dini radikalizm və ekstremizmlə mübarizə

"Bu gün Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması real deyil" – ÖZƏL


Ukraynada işğalçı müharibə aparan Rusiyanın hərbi gücü tükənmək üzrədir. Rusiyanın Suriyadakı qoşunlarını çıxararaq Ukraynaya cəlb etməsi haqda səsləndirilən fikirlər bu iddiaları daha da gücləndirir. Kremlin hərbi gücünün zəiflədiyi, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının getdiyi bir vaxtda Qarabağda müvəqqəti olaraq yerləşdirilən sülhməramlıların taleyi hər kəsi düşündürür.

Maraqlıdır, yaranan geosiyasi reallıqlar fonunda Qarabağda yerləşdirilən sülhməramlılar oradan çıxarıla bilərmi?

Djb.az xəbər verir k, mövzu ilə bağlı konkret.az-a danışan politoloq Yusif Bağırzadə bildirib ki, Putin digər ölkələrdə olan güclərini Qərbə yönəltmək istəyir:

“Rusiya sülhməramlı qüvvələri tərəflərin razılığı ilə o əraziyə yerləşdirilib. Bu barədə 10 noyabr bəyanatında ayrıca bənd var. Sülhməramlıların beş il müddətinə Qarabağda qalması nəzərdə tutulub. Əgər tərəflərdən biri bu müddəti artırmaq istəməsə, rus qoşunları oradan çıxarılacaq. Ukraynada müharibənin başladığı ilk günlərdə Laçın dəhlizində yerləşdirilən sülhməramlıların bir qismi Ukraynaya göndərilmişdi. Onlardan bəziləri hətta döyüşlərdə həlak olub. Ukrayna mətbuatında bu haqda yazılar dərc olunub. İndi Rusiyaya hərbi qüvvə lazımdır. Ona görə də Putin digər ölkələrdə olan güclərini Qərbə yönəltmək istəyir”.

Politoloqun fikrincə, indiki məqamda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması real deyil:

“Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilən görüşdən sonra Azərbaycanla Ermənistan arasında münasibətlərdə canlanma müşahidə olunur. Azərbaycan müstəqil dövlətdir və Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevdir. Ermənistan ordusunda isə Sarkisyan və Koçaryanın vaxtında orduya cəlb olunan komandir və zabitlər var. Bu hərbçilər Paşinyana tabe deyil və özbaşına hərəkət edirlər. Bu gün Azərbaycan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Sərhədlərin delimitasiya və demarkasiyasından sonra Qarabağda sülhməramlılara ehtiyac qalmayacaq. Bu mənada gələcəkdə sülhməramlılar oradan göndərilə bilər. Lakin indiki halda sülhməramlıların oradan çıxarılması real deyil. Çünki Rusiya Qarabağdan asanlıqla çıxmaq istəməyəcək. Sülh müqaviləsi imzalandıqdan sonra belə Qarabağda təxribatlar ola bilər. Həmçinin, Ermənistanda da Paşinyana tabe olmayan hərbi birləşmələr müxtəlif təxribatlara əl ata bilər”.

Oxunub: 657
Oxşar xəbərlər
SON XƏBƏRLƏR