dini radikalizm və ekstremizmlə mübarizə

Seyidbazar abidələri


1. Gəmi-təpə
2. Qədim yaşayış məskənləri
2. Nekropol (Qəbir abidələri)
Azərbaycanin cənub-şərq abidələri içərisində Cəlilabad bölgəsində yerləşən Seyidbazar (Sədə-bazar) abidələri görkəmli abidələrdən sayilir. Seyidbazar (Sədə-bazar) kəndi Cəlilabad şəhərinin cənub-qərb hissəsində, Burovar dağ silsiləsinin ətəklərində yerləşir. Kəndə daxil olarkən, kəndin cənub-qərb hissəsində möhtəşəm görüntüsü ilə ilk nəzəri cəlb edən və kəndin “tarixi simvolu” sayılan Gəmi-təpə abidəsi nəzəri cəlb edir. Bu toponim (oronim) gəmi formasında olduğuna görə, şərti olaraq xalq tərəfindən “Gəmi-təpə” adı ilə qəbul edilib.
Biz, bir neçə tarixçi, araşdırmaq məqsədilə ərazini gözdən keçirtdik. Təpənin üzərinə qalxdıq. Gəmi-təpənin cənub-qərb döşündə 0,5 ha ərazini əhatə edən və əkilmə vaxtı bilinməyən nar ağacları salınmışdı. Dağın (təpənin) üstündən ətraf ərazilər, o cümlədən Cəlilabadın mərkəzi və kəndlər çox aydın görünürdü. Tarixi təpənin hündürlüyü, təxmini götürsək, 350-400 metr, üst uzunluğu (şərqdən şimala) 300 metr, eni (cənubdan qərbə) 100-150 metr ölçüsündə idi. Təpənin qərb zirvəsində 2-3 yerdə nəhəng daşlar görünürdü. Hər tərəfi diqqətlə nəzərdən keçirtdikdən sonra, məlum oldu ki, bu daşlar bu təpəyə sonradan gətirilib. Yəni araşdırmamıza görə, təpənin üst tərəfi tökmə torpağa oxşayır. Böyür-başında vəhşi heyvanların qazdığı yuvaları da nəzərdən keçirtdikdə daş əlamətləri görmədik. Bəs, bir ədədinin çəkisi 300-400 kq-a yaxın olan bu daşlar 350-400 metr hündürlüyə necə qaldırılıb? Torpağın üstündə qoyulan bu daşlar hansı məqsəd üçün burada yerləşdirilib? Artıq bu arxeoloqların işidir. Amma arxeoloqlardan öncə, daşların ətrafına müdaxilə olunması özün göstərir. Hiss olunur ki, daşların ətrafı bir neçə il bundan öncə qazılıb (çox güman ki, qarət məqsədilə). Bura hansısa bir qəbir abidəsi də ola bilər!?
Abidənin qərb ətəyində - geniş bir ərazidə təsadüf etdiyimiz və təsərrüfat işləri zamanı üzə çıxan məişət qalıqlarını araşdırarkən, ərazinin qədim və sonrakı dövrlərə aid yaşayış sahəsi olduğunu müəyyən etdik. Tapılan saxsı və gil qalıqlarının xüsusiyyətləri, qəbir abidələrinin quruluşu onların erkən orta əsrlər dövrünə aid olduğunu müəyyən etməyə əsas verir. Deməli, ərazi çoxtəbəqəli tarixi bir quruluşa malikdir.
Təpədən 500 metr cənub tərəfdə “Seyidəbazar” ocağı (Seyidbazar camaatı buranı belə adlandırır) mövcuddur. Biz ərazini müşahidə edərkən türbə-ocağın yanındakı ağacın budaqlarına müxtəlif rəngdə parça və parça qırıqlarınin bağlandığını gördük. Çox keçmiş zamanlardan həyata keçirilən bu adət-ənənə ocağa ziyarətə gələn yaşlı qadın və qız gəlinlərin “arzularına inam” məqsədi ilə yerinə yetirilmiş və bu gün də davam edir. Bu ağac ənənəsi “ocağı” ziyarət etdikdən sonra həyata keçirilir.
Ziyarətgahdan bir az aralı qəbir abidələrinə rast gəldik. Təxminən 4-5 məzarlıqdan ibarət olan bu qəbir abidələri “daş sənduqə” növünə aiddir. Bir neçə il öncə, AMEA Arxeologiya və Etnoqrafiya institunun elmi işçisi, mərhum arxeoloq Abuzər Ələkbərov bu bölgədə olmuş, kəşfiyyat işləri aparmışdır. Aparılan iş tam olmamış, akademik səviyyəli nə arxeoloji qazıntı, nə də güclü tədqiqat işi aparılmamışdır.
Ərazi böyük qəbiristanlıqdan ibarətdir. Hiss olunur ki, əksəriyyəti torpaq qəbirlərdir. Ola bilsin ki, qəbirlərin əksəriyyəti (torpaq qəbirlər) sonrakı dövrün abidələridir. Daş qutu qəbirlər qəbiristanlığın cənub-şərq hissəsində mövcuddur. Qəbirlər dağılmış kimi görünür. Üst sinə daşları qoparılmış, müəyyən qədər kənara atılmışdır. Sənduqənin içərisində sümük, skelet izi yoxdur. Amma yanmış və daşlaşmış kül qalıqları görünməkdədir.
Tarixdə ölülərin tək, yaxud kollektiv şəkildə yandırılması (kremasiya və inqumasiya) üsulündan istifadə olunub.
Kremasiya, yəni insanın, yaxud insanların(kollektiv) meyitinin yandırılması hələ qədim dövrlərdən mövcud imiş. Bu, Homerin "İliada" əsərində də öz əksini tapmışdır. Sondakı dövrlərdə də ayrı-ayrı ölkələrdə çoxlu sayda belə dəfnetmə üsulları olmuşdur. Belə üsullar Hindistanda, Çində, İndoneziyada, Birmada və digər yerlərdə özünü göstərmişdir.
Cəlilabad ərazisində də Qurutəpə və Seyidbazar abidələrində belə hallar özünü göstərmişdir. A. Ələkbərova görə, burada kəşf olunan sənduqə qəbirlərdə “oturacağa yaxın hissə kvadrat şəkilli olub, baş tərəfində deşik olmuşdur. Qəbirlərin hamısının yan tərəfləri şəbəkə və çoxguşəli ulduzlarla bəzədilmişdir”[1,305].
Skeletin əvəzinə kül qalıqlarının olması, üzərində günəş və ulduzları əks etdirən çoxlu sayda təsvirlərin olması Seyidbazar nekropolunun atəşpərəstlik, yaxud Zərdüştilik ayinləri ilə əlaqədar olduğunu söyləməyə imkan verir.
Ədəbiyyat:
1.A.Ələkbərov, A. Mirabdullayev, T. Əzizov. Azərbaycanda arxeoloji tədqiqatlar. 2012, səh. – 302
2. Ə.Mirzəzadə. Muğan. Maddi-mədəniyyət abidələri. Cəlilabad bölgəsi. Bakı, Nərgiz nəş. 2016.
3. Talış-Muğan mədəniyyəti - Vikipediya.



Müəllif Ələsgər Mirzəzadə, tarixçi-araşdirmaçı
ADPU-nun Cəlilabad filialının müəllimi.







Oxşar xəbərlər
SON XƏBƏRLƏR