dini radikalizm və ekstremizmlə mübarizə

GƏNC CAZ İFAÇISI: NİCAT ASLANOV


Vaqif Mustafazadə məktəbinin yetirməsi və Caz ənənələrinin layiqli davamçısı olan Nicat Teyyub oğlu Aslanov 1994-cü ildə Bakı şəhərində anadan olmuşdur. Məşhur müğənni, daha doğrusu, muğam ifaçısı olan atası hörmətlimiz Teyyub müəllimin məsləhəti və öz istəyi ilə Caz sənətinə qədəm qoymuşdur.

O, 2002-2011-ci illər arasında Bakı Musiqi Məktəbində, 2011-2015-ci illər arasında isə Bakı Musiqi Akademiyasının Fortepiano fakültəsində oxumuşdur. Nicat Aslanov 2016-cı ildən etibarən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Estrada sənəti fakültəsinin konsertmeysteridir.

Dəyərlimiz Nicat Azərbaycanımızı bir çox Avropa ölkələrində təmsil etmiş, Azərbaycan milli musiqisinin, Caz sənətinin üstünlüyünü zirvələrə qaldırmağa müvəffəq olmuşdur.

Özü mənim ən sevimli dostum, düzünü desəm, yaxın qardaşımdır. Belə bir möhtəşəm gəncə, qiymətli sənətkara dəstək olmaq, ona təkan vermək, məncə, sözün həqiqi mənasında, hər bir azərbaycanlının borcudur.

Mən olduqca çox fəxr edirəm ki, bu cür bir layiqli şəxsiyyətin dostuyam. Nicat öz sənətindəki peşəkarlığı, səriştəsi, bacarığı ilə yanaşı, həm də öz ünsiyyətdə olduğu dostuna qarşı da olduqca təvazökar, diqqətli, qayğıkeş, mehriban, vəfalı və nəzakətlidir.

Mən deyərdim ki, Nicat Aslanov Caz sənətinin şahı olan Vaqif Mustafazadədən sonra bu sənətin özəlliklərini özündə ehtiva edən, daşıyan və onu bütün gücü ilə inkişaf etdirən, etdirməyə nail olan ikinci bir gənc sənətkardır.

O, səhnələrdə öz musiqisi ilə gələn tamaşaçılarını feyziyab edir və onların zövqünü oxşayır.

O, öz nurani və gülümsər çöhrəsi ilə hər daima diqqət mərkəzindədir. Ulu Yaradan ona vergi, istedad vermiş və fitrətini zənginləşdirmişdir. Bu, yalnız İlahi bir möcüzədir.

Əzizim Nicata bu həyatda, sənətində bol-bol uğurlar, tükənməz ruzi-bərəkət, nailiyyətlər, müvəffəqiyyətlər, uca zirvələr, xoşbəxt və firavan həyat arzulayıram!

Ərtoğrul Mehdizadə

Oxunub: 1 078
Oxşar xəbərlər
SON XƏBƏRLƏR