmrəy etdi.
Dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq, Dünya azərbaycanlılarının həmrəyliyi günü hər bir azərbaycanlı üçün əzizdir. Bu gün müzəffər xalqımız bu əlamətdar günü daha mütəşəkkil, daha təşkilatlanmış və müqəddəs amallar uğrunda birləşərək qeyd edir.

Oxunub: 147
Oxşar xəbərlər
SON XƏBƏRLƏR