dini radikalizm və ekstremizmlə mübarizə

Atəş altında olan kənd Sosial problemlər niyə həll edilmir, biganəliyə səbəb nədir?



Söhbət Ağdam rayonun Çıraqlı kəndindən gedir. Bu kənddə 50- dən çox ev var. 1993- cü ildən son 44 günlük Vətən savaşına qədər Çıraqlı kəndi daim atəş altında olub. Bu yaşayış məntəqəsi son 30 il müddətində cəbhə bölgəsinin düşmən mövqeləri ilə yaxın məsafədə olan bəlkə də yeganə kəndlərdən biridir. Elə evlər var idi ki, düşmən postları ilə 150- 200 metr məsafədə yerləşirdi. Hər gün kənd qarşı tərəfdən avtomat və iriçaplı silahlardan atılan atəşə məruz qalırdı. Güllələr evləri, həyətin darvazasını dəyərək oranı dəlmə- deşik edirdi. Düşmən güllələr burada yaşayanların başlarının üzərindən ötüb keçirdi. Əhali sanki ölümlə üz- üzə dayanmışdı. Artıq bu hallar insanların adi həyat tərzinə çevrilmişdi. Hərbi əməliyyatlar zamanı dinc sakinlərdən 9 nəfəri yaralanmışdı. Mülki vətəndaşlardan şəhid olan da var idi. Həyatları üçün hər zaman təhlükə olmasına baxmayaraq, kənd əhalisi düşmən qarşısında mərdliklə dayandı, ölümdən qorxmayaraq doğma, isti yurd- yuvalarını tərk etmədilər. Gündəlik təsərrüfat qayğıları ilə məşğul olurdular. Yaralı sakinlərin bəziləri elə əkin sahələrində işləyən zaman güllə yağışının hədəfindən qaça bilməmişdi. Son 44 günlük savaşda da şiddətli döyüşlər gedən zaman kənd sakinlərinin çoxu evlərindən kənara çıxmadılar. Baxmayayaq ki, düşmən tərəfindən atılan mərmilərdən bəziləri Çıraqlı kəndinə düşüb bəzi evlərə ziyan vurdu. Bütün bunları sadalamada məqsədimiz odur ki, son 30 ildə kənd camaatı yağı düşmən qarşısından qaçmayaraq qorxmazlıq, cəsurluq nümunəsi göstərdilər. Bir məsələni də yaddan çıxmamış qeyd etmək istəyirəm ki, düşmən mərmilərindən ziyan görmüş evlərin bərpasını dövlət əhalinin qeydinə qalaraq öz üzərinə götürdü. Bu təqdirə layiq bir addım idi. Sakinlər bu addımı da çox razılıqla qarşıladılar. Amma təssüflər olsun bu işləri həyata keçirən Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin rayonda olan nümayəndələri Çıraqlı kəndindən bir neçə kilometr arxada, təhlükəsiz yerlərdə yerləşən yaşayış məntəqələrində zərər dəymiş evlərin bərpasın birinci növbədə həyata keçirdilər. Çıraqlı kənd sakini olan mərhumə Məmmədova Nadya Bərxudar qızının evini isə uzun təkidlərdən sonra qismən təmir etdilər. Təmir işləri isə hələ də başa çatmayıb. Bununla bağlı aidiyyatı şəxslərə sual ünvanlayanda qəribə cavablar verirlər. Bildirirlər ki, təmir işləri növbəli şəkildə həyata keçirilir. Onda sual yaranır, əgər sizin dediyiniz kimi, görülən işlər növbəli şəkildə həyata keçirilirsə, onda elə birinci növbədə mərhumə Məmmədova Nadya Bərxudar qızının adına olan evdən başlanmalı idi, nəinki təhlukəsiz yerlərdə yerləşən evlərdən. Bu evdən o tərəfə yaşayış yoxdur. Düşmən mövqeləri idi. İkincisi işğal olunmayan kəndlərdə əhalinin internetdən istifadəsi üçn kabelləşmə işi aparıbılar. Amma bu günə qədər Çıraqlı kəndində telofon və internet çəkilməsi işinə hələ də başlanılmayıb. Digər kəndlərdə sakinlər rahat şəkildə internetdən istifadə etdikləri halda, Çıraqlı kənd sakinləri hələ də bu xidmətdən mərhumdurlar. Əslində quruculuq işləri, inrastruktura adı çəkilən kənddən başlamalıdır.Bununla bağlı sakinlər yuxarı instantsiyalara dəfələrlə rəsmi şəkildə müraciət ediblər. Amma bir faydası olmayıb. Gələn il cəkəcəyik, rəsmilər bu cür cavab veribər. Qəribədir 30 il düşmənlə üz - üzə dayanan, bütün çətinliklərə sinə gələn kənd sakinləri bu gün bəzi sosial problemlərin həll olunmamasına görə əziyyət çəkirlər. Ümid edirik ki, səlahiyyətli qurumlar yaxın günlərdə Çıraqlı kənd sakinlərinin üzləşdiyi problemlərin tezliklə aradan qaldırılması üçün müvafiq addımlar atacaqlar.

Elxan Çıraxlı


Oxunub: 315
Oxşar xəbərlər
SON XƏBƏRLƏR