dini radikalizm və ekstremizmlə mübarizə

31 Mart - Bəşər tarixinin ən qanlı faciəsi

31 Mart - Bəşər tarixinin ən qanlı faciəsi

1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Şəhərin böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi. Tariximizə nəzər salanda erməni vəhşiliyinin yeni-yeni tükürpədən səhnələri üzə çıxır. Son vaxtlar məlumatların dəqiqləşdirilməsi istiqamətində axtarışlar genişləndirilir.

Təkzibolunmaz arxiv sənədləri, soyqırımlarını təsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlanır. Ən dəhşətli olaylar isə 1918-ci ilin mart ayının 30-31-i və aprel ayının ilk günlərində Bakıda baş verdi. Bakıda soyqırımı planı hələ 1917-ci ildə “Daşnaksütyun” partiyası və Erməni Milli Komitəsi tərəfindən hazırlanırdı. Onlar dəfələrlə müsəlmanları bolşeviklərə qarşı silahlı çıxışa təhrik etməyə cəhd göstərirdilər. Fitnəkarlıq yalnız 1917-ci ilin dekabrında Rusiya Xalq Komissarları Sovetinin sədri V.İ.Leninin S.Şaumyanı Qafqazın fövqəladə komissarı təyin etdikdən sonra baş tutdu. Ermənilərin məqsədi bolşeviklərin əli ilə müsəlman əhalisini cismən məhv etmək idi. Adamların qətlə yetirilməsi və müsəlman məhəllələrinin darmadağın edilməsi mütəşəkkil erməni hərbi hissələri tərəfindən planlı surətdə həyata keçirilirdi. Bakı Sovetinin qüvvələrinə rəhbərlik edən S.Şaumyanın erməni hərbi hissələrindən istifadə etməsi bu qırğını daha da dərinləşdirmişdi. Daşnaklar müsəlman fəhlələrin orduya qəbul edilməsinə hər vasitə ilə əngəl törədirdilər. Ona görə də, Bakı Soveti, onun yaratdığı ordu əsas etibarilə ermənilərdən ibarət idi. Azğınlaşmış erməni quldurlar dinc azərbaycanlı əhalini qırıb-çatmaq üçün ən amansız üsullara əl atırdılar. Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.Y.Kluqe bu komissiyanın sədrinə ünvanladığı məruzədə yazırdı: “Yaxşı silahlanmış, təlim keçmiş erməni əsgərlər çoxlu miqdarda pulemyotların müşayiəti ilə hücum edirdilər. Ermənilər müsəlmanların evlərinə soxulur, bu evlərin sakinlərini qırır, onları qılınc və xəncərlərlə doğram-doğram və süngülərlə deşik-deşik edir, uşaqları yanan evin alovları içərisinə atır, üç-dörd günlük çağaları süngünün ucunda oynadır, öldürülən valideynlərin südəmər körpələrinə rəhm etmir, hamısını qırırdılar”.

Tarixi keçmişimizə düzgün siyasi qiymət vermək istiqamətində də ilk addımı yenə məhz Ümummilli Lider Heydər Əliyev atdı. 1997-ci il 18 dekabr tarixində imzalanmış “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərmanla tarixi həqiqətlər dünya ictimaiyyətinin nəzərinə çatdırılmış oldu. Ulu Öndərin davamçısı olan cənab Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunub. Erməni-bolşevik silahlı dəstələrinin 102 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə KİV-lərdə məqalələr dərc edilir.


Gülnarə Hənifəyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT - nin sədri
Suraxanı rayonu 316 №-li tam orta məktəbin direktoru

Oxunub: 397
Oxşar xəbərlər
SON XƏBƏRLƏR