
YAZIRAM
Bisavad biriyəm təhsilim yoxdur,
Çiynimdə mələklər deyir yazıram.
Bəzən inanmıram öz gördüyümə,
''Adam''lar  adamı  yeyir yazıram.
Laləni , nərgizi qarğa  yoxlayır,
Bülbüllər qanqalın  ətrin qoxlayır, 
Bənövşə dik durub basıb, bağlayır,
Qızılgül boynunu əyir yazıram.
 
Haqq ayaq altında,  nahaq başdadı, 
Günah gah kotanda, gah da xışdadı, 
İndi zaman başqa, dövran başqadı,
Əyrilər düzləri döyür yazıram.
Dərdin acısını dəf edim deyə,
Ömrü başa vurub tez gedim deyə,
Xəbəri olmasın Seyyidin deyə, 
Hərdən bir möcüzə, sehir yazıram 
İdris, Vətənimin  ara dilində,
İsmayıl,   Natavan, Sara dilində,
Oxusun   duvağı ''qara'' gəlin də,
Nənəmin dilində şeir yazıram.
ANAMDAN AYIRMAYIN
(İndicə Sabir Yusifoğlunun ölüm xəbərini eşitdim)
Kənd özü qəbir yerim,
Qayası başdaşımdır.
Dərəsi üz qırışım,
Bulağı göz yaşımdır.
Çox axdım damcı -damcı, 
Tamah döndərdi məni.
Heç  gəlmək istəmirdim,
Allah göndərdi məni.
Pay verdi dərdi mənə,
Yoruldum da, yordum da,
Köç edib getdi hamı,
Qərib oldum yurdumda.
Bu kənd  dünya boydadır,
Ətəyində daxmayam. 
Kim bilir ki, sabaha,
Bəlkə heç sağ çıxmayam. 
Bu da tale yazısı,
Naxışa bax, naxışa. 
Mən zülümlə çıxmışdım,
Təzəcə alt(ı)mışa. 
Çox şair aparmışdı,
Apardı həm də məni.
Şəhərdə basdırmayın,
Aparın kəndə məni 
Ölüm Allah əmridir,
Hay salıb çığırmayın. 
Xahişim budur, məni,
Anamdan ayırmayın.
 YIXIB GETDİ CAVANLIQ
Nə  qış bildi, nə yaz bildi, nə payız,
Şimşək kimi çaxıb getdi cavanlıq,
Heç ömrümün  qapısından girmədi, 
Aynasından baxıb getdi cavanlıq.
Qısa olar, uzun sürməz bilmədim,
Əkdiyini  gəlib  dərməz bilmədim, 
Peşimançılıq fayda verməz bilmədim,
Əldən verdim, çıxıb getdi cavanlıq.
Qara telin oxşamadım doyunca,
Bu dünyanı dərk eyləyib duyunca,  
Əsa verdi, eynək verdi-- oyuncaq,
Ürəyimi sıxıb getdi cavanlıq.
Dağ başında qar kimiydi ağappaq,
Mən qədrini biləmmədim,  çox nahaq,
Yaz gəlməmiş, qurtarmamış qar, sazaq, 
Suya dönüb, axıb getdi cavanlıq.
Baxıb gördü gəlir quru nəfəsim,
Yaşamağa qalmayıb ta həvəsim,
Ələ salıb, sən yat... dedi İdrisim,
Üzü üstə yıxıb getdi.
HİKMƏTƏ SƏN BAX
Qələmdə qüdrətə, hikmətə sən bax,
Yazdığı hər nə var əbədi qalar.
Yaxşı yaxşı kimi, pis də pis kimi,
Min illər keçsə də, yenə tanınar.
Olmasa  həm  yazı, həm dəftər, qələm,
Olmazdı nə Tövrat,  nə də ki, Quran.
İnsanlar  biri-birin asıb kəsərdi, 
Olmazdı hakimdən həqiqət soran.
Yoxsa kim bilərdi, sözün Allahı,
Nizami , Füzuli,  Xəqani kimdir.
Qələm olmasaydı hardan bilərdik, 
İbni Sina şair, yoxsa həkimdir.
Qələm surəsi var  Quranda hətta,
And olsun qələmə!!! söyləyir Allah. 
Quran bir öyüddür bəşərdən ötrü,
Oxuyub sirlərdən oluruq agah.
Sən də qələminə səcdə et, İdris,
Çün səni tanıdar qiyamət günü,
Nazın çək, qoru sən bir ömür boyu,  
Necə ki, qoruyur əsgər süngünü.
SANKİ GÖRÜŞÜNƏ TƏLƏSİRƏM MƏN 
Bəxtimə yazılan ömür payının,
Ana,   hər cığırı, hər yolu  yoxuş.
Sınmış yumurtanın  qiyməti qədər,
Sənsiz bu dünyanın qiyməti yoxmuş.
Sənlə bölüşdüyüm,  Sənə verdiyim,
Suallar necəsiz, niyəsiz qalıb.
O bayram havalı, o toy büsatlı, 
Palıdın kölgəsi yiyəsiz qalıb.
Təzə ev tikməyə  kərpic əvəzi,
Kədər qəlibində qəm kəsirəm mən.
Darıxır ürəyim, yaman darıxır, 
Sanki görüşünə tələsirəm mən.
Daha o həyətə gəlib gedən yox,
Qəribə mənzərə görünür indi.
Hər  cümə axşamı qəbrinin üstə,
İdris özü  tənha sürünür indi.
Oxunub: 745