Orta məktəb illərində hikmətli kəlamlar, aforizmlər oxumağı çox sevirdim. Düşündürücü, mənalı olanları beynimə həkk edirdim. Bu gün də xatirimdə qalanlar var. Qələmə aldığım indiki yazıya uyğun bir aforizmi yada salmaq istəyirəm. Sual olunur: --- O nədir ki, həqiqət olsa da, söylənilməsi qəbahətdir? Cavabı belə idi: -- Özünü tərif etmək. Yazıyla tanış olduqda, özünüz də etiraf edərsiniz ki, müəllif qələmini işə salarkən o prinsipdən uzaqda dayanıb. Məqsəd çətinlikdə, darda olanlara dayaq durub, əl uzadıb bacardığın yaxşılıqları göstərməkdir. Onda həyat da, yaşamaq da həm mənalı, həm də gözəl olur.
Bu gün metronun Xalqlar Dostluğundan işə getmək üçün avtobus gözləyirdim. Həftənin şənbə, bazar və bayram günlərində avtobuslar yubanmalarla işləyirlər. Səbəbi, təbii bəllidir. Dayanacaqda ağ saçlı, üzü, alnında vaxtlndan qabaq qırışlar əmələ gəlmiş ( çox əzablı həyat yaşamış, dərdli insan təssüratı yaradırdı) bir qadın ağlamsımış halda mənə yaxınlaşdı. Bunları dilə gətirmək bəlkə də düzgün deyil. Əsas məqsəd hər kəsin insanlıq nümunəsi göstərməyin vacibliyini dərk etməsidir. Ona görə bunları söyləməyi özümə borc bilirəm. Qadının yanında özündən kiçik bir zənən xeylağı da var idi, o isə danışmırdı. Sadəcə danışanlara tamaşa edirdi.( Sonradan bildim ki, o da qadının halına yanaraq ona bələdçilik edir) Qadın pul qabını, dərmanları və həkim reseptini unudaraq avtobusda qaldığını ağlayaraq danışdı. İtən əşyaların tapılması üçün kömək istədi. Rayondan gəldiyini, heç bir yeri tanımadığını dedi. Təkcə marşurutun nömrəsi yadında qalıb. Onu sakitlışdirmək, ürək- dirək verməyə çalışdım. Narahat olmamağa, bir az səbrli olmağını bildirdim. İtirdikləri tapılaraq tezliklə sahibinə qaytarılacağına inandırmaq istədim. O isə inanmır, ağlayır, emosiya ilə danışmaqda davam edirdi. Bu mənzərə ,artıq yoldan keçənlərin də diqqətini cəlb edir, dayanaraq nə baş verdiyi ilə maraqlanırdılar. Qadın isə sakitləşmir, uca səslə "mənə lazım olan pul qabı deyil, xəstəmin çətin tapılan dərmanları və həkim reseptidir" deyirdi. Onun danışdıqlarından anladım ki, evdə ağır xəstəsi var. İtirdiyi dərman və resept ən vacib olanlardır. Xəstə evdə o dərmanı gözləyir. Qadın isə onları avtobusda unudub. Hədsiz narahatlıq da bununla bağlıdır. Əsl həqiqəti biləndə təsirləndim. Düşündüm, necə edim ki, o qadına əl tutum. Ən azından xəstə evdə dərman gözləyir. O vəziyyətdə oradan çıxıb getməyi də qəbul edə bilmirdim. Vicdanım məni rahat buraxmırdı. Dayanacaqda olan dispetcerə yaxınlaşdım. Vəziyyəti ona izah etdim. Bacardığı yardımın etməsini xahiş etdim. Diqqətlə mənə qulaq asdı. Amma sözügedən marşurut xəttinin ona aid olmadığını dedi. Çox dirənişdən sonra bəzi şəxslərə zəng vurmağa onu razı sala bildim. İlk dəqiqılərdə bir şey alınmadı. Qadın isə gözü yaşlı halda bir xəbər bilmək üçün nəzərini danışanların ağzına dikmişdi. Nəhayət, çətinliklə sürücünün telofon nömrəsini tapa bildik. Bir neçə dəqiqədən sonra qırmızı Bakubus xətddə göründü. Hamımız böyük ümidlə ora yaxınlaşdıq.( Kənardan elə təssürat yaranırdı ki, sanki itən əşyalar mənə məxsusdur, çətin durumda olan o qadını hər kəsdın ümidsüz vəziyyətdə necə görmüşdümsə , problemə şəxsi problemim kimi yanaşırdım) Sürücü unudularaq avtobusda qalan əşyaların qadına məxsus olduğunu dəqiqləşdirmək istədi, bunun üçün ondan lazımi müəyyən adlar soruşdu. Qadın isə çaşmadan nə lazım idisə onları dedi. Sürücü əşyaları bir- bir sahibinə qaytardı. Qadının simasındakı sevinc hissi əzabların yaratdığı qırış hissini " yox" edirdi. Bayaqdan bəri hökm sürən nigarançılıq buzu yavaş- yavaş əriyirdi. Gözlərində nəm hələ qurumamışdı. O başını qaldırıb üzümə baxdı. Minnətdarlıq üçün nəsə demək istədi. Mən isə onun nə deyəcəyini gözləmədən "Allah xəstənizə şəfa versin" deyərək oranı tərk etdim. Uzaqlaşarkən arxadan qadının son sözlərini eşitdim: " Allaha çox şükürlər olsun ki, insanlıq hələ itməyib"
Avtobusda pəncərədən çölə baxırdım. Maşınlar o tərəh, bu tərəfə şütüyürdü. Nigarançılıq artıq ötüb keçmişdi. Gözlərimi bir nöqtəyə zillədim. Bu gün baş verənləri bir- bir xatırlamağa başladım. Qadlnın son dedikləri hələ də qulağımda cingildəyirdi: "Allaha şükürlər olsun ki, insanlıq hələ itməyib". Özümü çox rahat hiss edirdim. Ən azından tanımadığım, mənə rast gələn bir Allah- təla bəndəsinə bacardığım yaxşılıq etdiyim üçün..
Elxan Çıraxlı
Oxunub: 494