dini radikalizm və ekstremizmlə mübarizə

Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycanın uğurlu inkişafını yüksək qiymətləndirir



Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in səkkiz üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan), dörd müşahidəçi üzvü (Əfqanıstan, İran, Monqolustan, Belarus) və doqquz dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Şri-Lanka, Kamboca, Nepal, Ermənistan, Misir, Qətər, Səudiyyə Ərəbistanı) var. İranın təşkilatın üzvlüyünə qəbul edilməsi, Misir, Qətər və Səudiyyə Ərəbistanının isə dialoq tərəfdaşı statusu almasına dair artıq siyasi qərarlar qəbul olunub və prosedur məsələləri tamamlanmaq üzrədir. ŞƏT-in əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir.
Azərbaycan Çin ilə Avropa arasında nəqliyyat prosesində mühüm rol oynayır və ölkəmizin nəqliyyat-logistika imkanları beynəlxalq yük daşımalarında böyük əhəmiyyətə malikdir. Azərbaycan Çindən Avropaya və əks-istiqamətdə qatarlarla və digər yükdaşımaların artırılmasını tam şəkildə dəstəkləyir. “Orta dəhliz”, “Bir kəmər, bir yol” layihələri çərçivəsində də əməkdaşlıq və tərəfdaşlıq üçün böyük perspektivlər mövcuddur. Çin də Azərbaycan vasitəsilə ixrac qabiliyyətinin daha da yüksəldilməsinə xüsusi maraq göstərir. Hazırda Çin ixrac məhsullarının Azərbaycan üzərindən daşınmasına xüsusi önəm verir. Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Avrasiyada yaranan geosiyasi vəziyyət Çin-Avropa istiqamətində yükdaşımalarda Azərbaycanın da daxil olduğu “Orta dəhliz”in, yəni Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun rolunu artırır.
Azərbaycan tarixi İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasını hər zaman fəal şəkildə dəstəkləyib. Eyni zamanda mövcud olan digər nəqliyyat dəhlizləri ilə müqayisədə Azərbaycan yüklərin məhz bizim ölkənin ərazisindən keçməklə daha əlverişli şərtlərlə qısa müddətdə və təhlükəsiz çatdırılmasını təmin edərək müxtəlif istiqamətlərdə tranzit daşımaların həcminin dəfələrlə artmasına nail olub. Belə ki, bu gün biz Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların hər il artmasını müşahidə edirik. Təsadüfi deyil ki, artıq dünyanın bir çox ölkələri tərəfindən Azərbaycanın tranzit imkanları yüksək qiymətləndirilir.
Şübhəsiz ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılması ölkəmizin həyata keçirdiyi ən mühüm və uğurlu tranzit layihələrindən biridir. Dövlət başçısı cənab İlham Əliyevin də Səmərqənd Sammitində qeyd etdiyi kimi, Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir və Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə bilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb. Azərbaycan müasir nəqliyyat və logistika infrastrukturu yaratmaqla eyni zamanda Şərq-Qərb və Şimal-Cənub dəhlizləri layihələrinin iştirakçı ölkələri arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə də şərait yaratmış olur. Beləliklə də, Azərbaycanın bir sıra hallarda təşəbbüskarı kimi çıxış etdiyi beynəlxalq nəqliyyat layihələri ölkələr və xalqlar arasında münasibətlərin inkişafına və ümumilikdə Avrasiya məkanında sülhün və təhlükəsizliyin bərqərar olması işinə xidmət edir.
Xatırladaq ki, cari ilin aprelində Çindən Xəzər dənizi və Azərbaycan üzərindən keçməklə Avropaya dəmir yolu ilə yeni yükdaşıma xidməti istifadəyə verilib. Belə ki, Çinin Şansi vilayətinin Sian şəhərindən başlayan marşrut dəmir yolu və bərələr vasitəsi ilə Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Qara dənizdən keçməklə Rumıniyanın Konstantsa limanına, oradan isə Macarıstan, Slovakiya, Çexiyadan keçərək Almaniyanın nəqliyyat qovşağı olan Manheym şəhərinədək uzanır. Təxminən 11 min 300 kilometr uzunluğu olan bu marşrut üzrə idman qurğuları və tekstil məhsulları yüklənmiş 42 konteynerdən ibarət ilk qatar bu il aprelin 13-də Siandakı beynəlxalq yük limanından yola çıxıb və nəzərdə tutulan müddətdə mənzil başına çatıb. Bu, Çin ilə Avropa arasında yüklərin daşınması üçün 2020-ci ilin dekabrında Bakı-Tiflis-Qars xətti vasitəsilə istifadəyə verilmiş Türkiyə-Çin (Sian) dəmir yolu əlaqəsinin ardından növbəti Çin-Avropa marşrutdur. Beləliklə, Çin-Azərbaycan münasibətlərinin inkişafı və yeni çalarlar əldə etməsində nəqliyyat-logistika əməkdaşlığı xüsusi rol oynayır. Ölkəmizin regionun nəqliyyat, logistika mərkəzinə çevrilməsi Çinin Azərbaycana marağını artırır. Azərbaycanın Çin ilə Avropa arasında mühüm tranzit dəhlizi rolunu oynaması üçün potensialını Pekin yüksək qiymətləndirir. Ölkəmizdən keçən yol Çin ilə Avropa arasında ən qısa yol hesab edilir. Azərbaycanda infrastrukturun yaradılması, nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində görülən çox böyük işlər də Çinin Azərbaycanla işbirliyini dərinləşdirir.

Fərid Mustafayev
YAP Yasamal rayon AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Oxunub: 238
Oxşar xəbərlər
SON XƏBƏRLƏR