dini radikalizm və ekstremizmlə mübarizə

Bir də gördüm fotodu atam...


(Yoxluğu ilə bir daha mənimçün var olan, ata ucalığındakı böyüklüyünə. Candan əziz, istəkli atamın, dünyalarını dəyişmiş ataların müqəddəs xatirəsinə!)

Atam haqqında nə isə yazmaq istəyəndə elə bil dünyanın bütün yiyəsiz kədərləri canımda ev-eşik qurmaq istəyir. Hər yerim ağrıyır... Nədənsə mənə elə gəlir dünyadakı bütün sınıq kədərlər yetim olur. Atadan yetim... Hikkəmdən "Hərdən ölüm əmri yazan özün də bəlkə ağlayasan" deyə qarğımağım gəlir… Dərdi çəkə bilən bəndənə ver, vallah-billah, gücüm çatmır deyə başımı divarlara, daşlara çırpmaq istəyirəm mən də hərdən... Əfsus... O, məni heç vaxt duymur... və eşitmir... bəlkə də heç tanımır... Ömrümüzə yazılan təlatümlü oktyabr ayı… Bu aydan nəsə də hürkürəm, qorxuram, vahimələnirəm... Özümü məhz sözügedən "sınıq kədər" kimi hiss etdiyim o betər gündən nə az, nə çox - düz bir il ötür...
Keçən ilin bu günü atamızın gözlərini əbədiyyətə yumub bizə həmişəlik əlvida dediyi son gün oldu...
Düz bir ildir son dəfə atdığı addım səsləri qulaqlarımda səslənir, eyni süfrə arxasında şam etdiyimiz son günü xatırlayıram, evdəki əşyalarımıza əlləri ilə toxunduğu son saatları yada salıram... Son dəfə səhər adəti üzrə məni oyatmadı... nə yediyimlə, nə də içdiyimlə maraqlandı... heç onu həmişəki şuxluqda da görmədim. Evim deyə bağırmaq istəyirdi, əslində elə evim deyirdi… Ürəyi(m) ağrıyırdı gecədən... Yox, duyuq düşmüşdüm, hiss edirdim nələrsə baş verir. İnanmamağa çalışırdım sadəcə... Sevindirmək üçün oyanan kimi gedəcəyik deyə ruhdan salmaq istəmirdim… Amma onun isə gözləri yol çəkirdi…
… Son dəfə onu görəndə seçə bilmədi gözləri. Açığı bu “seçməməzlikdən” məyus olmuşdum. Öyrəşdirmişdim axı diqqətinə. Çox istədiyi üçün umacaqları qucaq qədər idi məndən. Amma tanınmamazlığıma görə özümü o yerə vurmadım. Bunların hamısı yaddaşla bağlı problemlər idi…
Anamın ölümündən sonra çox fikir edir, öz dünyasına qapılırdı. Bir neçə dəfə əlində siqaret də görmüşdüm, halbuki ömründə o vaxtadək bir siqaret belə çəkməmişdi. Anam dünyasını dəyişəndən sonra biz çox çalışdıq ki, onu da özümüzlə gətirək, qaldığımız məkanlarda atamız da bizimlə yaşasın. Hər dəfə də deyirdi ki, ananız hər səhər şəhər, övladlarım deyə getdi. Mən o vaxt razılaşmadığım halda indi onu (qəbrini nəzərdə tuturdu – müəllifdən) necə yalqız qoyub gəlim? Onun arzularının üstündən xətt çəkdiyim halda indi özüm o arzuların əksinə olaraq necə gələ bilərəm? Dedi və gəlmədi…
Amma 2016-cı il dekabrın son günlərində gəldi… Soyuq, şaxtalı qış günlərində bulaqdan ikinci dəfə həvəslənirmiş kimi su gətirməyə gedib qayıdarkən evə yaxın bir məkanda - əmimgilin evinin arxasında üzüqoylu yıxıldı, sağlamlığına xətər ola biləcək zədələr aldı. Bakıya gələndə qalacağı məkanı özü seçdi. Bildirdi ki, böyük qızının həyat yoldaşı Kavusgildə qalacaq. Əslində bu təklif mənə də sərf edirdi. Çünki mən də bu evdə qaldığımdam ona qulluq göstərmək imkanım geniş olacaqdı. Beləliklə, 1 il 8 ay yeznəgildə rahat bir məkanda qalan atam şıltaqlıq edərək kəndə getmək istədi. Biz isə təbii ki, ona bu vəziyyətdə kənddə tək yaşamağa imkan verməzdik. Bundan sonra atam bizdən – böyük qızı ilə böyük oğlundan uzaqlaşdı, birdəfəlik bizdən aralandı…
Ötən ilin bu vədəsində eşitdim ki, atam dünyasını dəyişib. Elə bil göy başımın üstündə fırlandı, qaldığım evin damı başıma uçdu… Başqa bir dərdin ağırlığını unutmağa çalışdığım bir məqamda (əslində o dərdi unutmaq, yaddan çıxartmaq ağırdan da ağırdır) o boyda dərdin də ağırlığını içimdə çəkməyə başladım, ağladım, sızladım, başımı divara vurdum, amma… Özümü güc-bəla atamın dəfninə çatdırdım. El qaydasınca Atamı torpağa tapşırdıq…

… Bağrım başı an olar, ağlaram yana-yana,
Məzarına qurbanam, atam, ay əziz atam!..

Elə həmin gün məndən, ailəmdən, bizdən bir can, bir cahan qopub getdi... Gözümüzün nuru, evimizin bərəkəti, dodağımızın gülüşü də onunla bərabər həmin gün uzaqlara, çox uzaqlara (gedərgəlməzə) yola düşdü... Bir şeir var... Deyir:

Niyə mənə belə gəldi ki, sən son itkim idin –
səndən sonra daha heç kim getməyəcək yanımdan...

Eynisi oldu... Sonuncu itkim idi atam...
… Ömrümdə ilk dəfə mənsiz yandırdın, ömrümdə ilk dəfə məni fikirləşmədən, məndən xəbərsiz, özü də həmişəlik tərk etdin, odsuz-alovsuz yandırdın məni, ay ATA! Arzularımı yarımçıq, ürəyimi param-param etdin, mənə hər anda, hər yanda yanan, sonda isə qəfil ölümü ilə məni ömürlük yandıran əziz sirdaşım, məsləkdaşım, həyatım, ATA! Necə qıydın mənə bunu, necə? Necə ağlar qoydun gülər gözlərimi, necə? Axı necə, necə ürəyin gəldi ki, məni mənsiz əbədi tərk etdin, ATA, necə? Bu, nə müsibət, nə dərd oldu mənə, İlahi? Nə qədər səndən imdad diləmək, yalvarmaq olardı, Allahım? Son mükafatım bu oldumu, ey böyük Yaradanım? Necə aldın candan əziz atamı? İllər öncə anamı, bir neçə il sonra da atamı! Zorla, zorla əllərimdən aldın atamı. Bir gün deyildi ki, ondan ayrıldığım. Heç üzümdən, gözümdən isti ana nəfəsinin izi getməmişdi. Hər dəfə (ayda elə olurdu ki, 2-3 dəfə yolum düşürdü, məzuniyyətimin hamısını, bir aydan artıq atamın yanında qalır, onun ən sevimli qonağı olurdum) məni gözləyirdi sevinclə, həsrətlə, o sevinclə də oxşayırdı, həmişə məni görərkən “Qadan alım, nə yaxşı gəldin, yaxşı ki, arayıb-axtarırsan” deyirdi əziz atam. Deyirdim ki, könlüm səni istəyirdi, gəlib həm yanında qalım, həm də həyət-bacada çatışmayan işlərdə yardımçın olum, həyanın olum. Elə həmin ilin yayında sənin səhhətində problem yarananda səndən gizlin usta Əkrəm Cəfərova böyük su çəni sifariş verdirdim və gətirib alça ağacının altında qoydurdum ki, qışda əziyyət çəkməyəsən (Amma sən böyük çəndə su olduğu halda əlində vedrə ilə bulağa su gətirməyə getdin). Həyətimizin çöl qapısının üstünün köhnə dəmirini təzəsi ilə yenilətdim, divarının uçuq yerini hördürdüm. Bu məhəbbəti, bu sevgini nə çox gördü mənə, Allahım? O əziz, doğma əllərin istisini, tumarını, nəvazişini nəyə, niyə qəfil aldın məndən? Nədən axı, ata dağını, ata dərdini belə dəhşətlə, asanlıqla bəxş etdin mənə? Nə oldu mənim günahım, nə?
Qıçının sındığı ilin may-iyun aylarında kənddə yatdığın dövrdə, eləcə də 2019-cu ilin yanvar ayında cərrahiyyə əməliyyatı zamanı “Premium” klinikasının divarları arasında keçirdiyimiz dərdli günlər, biz ata-balanı bir-birinə daha da qırılmaz tellərlə bağlayan o kədər dolu günləri nə tez yaddan çıxardın, İlahi? Heç olmasa bir az möhlət verəydin… Verəydin ki, ömrü əziyyətlə dolu keçən dərdli atamın ürək dolu istirahət edən xoş günlərini özü də görəydi, biz də. Onu da çox gördünmü atama? Ulu Yaradanım, ömür boyu gileyim var və dərdli-ağrılı gileyim olacaq səndən. Sonuncu dəfə atamı görəydim heç olmasa, son anlarda onunla olaydım, son anında… (Yaxşı yadımdadır, rəhmətlik babam Ağaəli rəhmətə gedəndə mən 4-cü sinifdə oxuyurdum. Ölümqabağı hər kəs nəyisə, kimisə arzulayır. Babam da can verəndə qaynı Saleh Heydərovu gözləri axtarır, hiss edilirdi ki, intizardadır. Saleh dayı özünü yetirən kimi, canını tapşırdı. Bilirəm ki, sənin gözlərin də ölüm anlarında məni, qızını axtarıb… Ehhh, namərd dünya!!!)
… Əziyyətin, dərdlərin qalın-qalın kitablara sığmaz, əziz atam! Axı nə deyim, necə yazım, qələmimin də gücü çatmır ki, belə bir dərdi, amansızlıq dərdini hamıya yetirsin. Düz bir ildir ürəyim qan ağlayır, qəlbim dilə gəlir: “Dərd-sərini özü ilə birgə məzara aparan candan əziz atam”. Gözümdən axan qanlı yaşlarla yazılır sənə son sevgim, böyük məhəbbətim,övlad yanğım:

Yandırdı övladları,
Son gedişin, ay atam!
Bağrımız oldu al qan,
Ay dərdli, əziz atam.

Bu müsibət, bu dərdi,
Çəkərik ömür boyu.
Səndən doya bilmədik,
Ürək dolu, göz dolu.

Yaşamaq sənsiz yaman,
Ömrümdən ömür alan.
Agah ol, bil ay atam,
Məzarın ağlasın qan.

Anam, atam, dərdiniz sarıdı ömrümüzü. Öləydim, görməyəydim anam, atam, bu son gününüzü. Bir də gördüm fotodu atam, anam kimi!..

Bağrım başı qan ağlar,
Ağlaram yana-yana.
Məzarınıza qurbanam,
Ay dərdli, ana-atam,
Məzarınıza qurbanam!

… Gözüsulu payız gəlib. Həm bilirsiz payızlarda darıxmaq da çox çətin olur... Ataları bu dünyada sağ olanlara müraciət edirəm:
- Amma boş verin ürəyinizin yol çəkdiyi zəngləri, çatdırılmayan məktubları, keçə bilmədiyimiz sarı zolaqları, əlləri kirli, çəkməsi toz, gecəsi gündüzü bomboz bu şəhərin oktyabr küləklərini, dondurun gündəmi "bir" günlük, bircə günlük götürün valideynlərinizə zəng edin. Yanınızdadırsa, çiyinlərindən, alınlarının qırışından öpün, qucaqlayın, səni sevirəm, çox sevirəm deyin... Əllərini oxşayın. Ən çox əllərini. Adam darıxır. Adam insanlıqdan çıxacaq qədər darıxır. Adam it kimi darıxır... Mən edəmmirəm. Mən çox uzaqdayam. Mənim həsrət uzaqlığıma heç bir nəqliyyat vasitəsi işləmir. Heç bir küçə dönmür o mənzilə... Atama susamışam...
ATASIZLIQ - xatirələri evsiz-eşiksiz buraxmaq imiş…
ATASIZLIQ - bu boyda şəhərdə özünü tək yox, təmtək hiss etmək imiş…
ATASIZLIQ - doğmaların sığalını yazığca qəbul etməkmiş…
ATASIZLIQ - ailən haqda danışanda kəkələməkmiş…
ATASIZLIQ - daim şərəfsizliklərlə göz gözə gəlməkmiş…
ATASIZLIQ - onun şeir sevən övladına məzar daşı üçün misra seçdirməkmiş…
ATASIZLIQ – onun qardaşının da qocaldığına şahidlikmiş…
ATASIZLIQ - ən dəhşətlisi soyuqqanlı, quru, hissiz bildiyim, artıq 8 ildir bu dünyada olmayan qadının həyat yoldaşının şəklini bağrına basıb, 12 ay hər gün gecə-gündüz göz yaşı axıtdmağı imiş… və …
ATASIZLIQ - uzun sözün qısası imiş...

Qoruyun atanızı!..
Qoruyun valideynlərinizi!..
Nolar qoruyun!..

Atasızlıq yamandır

Dağlarda çən gözəldir,
Payızda nəm gözəldir.
Ata deyib yananın,
Gözündə qəm gözəldir.

Sevinc yaraşmaz daha,
Qəmlə çıxar sabaha.
Ata dərdi çəkənin,
Qəlbi beşikdir aha.

Dağ qoyub dağ üstünə,
Düşərlər yetim günə.
Bir sevinc keçə bilməz,
Ata dərdi önünə.

Atasızlıq yamandır,
Mənim köksüm al qandır.
Atam getdiyi o gün,
Xəyallarım talandı.

Yandı bağrımın başı,
Axdı gözümün yaşı.
Ata kimi görmədim,
Nə yadı, nə sirdaşı.

Bacı bacıdan gözəl,
Anamdan yazım qəzəl.
Amma atamın yeri,
Qəlbimdə ayrı, özəl.
Cənnətdə tezliklə görüşmək arzusuyla

Daşdəmir ƏJDƏROĞLU

Oxunub: 693
Oxşar xəbərlər
SON XƏBƏRLƏR