dini radikalizm və ekstremizmlə mübarizə

DÜZ BİR İLDİR MİRYAVƏR MÜƏLLİMSİZİK!


Hamımızın sevimlisi Miryavər Hüseynovun ildönümünə...

... Həmişə hamının köməyinə çatardı Seyid Rəsul Hüseynov. Birinin toy etməyə imkanı olmazdısa, Seyid Rəsul kişini güman yeri bilib, qapısını döyərdi. Digərinə pul lazım olardısa, yenə Rəsul ağaya üz tutardı. Bir başqası oğul evləndirib, qız köçürmək istəyirdisə, yenə də ondan məsləhət alardı. Kimin kimlə narazı bir işi olardısa, Seyid Rəsul kişiyə müraciət edərdi. Hamı da ondan razı qalardı. Elə bil ki, Süleyman peyğəmbərin (ə) davamçısıydı Seyid Rəsul Hüseynov. Allah-təala onu Basqal camaatına yardımçı kimi göndərmişdi.
Miryavər müəllim də xasiyyətdə ona çəkmişdi. Miryavər müəllim də dini mərasimlərdə yüksək fəallıq göstərər, hətta sovet rejimi dövründə belə evində Məhərrəmliklə bağlı mərasimlər keçirər, “İmam ehsanı” verər, mərsiyə və növhələr dedizdirər, həmçinin Qurban ayında da qurbanını kəsdirərdi.
Evlərində mərsiyə deyiləndə, qəsidə oxunanda Miryavər müəllimin gözlərinin yaşı qurumazdı. Deyərdi ki, imam yolunda gözdən yaş axıtmaq bütün müsəlmalar üçün müqəddəs borc hesab olunur (Vaxtilə bizim evdə də belə mərasimlər qurulardı. Rəhmətlik atam düz 6-7 il dalbadal 10 gün keçirilmək şərtilə evimizdə mərasim süfrələri verərdi. Ağaəli babam mərsiyə deyiləndə gözlərinin yaşını saxlamaq mümkünsüz idi. Elə ürəkdən ağlayırdı ki, kənardakılar da ona qoşulardı. Uşaqlıq dövründən evimizdə keçirilən mərasimlərdə yaxından iştirak edən Miryavər müəllimin böyük oğlu Hacı İlqar bu məqamı hər dəfə elə ürək və həvəslə nəql edir ki, elə bil dünən olub.). Sonra əlavə edərdi:
- Kişi ağlamaz, onu göz yaşlarını görən övlad ürəksizböyüyər. Amma imam Hüseyn (ə) yolunda göz yaşın axırsa, övladın səni dcaha çox sevər, daha şərafətli hesab edilər.
Miryavər Hüseynovun belə ibrətamiz kəlamları indi də Basqal camaatının dilində səslənir, el məsəlinə, aforizmə çevrilir və yəqin ki, gələcək nəsillərə ötürüləcək. Ümumiyyətlə, Miryavər müəllimin məsləhət və tövsiyyələri bir çoxunun köməyinə çatıb, çətin anlarda əlindən tutub, həyatın dolanbac, qarmaqarışıq yollarından keçirib, açılmayan düyünləri açaraq çox mətləbin üstünə işıq salıb, çoxunu da Allah yoluna qaytarıb.
Basqalda bir çox ziyalının dediyi kimi, Miryavər Hüseynov məktəbi bir həyat məktəbidir. Bu məktəbi keçən hər kəs ömür yolunda büdrəməz. Neçə ki, Miryavər müəllimin övladları atalarının həyat məktəbində aldıqları təhsil hesabına şərəfli ömür yolu keçiblər.
Bu övladlardan biri də evin sonbeşiyi Zəfərdir. O, atasını böyük ehtiramla yad edir, onun xatirəsini əziz tutur, hər dəfə ondan qürurla söhbət açır:
- Atam kimlə həmsöhbət olurdusa-olsun, nitq qabiliyyətinə, şirin söhbətlərinə aforizmlərdən, atalar sözərindən ustalıqla, yerli-yerində istifadə etəmək bacarığına heyran kəsilirdi. Onun ifadələrinin məntiqə əsaslanması, sözü iləəməlinin üst-üstə düşməsi, dərin, hikmətamiz sözlərdən istifadəetməklə adamı inandırması doğrudan da fəlsəfi biliyə malik insanlara xas xüsiyyətlərdəndir. O, adamı özünə yaxınlaşdırmağı çox gözəl bacarırdı. Çünki bunu sadəcə öz əməlləri ilə edirdi. Onunla təmasda olmaq hamını xoşhal edirdi – yadları da, qohumları da.
Atam “Qurani-Kərim”dən seçmələr gətirər, olmuş rəvayətlərə istinad edər, sayılıb-seçilən ağsaqqalların söylədikləri həqiqətə söykənərdi...
Lap gəncliyində atasını itirmiş Miryavər Hüseynov taleyindən, Allahından çox razı idi. Həyat ona çox şey bəxş etmişdi: qardaş, bacı, oğul, uşaq, ad-san, mal-mülk, şan-şöhrət, başlıcası isə, elə məhəbbəti. Deyərdi ki, bəxtim çox gözəldir: “Qara daş üstünə getsəm, qızıla dönər”.
Haşiyə: Xeyli vaxt olardı ki, onunçün şəhər büsbütün boşalmışdı; adamlarıyla, telefonlarıyla, maşınlarıyla... Xeyli vaxt olardı ki, qaranlıq, ümidsiz günlərinə söykənəcək olan kimsəsiz şəhəri dolaşırdı. Dan yeri ağarmamış qalхır, qaş qaralanacan şəhərin küçələri boyu aşağı-yuхarı gəzir, camaatın gur yerində dayanıb gələn-gedənə tamaşa edirdi. Yoldan ötənlər bu nimdaş paltarlı cavan oğlana diqqətlə baxırdı. Bu vəziyyətdən utanan 9-10 yaşlı Miryavər Hüseynov başqa bir yerə üz tutur, özü də hiss etmədən əlindəki papağını başına qoyaraq gəliş-gedişin seyrək olduğu səmirsiz küçələrə çəkilir, boş skamyadamı, daldada-bucaqdamı bir yer tapıb otururdu. Otururdu və uşaq qəlbində keçmişə aparan yolun qatı qaranlığı pərdəsayaq gözlərinə çöküb dünyanı ondan gizləyirdi. Belə çağlarında kölgə kimi yanından sürünüb keçən insanları görməzdi; ona elə gələrdi ki, bu şəhərdə insan yaşamır və o, insansız şəhərin yeganə sakinidi. Çəkilmiş papiros kötükləri kimi gərəksiz günlər…
Ömründən ötən bu illər uşaq təfəkküründə ona elə qısa görünürdü ki, sanki aradan olsa-olsa, çox qısa müddət keçmişdi. Bu illərin sovuşduğu qışın sazağında kim bilir neçə dəfə qovrulmağıyla yadında qalmışdı. İllər ona kim olduğunu, neylədiyini, həyatının məqsədini, boyunu-buхununu uşaqlıqda belə unutdurmuşdu. Bu şəhərə necə düşdüyünü, kimliyini atası Seyid Rəsuldan və özündən savayı heç kəs bilmirdi... …Böyür-başından ötüb keçən insanların ayaqları altında tapdanan suyun, qarın soyuğu iynə kimi ürəyinə sancılırdı. Qəlbində bu kirli qarın, suyun içində yıхılıb ölmək qorхusu gəzirdi. Düşünürdü, özü, öz taleyi barədə düşünürdü, çünki indi düşünməyə özgə bir şey qalmamışdı və düşündükcə yadından - İnsan dənizi yaddaşından yaşadığı ömrün, yaşadığı günlərin pərakəndə lövhələri keçib gedirdi. Zamanmı unutdurmuşdu, yaddaşımı korşalmışdı, nədənsə olub keçənləri bütöv halda hafizəsində oyandıra bilmirdi.
Elə bil küləyin qabağında lüt-üryan dayanmışdı, əynində paltar, bürünəcək deyilən şey yoх idi. Dənizin nəmişli küləyi içərisinə dolur, ovcunda tutduğu papağının dözülməz soyuğuna qarışaraq iliklərinəcən işləyirdi. Amma onu üşüdən təkcə bunlar deyildi, yaddaşının dərinliklərindən yel kimi əsib keçən uşaqlıq хatirələrinin, düşündüklərinin bumbuz soyuğuydu. Uşaq beynində dolaşan fikirlərin səsi qulaqlarında idi. Qorхurdu ki, bu az müddətdə sirrə, tilsimə dönüb onu özünə bağlayan bu şəhərdən ayrıla bilməsin və yaşadığı bu ömür bəхt kimi, qismət kimi alnına, taleyinə yazılmış olsun. Şəhərə gəldiyi ilk günlərdə bu şəhərdən biryolluq çıхıb getmək üçün bütün günü fikirləşir, götür-qoy edirdi. Atasının verdiyi, hətta anası Sona nənənin gizlicə cibinə qoyduğu pulu boğazından kəsə-kəsə neçə dəfə yolpulu eləmək istəmişdi, amma burada tanış olduğu yaşıdları bir bəhanə ilə qaytarmaq şərtilə ondan istəmişdilər. Az qalırdı nəfəsi tıxansın, ürəyi dayansın belə vəziyyətlərdə, o öz dünyasının dərdlərini unutmaq istəmişdi. Və dünyanın dərdlərini unutmaq istəyəndə elə bilmişdi ki, bir daha o dünyaya qayıtmayacaq, hər şeyi, hər şeyi asanca unudacaq, bu günlərin müvəqqəti olacağına aldanıb ömrü boyu хumarlanacaq. Beləcə hər şey təkrarlana-təkrarlana, burada qaldığı müddət yarpaq kimi ömründən tökülmüşdü və bir gün dərk elədi ki, daha heç vaхt o yolpulunu yığa bilməyəcək.
Bakıda qalıb-qalmamaq havası əslində atasını da rahat buraxmırdı, gündəlik problemlər haçansa onu sıxan bu məkandan çıхıb getmək ümidini birdəfəlik əlindən alırdı. Hərdən bu sıxıntıları göz önünə gətirib kövrələndə şəhərin dənizkənarı bulvarına gedir, dərdlərini dumduru sulara, ləpələrə söyləyirdi. Ona elə gəlirdi ki, təkcə ümidlərini yoх, bütün vücudunu bu sularda dəfn eləyiblər. Burada oturan o – insan deyil, ruhdu, kölgədi, хəyaldı, indicə uçub havayamı, küləyəmi, səmayamı qarışıb itəcək. Əbədi qalan varsa, yalnız torpaqdı, bu tənha dənizdi, torpağa qarışmaqda olan bir əlcə ət parçasıdı. İndi bu özü kimi tənha dənizi kimin ümidinə qoyub gedəcəkdi...
Bu şəhərdə istəməyə-istəməyə yaşamışdı...yoх... yoх, yaşamağa məhkum olunmuşdu. Bu şəhər səbrini, dözümünü, yaşamaq ehtirasını, dünyanın isti, işıqlı günlərinə olan ümidini birdəfəlik əlindən almış, onu hər şeyə kor və biganə eləmişdi. O bütün bunları istəməyə-istəməyə qazanmışdı. Həyat uşaq ikən, hələ həyatı elə də yaxşı dərk etmədən özünün sərt, amansız oyunuyla ona çox şey öyrətmişdi. Bu neçə müddətdə qazandıqları хasiyyətinə keçmişdi, qanına işləmişdi, yaddaşına hopmuşdu. Əvvəllər elə bilirdi ki, bir zaman keçəndən sonra bu şəhərə öyrəşəcək, adamlara alışacaq, daha doğma torpaq, doğma yurd yadına düşməyəcək. Ancaq gözlədiyi kimi olmadı, bu yad şəhər onu əyib sındırsa da, özünə bağlaya bilmədi. Adamlarını, daşını-divarını əzbər tanısa da, alışammadı, uyuşammadı, yad olaraq qaldı. Bəlkə də şəhərə alışsaydı, qat-qat asan keçərdi onunçün. Hardasa, qısa bir müddətə də olsa, olub keçənləri unudardı, unuda bilərdi. Bəlkə bu yad şəhərə, yad insanlara bir zaman sonra ögey gözlə baхmazdı, özünü qərib sanmazdı. Amma neyləsin ki... bunu bacarmadı. Ona qənim kəsilmiş taleyin sərt, dolanbac gərdişindən heç cür yaхasını kənara çəkə bilmədi ki, bilmədi. Gecəli-gündüzlü ha fikirləşib çək-çevir elədisə, həyatını istədiyi aхara, məcraya salammadı, işıqlı bildiyi səmtə yönəldəmmədi. Üz tutduğu yön divara, səddə dönüb önündə bitdi. Həyat onu başı gic əllənincəyə qədər fırladı. Heç imkan tapa bilmədi ki, böyür-başına baхsın, olduğu məkanlarda ğunu, taleyin hara sürüklədiyini dərk eləsin. Bu yad şəhərdə təkcə dözməyə, dərdlərin kimsəyə yox, dənizə danışmağa vərdiş elədi. Çünki onun üçün ən təmiz və pak məkan məhz dəniz idi, onun suları, ləpələri idi...
Düşüncələri, хatirələri də yadlaşmışdı, keçmişi də yadlaşmışdı ona. Ömründən yarpaq-yarpaq qopub düşən günlər bir daha yaşadığı illərə qayıda bilmirdi. O, keçmişindən ayrılmış, yaddaşından ayrılmışdı. Onu İnsan dənizi yaddaşına, keçmişinə bağlayan tellər o qədər nazilmişdi ki, buna özünün də inanmağı gəlmirdi. İndi bu aydınlıq içərisində birdən-birə hiss eləyirdi ki, dönüb ayrı adam olmaq istəyir, arхada qoyub gəldiyi ömrə zərrəcə bənzəməyən tamam özgə bir ömür yaşamaq istəyir. Elə bu uşaq yaşındaca həyatın məngənəsində elə sıхılmışdı ki, özü-özünün varlığına şübhə eləyirdi. Bu qədər arzularının, ümidlərinin puç olub getdiyinə inanmırdı. Ömrünün zillət içərisində keçən bu illəri arzu və ümidlərini necə də amansızcasına qoparıb almışdı. Nəyi harda itirdiyini özü də bilmirdi. O zaman ayıldı ki, bir can, bir quru cəsəddi, yeriyən meyitdi, qəbirdi. Hayana getdiyinin fərqində olmayan, məqsədsiz-məramsız bir kölgə, bir nəfəs...
Bu neçə ilin dolaylarında necə əyildi, necə sındı, necə təslim oldu, bilmirdi. Zamanın gərdişləri onu taleyinin quluna, köləsinə çevirmişdisə, indi nə edir-etsin, çətin ki, bu boyunduruqdan qurtula, хilas ola...
İnsanı idarə eləyən nədi? O hansı səsdən tutub gedir? Həyatını başqa cür qura bilməzdimi? Nə üçün bu yolu seçdi...
Özümü seçdi bu yolu?.. O ki belə həyatı qətiyyən istəmirdi... Səbrin, dözümün də bir həddi-hüdudu olmalıydı aхı... Bəlkə də hansısa hadisə qaçılmazdı, taledi, qəzavü-qədərdi... Bəs aхı, o sıxıntılı məqamlardan sonra taleyin amansız oyunundan gözlənilməz şəkildə çıхa bilmişdi. Bu cür əzab-əziyyətdən sonra niyə təslim olmuş, niyə özünü taleyin iхtiyarına buraхmışdı?.. Heç olmasa, bir az başqa cür, indikindən fərqli yaşaya bilərdi ki... Ancaq həyat onun istəyi iləmi hərəkət eləyirdi? Eləcə zamanın təkəri fırlanır, həyatın məcrası, aхını onu öz qoynuna alıb aparırdı. Elə sürətlə aparırdı ki, bir anlıq fikirləşməyə, hadisələri ölçüb-biçməyə vaхt, imkan tapmırdı. Ən dəhşətlisi bu idi ki, özünün dözümünə, səbrinə heyrət eləyirdi. Necə olmuşdu ki, istəməyə-istəməyə bu illəri yaşamışdı...
Günlər qar dənələri kimi hiss olunmadan əriyib gedirdi. Əgər istədiyin kimi yaşaya bilmirsənsə, qismətin müti köləsinə dönüb bircə dəfə yaşayacağın ömrü necə gəldi хərcləməyə məcbur olmusansa, ona həyat demək olarmı, ömür demək olarmı? Bəlkə belə yaşamaqdansa, taleyə boyun əyib ölümü intiхab eləsəydi, daha şərəfli olardı. «Ah, şərəf!». Bu sözün nə olduğunu unutmuşdu, özü də duymadan, hiss eləmədən, körpəlikdə gördüyü yuхu kimi unutmuşdu...
Bu bir ziyalının uşaq ömürlüyündə sıxıntılı yaşantıları idi. Yaxşı ki bu vəziyyətdən çıxa bilmiş, şəhərdən kəndə dönmüşdü. Atası Basqalı ona təklif edəndə sevinci yerə-göyə sığmırdı. Çünki illərlə darıxdığı bacılarının yanına gedəcək, anasının, bacılarının iyini canlı-canlı alacaqdı.
Kəndə dönəndən sonra Miryavər Hüseynov orta məktəbdə təhsilini davam etdirdi, məktəbin ən fəal şagirdinə çevrildi. O, sübut elədi ki, onu oxumağa qoymayan şəhər mühiti imiş. İllər keçəndən, ağla, kamala dolandan və həyatı dərk edib özünü təsdiq edəndən sonra onu arayıb-axtardılar. Maraqlıdır, görən kimlər idi... Onların arasında alimlər, şairlər, dövlət xadimləri, məsul işçilər, sənətkarlar, müxtəlif peşə sahibləri olurdu. Övladlarının söylədiklərinə görə, vaxtilə Azərbaycanın ilk Dövlət katibi olmuş akademik Tofiq İsmayılov, Sovet İttifaqı Qəhrəmanı akademik Ziya Bünyadov, Xalq yazıçıları Əbülhəsən Ələkbərzadə, Rüstəm İbrahimbəyov, Xalq şairləri Sabir Rüstəmxanlı, Musa Yaqub, Zəlimxan Yaqub, yazıçı, kinodramaturq Fərman Kərimzadə, İsgəndər Etibar, neçə-neçə Xalq artisti, kino və teatr xadimləri, müxtəlif peşə sahibləri ilə onu xüsusi tellər bağlayırdı. Onlardan bəziləri ilə söhbətdən həmişə ləzzət alarmış...
Yazıçı Fərman Kərimadə ilə görüşlərini heç vaxt unutmurdu. Mərhum yazıçının qızı Yeganə Kərimzadə ilə bir dəfə söhbətimizin üstünə Miryavər müəllimin böyük oğlu Hacı İlqar da gəlib çıxmışdı. O, təsdiq edirdi ki, Fərman müəllimin gəncliyinə baxmayaraq, istedadlı, geniş təfəkkürə malik, hər sözü ölçülü-biçili danışan olmasına vurulub, ağsaqqalların və ziyalıların iştirak etdikləri məclislərə onu dəvət edib, daim onunla əlaqə saxlayıb. Fərman müəllim təbiətə bağlı, vurğun olduğu üçün Miryavər müəllim onu Basqalın, qonşu kəndlərin, eləcə də İsmayıllının görməli, gəzməli yerləri ilə tanış edib, yazıçının yaddaşında müxtəlif təəssüratlar yaradıb, yaşadıb.
Həyat yoldaşı Pərvizə xala deyir ki, evlərində kimlər olmayıb, kimlər bu ocaqda Miryavər müəllimlə çörək kəsməyib? Saysız-hesab olduğu üçün və həmçinin yaddaşı imkan vermədiyi üçün adları çəkməkdə acizdir. O deyir ki, Miryavər müəllim (onu evdə də belə çağırırmış) çox sağlam idi. Ayrı-ayrı illərdə əməliyyat keçirtsə də, son bir neçə ilədək sağlamlığından şikayətlənmirdi, Təkcə qocalığı dilinə gətirirdi. Yediyi təamlar da, yeməklər də normal idi, Pərvizə xalanın əlindən çıxırdı. Pərvizə xalanın hazırlamadığını eşidəndə pərişan olurdu.
Hər səhər tezdən yuxudan oyanır, ibadət vaxtı namazını qılır, sonra həyətə gəzintiyə çıxırdı. Həyətdə atasının Daşkənddən gətirdiyi güllərə həvəslə qulluq edir, onları övladı kimi bəsləyirdi. Deyirdi ki, atam yadigarıdır. Onu da deyirdi ki, səhər mehi ən gözəl dərmandı, ciyəri tərtəmiz edir. Bu, artıq vərdiş halını almışdı...
Övladları söyləyirlər ki, Miryavər müəllim uzun müddət sanatoriyaya gedir, orada müalicələr alaraq sağlamlığının qayğısına qalırdı. Vaxtilə Miryavər müəllimlə 82 illik uşaqlıq dostu rəhmətlik atam Əjdər Tağıyev və həyatdan erkən köçmüş Abduləli Ağayevlə keçmiş SSRİ-nin müxtəlif şəhərlərinə səfər edir, ayr-ayrı sanatoriyalarda müalicə alırdılar. Əsas getdikləri məkan isə ən məşhur kururt şəhəri Truskovets idi. Bilirdilər ki, bura çox gözəl yerdir, elə Basqala oxşayır.
Onlar artıq bu işi hər il davam etdirirdilər. O qədər öyrəşmişdilər ki, bircə il getməyəndə darıxırdılar, həm də müalicələrinin səmərəliliyi, effekti azalırdı.
Atam söyləyirdi ki, üçünün də dostluğu macərasız keçməzdi. Bir dəfə axşam naharında restotanlardan birinə qonaq olurlar. Miryavər müəllimlə atam tez oturduqları üçün sözləşiblər ki, Abduləli əmiyə sürpriz hazırlasınlar. Abduləli əmi təzəcə əyləşmişdi ki, stol yellənməyə başlayır. Heç nədən xəbəri olmayan Abduləli əmi deyir ki, vay dədəm vay, zəlzələ başladı ki...
Atamla Miryavər müəllim özlərini o yerə qoymurlar. Abduləli əmi tez tavana baxır, görür ki, çılçıraq yerindədir, tərpənmir. Üzünü yenidən hər ikisinə tutub soruşur: - Necə olur göydəki tərpənmir, amma yerdəki tərpənir? Bu vaxt atam da, Miryavər müəllim də gülüşür. Bu iki dostun əməlindən xəbər tutan Abduləli əmi də onlara qoşulur.
Atam da, Miryavər müəllim də deyirdi ki, Truskovets çox gözəl şəhərdir. Bütünlüklə meşəlikdə inşa edilmiş bu şəhərdə onlarla sanatoriiya var. Böyrək, mədə-bağırsaq, ürək-damar xəstəliklərinin mülicəsi üçün burada çox yaxşı şərait olub. Çoxlu bulaqlar da mövcuddur. Böyük bir dairədə bulaqlardan axan suyun hərəsi bir dərdin dərmanıdır. Əsas park komleksi – gəzinti sahəsi də məhz bu hövzənin ətrafındadır.
İnandırım, onların maraqlı fotoşəkilləri var, hərəsi bir xatirədir, sanki dil açıb danışmaq istəyir. Keçmiş SSRİ-nin müxtəlif şəhərlərindən gələn hər kəslə tanışlıqları son dövrlərədək hamısının yaddaşında ilişib qalmışdı. Hər dəfə bu üç dost o yerlərin cazibədarlığından, insanlarının xoş rəftarından, qonaqpərvərliyindən, düzgünlüyündən, eləcə də özlərinin macəralarından, keçirdikləri səmərəli vaxtdan həvəslə danışanda mən də maraqla diqqət kəsilərdim. Atama dedim ki, nə olar, məni də bir dəfə özünüzlə aparın. Bu isə mümkünsüz idi. Çünki mən məktəbli idim. Onlar da elə vaxtlarda gedirdilər ki, mənim dərslərim hələ gedirdi, tətilə buraxılmaq ərəfəsindəydim. Amma sonrakı illərdə eşitdim ki, Abduləli əminin böyük oğlu Elzar onlarla gedibmiş...
Bu üç dostun övladları onlar üçün möhkəm darıxır, onların nə vaxt gələcəklərini səbirsizlə gözləyirdilər. Bu da səbəbsiz deyildi. Müalicədən qayıdan atalarımız bizi gətirdikləri müxtəlif yaraşıqlı geyim əşyaları, eləcə də suvenirlərlə sevindirirdilər. Bütün bunlar mənim uşaqlıq yaddaşıma hopub qalıb...

Əvvəli və sonu “Basqalın Miryavər abidəsi” kitabında
Daşdəmir ƏJDƏROĞLU

Oxunub: 1 088
Oxşar xəbərlər
SON XƏBƏRLƏR