B İ L M İ R Ə M
Əynimdə bir yırtıq çuxa,
Gəlləm yoxuş çıxa-çıxa.
Dünya adlı alaçığa,
Mən sahib ola bilmirəm.
Gördüm dostu, kirvəni də,
Badalağı, zərbəni də...
Mən lap uca zirvəni də,
Alınmaz qala billmirəm.
Ömrüm-günüm döyüş, cəngdir,
Ruhum göydə çərpələngdir.
Mənimki şirdir, pələngdir,
Mən tazı, tula bilmirəm
Ulayıram bir qurd kimi,
Qocalıram Qorqud kimi,
Hərdən qara bulud kimi,
Boşallam, dola bilmirəm,
Dərddir o yanım, bu yanım,
Yoxdur həyanım, duyanım
Mən özümü bu dünyanın,
Yadına sala bilmirəm.
Bir azca da ömür ver
Sən mənə təsəlli ver,
Dərdlərimi sığalla.
Qoyma çırağım sönsün,
Ey Xaliq, RəsulAllah.
Qoyma qonsun sinəmə,
Əzrayıl vaxt-vədəsiz.
Sənin hökmün böyükdür,
Əl çatmaz bir yerdəsiz.
Ruhuma qanad verib,
Uzaq salma canımdan.
Sənə bəndə olmuşam
Doğulduğum anımdan.
Bilirəm vaxtsız düşür,
Payızımın yarpağı.
Bir azca da ömür ver
Qucaqlayım torpağı.
CAN İLAHİ SƏRVƏTİDİR
Bilirəm öz yerimi,
Cüt atıram zərimi,
Hər dərdimi - sərimi,
Öz içimdə uduram.
Can İlahi sərvəti
Söz Tanrı əmanəti
Ömür tale qisməti
Ümidimə çatıram
Yox suçum,qorxum,hürküm,
Əynimdədir öz kürküm,
Utanmadım ət töküm,
Rahat yuxu yatıram.
Sərt keçirdim qışımı,
Daşa saldım xışımı,
Ağacımı, quşumu,
Şeirimə qatıram.
Oxunub: 504