dini radikalizm və ekstremizmlə mübarizə

"Müəyyən insanların ciblərini güdən verilişlərə son qoyulmalıdır" - Əməkdar jurnalist


“Ölkəmizdə baş verən yenilik və inkişafla yanaşı son illər ərzində Azərbaycan televiziya məkanında neqativ hallar kəskin xarakter daşıyır ki, bu da cəmiyyətimizi sarsıtmaqdadır”.

Djb.az xəbər verir ki, konkret.az-a bu barədə tanınmış televiziyaçı, əməkdar jurnalist Rəşad Nəsirov acıqlama verib.

Onun fikrincə, televiziya kanallarında yayımlanan bayağı, geridəqalmış, yalnız korporativ maraqlar və müəyyən insanların ciblərini güdən verilişlərə son qoyulmalıdır:

“Bir neçə il bundan əvvəl dövlət başçısının tövsiyəsi ilə televiziya kanallarında və digər media qurumlarında bədii şuralar yaradıldı. Bu şuraların da əsas məqsədi efirə hazırlanaraq yayımlanan verilişlərin həm məzmun, həm keyfiyyət, həm də vizual baxımdan qüsurlarının aşkarlanması və aradan qaldırılması idi ki, Azərbaycan tamaşaçısı yüksək keyfiyyətli, maraqlı verilişləri mavi ekranlardan seyr edə bilsin. Amma əfsuslar olsun ki, ziyalılarımızdan, tanınmış ictimai xadimlərimizdən, televiziya mütəxəssislərindən ibarət olan şuraların fəaliyyəti nədənsə dayandırıldı. Aydın məsələdir ki, bu gün telekanallar həm də tamaşaçının zövqünü formalaşdırır, dünya görüşünü artırır, məlumatlandırır.

Bəs görəsən, bəzi kanallarda yayımlanan adət və ənənələrimizə zidd, böyüyə-kiçiyə hörmət qoymayan, tərbiyəsiz, cəmiyyətimizdə ailə institutunu dağıtmağa yönələn, efirə çağırılan qonaqları təhqir edən bu verilişlər tamaşaçıya lazımdırmı? Əlbətdə ki, yox. Aydın məsələdir ki, ailələrdə müəyyən problemlər, qaynana-gəlin, qaynata-kürəkən və digər bu kimi məişət məsələləri yaşana bilər, ancaq bu adətən fərdi xarakter daşıyır. Nə səbəbdən həmin insanlar efirə çağırılır və onların kiçik məsələsi ictimailəşir və milyonlarla tamaşaçıya nümayiş etdirilir ki, sən demə, ailələrdə elə belə qalmaqal içində yaşamaq indi dəbdədir.

Bu verilişlər və aparıcılar qəsdən Azərbaycan cəmiyyətinin təfəkkürünü pozur, insanları cahilliyə sürükləyir. Deyəcəksiniz ki, bəs məqsəd nədir? Məqsəddə ki, ucuz, populist şan-şöhrət və ən əsası, gəlir əldə etməkdir. Yüksək səviyyəli, intellektual, vizual baxımdan mükəmməl proqramların hazırlanması üçün böyük əmək və bacarıq lazımdır ki, bu da efir məkanını şəxsi biznes meydanına çevirən və kanal rəhbərləri ilə iki pillə ucadan danışan bəzi “aparıcılar”ımıza ziddir.

Söhbət təkcə bu qalmaqal xarakterli verilişlərdən getmir, kanallarda yayımlanan seriallar da bərbad vəziyyətdədir. Məzmunsuz, mənasız, ssenarisi plintusdan aşağı səviyyədə yazılan və sadəcə sponsor reklamına tuşlanan bu seriallar, görəsən, tamaşaçıya nə verir?..

Yaxın keçmişə nəzər salsaq, Azərbaycan televiziyasının istehsalı olan “Evləri köndələn yar”, “Ordan-burdan”, “Göz həkimi” və digər bu kimi televiziya tamaşalarını yəqin ki, xatırlayırsınız. Bu əsərlər bu gün də televiziya məkanımızın bəzəyidir. Adətən bayram günlərində illərdən bəri yenidən təkrarən efirə təqdim edilir və yenə də tamaşaçı tərəfindən sevilir və baxılır.

Çünki bu tamaşalarda pozitivlik var, həyat sevgisi, ən əsası müsbət nəticə var. Düşünürəm ki, bu məsələ də tez bir zamanda öz həllini tapacaq və bütün sahələrdə olduğu kimi televiziya məkanında da islahatlara start veriləcək”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR