Avropa İttifaqı Rusiyanın Ukraynaya müdaxiləsinə görə ona qarşı səkkizinci sanksiyalar paketini hazırlayacaq.
Bunu Avropa İttifaqının Ukraynadakı nümayəndəliyinin rəhbəri Matti Maasikas "Birgə biz Avropayıq" kommunikasiya kampaniyasının açılışı münasibətilə keçirilən mətbuat konfransında deyib.
"Avropa İttifaqının artıq qəbul edilmiş bütün sanksiyaları daim nəzarətdə saxlanılır, onların effektivliyi hər hansı boşluqların olub-olmaması və ya təkmilləşdirilməsi imkanları baxımından təhlil edilir. Bu proses hər gün davam edir. Düşünmürəm ki, hazırda Brüsseldə çox gərgin dövrdür, lakin bu, daha çox sanksiyalar tələb edən üzv dövlətlərdə olduğu kimi davam edir. Aİ qurumları bunu nəzərə almalıdır və onlar bunu edirlər”, - deyə o bildirib.
Aİ səfiri yeni sanksiyalar paketinin nə vaxt tətbiq ediləcəyini dəqiqləşdirməyib.
"Bu barədə sizə hər hansı təfərrüat verə bilmərəm - bunun nə vaxt və necə olacağı, amma əminəm ki, bu (səkkizinci sanksiyalar paketi. - Red.) gözləməyə dəyər. Bu da olacaq", - səfir Aİ-nin səkkizinci sanksiyalar paketi üzərində işə başlayıb-başlamaması və bunun nə qədər sərt ola biləcəyi ilə bağlı suala cavabında bildirib.
Xatırladaq ki, iyulun sonunda Avropa İttifaqı Rusiyanın Ukraynaya müdaxiləsinə görə ona qarşı yeddinci sanksiyalar paketini təsdiqləyib. Məhdudiyyətlər Rusiyadan qızıl və zərgərlik məmulatlarının ixracına qadağa və "Sberbank"ın Avropadakı aktivlərinin bloklanması ilə bağlıdır. Sanksiyalar həmçinin 50-dən çox hüquqi və fiziki şəxsə qarşı yeni ixrac nəzarət tədbirləri və məhdudiyyətləri əhatə edir.
Oxunub: 319