dini radikalizm və ekstremizmlə mübarizə

“Aprel döyüşlərində qaynım, Vətən müharibəsində isə qardaşım şəhid oldu...”

“Aprel döyüşlərində qaynım, Vətən müharibəsində isə qardaşım şəhid oldu...”

“2016-cı il Şanlı aprel döyüşlərindən üç gün əvvəl qaynım Baş-leytenant Qabil Orucəliyevin oğlu dünyaya gəldi. Onda məzuniyyətə çıxıb Naxçıvana gəlməli idi. Elə oldu ki, o, aprel döyüşlərinə qatıldı. Əslində məzuniyyəti bir neçə gün əvvəl almalıydı və sadəcə dedi ki, uşaq xəstəxanadan evə gətirildikdən sonra evə gəlim ki, uşağın yanında ola bilim”

Djb.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Vətən müharibəsi şəhidi mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu deyib. Şəhid qardaşı ilk öncə şəhid qaynından danışıb:

“Döyüş başlayandan sonra Qabildən xəbər olmadı və onda qardaşım Vüsal da döyüşdə idi. Ailəmiz onların hər ikisinə görə narahat idi. Aprelin 6-da isə sosial şəbəkələrdə Qabilin şəklini gördüm. Bunu ermənilər paylaşmışdı. Orda bir neçə şəhidlərimizin də meyitləri var idi. Onda bunu araşdırdıq və məlum oldu ki, Qabilgil şəhid olub və nəşləri düşmən tərəfdə qalıb. Səkkiz gündən sonra onun nəşini verdilər və Naxçıvanda dəfn olundu. İndi Qabilin oğlu atasının adını daşıyır. Uşaq özünə oxşayır. Ailənin yeganə təsəllisi odur ki, Qabilin yadigarı qalıb”.

Elyar İslamoğlu qardaşının da arzularının yarımçıq qaldığını və bu itkiyə atasının da dözməyərək dünyasını dəyişdiyini bildirib:

“Qardaşım Vüsal Vəliyev isə aprel döyüşlərindən çox uğurla qayıtmışdı. Biz onda çox narahat idik. Qabilin şəhid olduğunu biləndən sonra da Vüsaldan xəbər yox idi, amma özü sonra evlə əlaqə saxladı. Biz onun uğurlarına görə sevindik. Aprel döyüşləri vaxtı Vüsal Tovuz-Qazax istiqamətində xidmət edirdi və döyüşə də ordan getmişdi. Sonra Murovdağa göndərildi və bizə demişdi ki, Göygöldə xidmət edirəm. Murovda olduğunu gizlətmişdi. Biz də sevinmişdik ki, Vüsalın rahat günləri başlayır. Çünki o, Beyləqanda, Füzulidə, Ağdamda, Tərtərdə, Tovuz və Qazaxda olanda da döyüş bölgəsində xidmət edirdi.

Sentyabrın 27-də Murovdağ istiqamətində onun döyüşü başlamışdı və yüksəkliklərin alınması Vüsalın əmri altında olmuşdu, çünki o, “Həmlə” taborunun komandiri idi. Oktyabrın 2-də yaralanıb və təklif ediblər ki, döyüşdən çıxsın, amma bunu qəbul etməmişdi. Ondan sonra döyüşləri davam etdi və qəfildən bizim əlaqələrimiz kəsildi. Daha sonra Vüsalın itkin xəbəri yayıldı və atam bu xəbəri eşidən kimi dünyasını dəyişdi. Məlum oldu ki, Vüsal noyabrın 9-da Şuşada şəhid olub. Şuşa işğaldan azad edildikdən sonra şəhər düşmən tərəfindən güclü artilleriya atəşinə tutulmuşdu və Vüsal da onda şəhid olmuşdu. Dekabrın 14-də Vüsalı Naxçıvanda Şərur rayonunda Şəhidlər Xiyabanında dəfn etdik.

Vüsal nişanlı idi, amma dəfələrlə desək də toyunu edə bilmirdik. Bir dəfə toy gününü təyin etdik aprel döyüşləri başladı. Daha sonra Tovuz döyüşləri başladı. Döyüşdən sonra onun toyunu etmək istəsək də qoymurdu, şəhid dostlarının ildönümünü gözləyirdi. Onun toyu hər dəfə belə təxirə düşdü və biz onun toyunu edə bilmədik. Qaynım Qabil Baş-leytenant, qardaşım Vüsal isə mayor idi. İndi hər ikisinin fəxrediləsi adı qalıb. Biz onlarla qürur duyuruq, fəxr edirik ki, bizim elə yaxınlarımız, doğmalarımız olub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məkanları nurla dolsun. Onsuz da şəhidlər ölmür. Bizdən sonra gələnlər də onları yaşadacaq. Sizlərə də təşəkkür edirəm ki, şəhidlərimiz haqda belə yazılar hazırlayırsınız. Bu müqəddəs missiyanıza görə şəhid ailəsi adından sizə minnətdaram. Hər adam bunu etmək istəməz. Çünki çətin, ağır mövuzudur, buna dözmək olmur”.

Oxunub: 362
Oxşar xəbərlər
SON XƏBƏRLƏR