dini radikalizm və ekstremizmlə mübarizə

“Öz qismətim, alın yazım var mənim”


Bu misra Borçalı elinin dəyərli söz sahibi İlyas Əfəndiyə məxsusdur

Belə bir aforizm var: o xalq xoşbəxtdir ki, onun gözəl müəllimləri, şairləri, yazıçıları, bir sözlə, dəyərli ziyalıları var. Sevindirici haldır ki, bu gün sakini olduğumuz doğma Bakımızda belə insanlar çoxdur. Onu deyim ki, tarixən bu qədim məkan həm özünün, həm də ölkəmizin başqa yerlərindən gəlib burada məskinlaşmış və yetişmiş ziyalıları ilə həmişə qürur duyub. Bu aforizmi xatırlamağım da əbəs deyil. Yazılarımda hər zaman ziyalı sözünə, ağsaqqal məsləhətinə geniş yer verməyə çalışmışam. Çünki belə insanların hər sözü gənclərimiz üçün örnəkdir. Budəfəki yazımızın qəhrəmanı isə İlyas Əfəndidir.
... Qar sevincdәn oynaya-oynaya yağırdı… Onun havaya qarışan soyuqluğu ürəyimin tappıltılarını bir qədər azaldıb qaydaya saldı. İlyas muəllimlə ilk göruşumuzu göz önünə gətirirəm. Nədənsə onu saç-saqqalı ağarmış yaşlı bir adam kimi təsəvvur edə bilmirdim. Çunki eyni mərtəbədə yerləşən qonşu redaksiyadan - "Şərqin səsi" qəzetinin otağından gələn səsinin zərrə qədər də yaşlı səsinə oxşamadığını hiss etdirmişdi. Mənə elə gəlirdi ki, səsi qocalmayan özü də qocalmaz. Çünki səs insanın bel sütunu, mənliyi, əqidəsi və vicdanıdır. Bu səs sevimli şair səsi olanda isə o, nə xalqın yadından, nə də ruhundan çıxar, İ.Əfəndi səsi kimi!
Sonralar çox görüşümüz olub. Hər dəfə də gözlərim önünə 60 yox, hardasa 40 yaşlı İlyas Əfəndi kimi canlanıb. Əslində bu günlərdə Facebookda onun 60 yaşının tamam olması xəbərinə rast gələndə gözlərimə inanmadım. Çünki mən onu 40 yaşlı İlyas müəllim kimi tanıyırdım. Öz dilindən eşidəndə təəccübüm artıq arxa plana keçdi.
İ.Əfəndi qeyri-adiliyi ilə kimsəyə bənzəməyən sirr dolu, sehr dolu bir sözün sahibidir. O, insanları daxili enerjisi ilə sehirləyə bilir. Üzündəki nur, gözündəki işıq o enerjidən, o gücdən su içir, bəslənir. O gücün bir adı var - Eşq! Bax elə o eşq, o sevgi, o istəkdir şairә bu tәkәnmәz gücü verən. Bu cür eşqə ilahi eşq deyirlər. Məhz bu cür eşq dənizləri, okenları dalğalandırır və yeri hərəkətə gətirir, dünyanı işıqlandırır...
Bu günlərdə dilindən eşitdim ki, 2018-ci ildə xəstəlik onun sözünə baxmayıb. Müəyyən müddət müalicə aldıqdan sonra həyata qayıdıb. Bu gün onunla həmsöhbət olanda sanki cavanlaşırsan, ondan ilham alırsan. Çünki onunla həmsöhbət olanda dərdlərini unudursan, böyük Bakımızda qəribliyini unudursan. Sanki xoşbəxt dəqiqələrini yaşayırsan, ilham pərisinin qucağında hiss edirsən özünü. Nə ilham pərisi səni buraxmaq istəyir, nə də sən ilham pәrisindәn əl çəkmək fikrinə düşürsən. Bəli, insan o vaxt xoşbəxt olur ki, öz dərdini, sevgisini mərdi-mərdanə daşıya bilir, İlyas Əfəndi kimi!
İlyas müəllim insan psixologiyasını, düşüncəsini gözəl bilir. Cocuqla cocuq dilində,boyüklə onun dilində danışmağı və onları heyrətləndirməyi ustalıqla bacarır. Əmin olmuşam ki, o, Azərbaycanın unudulmaz, təkrarolunmaz qəhrəman şairi - kişi şairidir.
Mən bu dəqiqələrdə də İlyas Əfəndinin şeirlərinin ovsunundan çıxa bilmirəm. Boğazım tutulur, bütün duyğularım oyanır. Nə söyləyəcəyimi bilmirəm. Sözlər dilimdən perik düşüb. Amma özüm üçün bir onu dəqiqləşdirirəm ki, fikrimi çox qısa söyləyim.
Söz məni ağ vərəqlərin üzərinə çəkir. Mən İlyas Əfəndinin yaradıcılığını çağlayan bulağa bənzədirəm. Elə bir bulaq ki, yanından keçən hər kəs orada yuyunur, saf suyundan içir, sərinlənir və bir müddət dincəldikdən sonra yoluna davam edir. İlyas Əfəndi .eirləri bunu mənə diqtə edir. Çünki o, sinəsində Azərbaycan boyda bir ürək gəzdirir...
"Şərqin səsi" qəzetinin əməkdaşı Yunis Qaraxanov onun haqqında yazdığı təbrik sözlərində fikrini belə ifadə edib: “"Borçalı" NPM-nin ədəbi redaktoru, şair-publisist, 5 kitab müəllifi, "Şərqin səsi" qəzetinin redaktorlarından biri, istedadlı şair-publisist, bir çox ictimai-siyasi, ədəbi-bədii, publisistik məqalələrin və şeir kitablarının müəllifi İlyas Əfəndi Vəfalı - 29 avqust 1960-cı ildə Ulu Borçalının qədim Sarvan elində (indiki Gürcüstanın Marneuli rayonunda) anadan olub. Marneuli rayonunda orta məktəbi və Moskva Dövlət Pedaqoji Universitetini bitirib. Hazırda "Borçalı" NPM-də və "Şərqin səsi" qəzetində redaktor kimi fəaliyyət göstərir. Şeir yazmağa həvəs gənclik yaşlarından olub. Bu da təbiidir ki, sazlı-sözlü Borçalının təmiz havası, halal çörəyi, buz kimi təbii bulaqlarından coşub qaynayan suları ilə söz, saz İlyas müəllimin qanına və canına hopub”.
Borçalı elindən gənclik dostum var, istedadlı qələm sahibi, şair, hərbi jurnalist, neçə dəyərli kitabın müəllifi Rəşid Faxralı (Hüseynov) adlı bu dost doğulub boya başa çatdığı bu ellər haqqında kifayət qədər məlumat verib. O informasiyaları dinlədikdən sonra Faxralı, Borçalı ilə özümün doğma kəndim Basqalı müqayisə etmişəm. Sanki adamları bir-birinə oxşayırmış…
Nədənsə, bu yerdə bir neşə gün qabaq yolda gördüyüm göyərçinlərlə bağlı bir dəhşətli səhnə gözlərimdə canlandı. Bir quşun öz quş sevgilisinə hədsiz məhəbbəti və düşüb qaldığı torpağa sədaqəti məni yenidən heyrətə saldı. Və mən bir daha ilahi eşqin gözəgörünməz gücünə, izaholunmaz sirrinə səcdə etdim. İnandım ki, məhz elə o eşqdir o quşu fırladan, mübariz və qorxmaz edən! O sevgidir Məmməd İsmayılın sözü ilə bizi lərzəyə salan və göz yaşlarında boğub birləşdirən. Kaş ki biz də o quş qədər sevgimizə sadiq olaydıq, torpağımızı Məkkə, Mədinə bilib başına dönə-dönə and içəydik…
Axı bizdə o güc, o eşq, o sevgi var! Bunu 61 yaşlı İlyas Əfəndi üsyanı, qeyrəti, müqəddəs kədəri, tükənməz eşqi və pərəstişkarlarının sevgi dolu göz yaşları bir daha sübut edir…

Yaram sağalmayır, hələ qan verir,
Paralanmış Vətən, dözə bilmirəm.
İlyas yaşamayır, inan can verir,
Uralanmış Vətən, dözə bilmirəm.

Butün canlı və cansız cisimlərin hamısında xaricdən və daxildən onlara edilən müxtəlif birgə təsirlərə qarşı müqavimət göstərmək üçün müəyyən miqdarda enerji var. Şüurlu əxluqlardan başqa, yerdə qalan bütün varlıqlarda bu enerjinin müqavimət gücü xarici təsirlərə qarşı demək olar ki,
sabit qalır və cismin müqavimət göstərmək üçün enerjisi qalmayanda o, parçalanıb dağılır. Misal üçün adi qara çay daşları müəyyən müsbət temperaturda çəki və kütləsindən asılı olaraq parçalanıb dağılır. Şüurlu varlıq olan insan isə belə deyildir. Məsələn, hər hansı bir şəxs elə bir suya düşüb ki, tədricən o suyun temperaturu artır. Və temperatur həddi artıq elə dərəcəyə çatır ki, bundan artığına həmin şəxs dözə bilməyəcəyini hiss edir. Elə bu zaman uzaqdan ona tərəf üzən bir qayığa gözü sataşır. Həmin şəxsdə salamat qala biləcəyinə bir qədər ümid oyanır. O, hiss edir ki, bir az da dözsə, qayıq ona yaxınlaşacaq və o, xilas olacaq. Ona görə də bir qədər də dözür. Lakin suyun temperaturu tədricən artır, qayıq isə lap yaxındadır, lakin daha dözmək mümkün deyildir. Elə bu vaxt o öz gözlərinin qarşısına onun yolunu gözləyən və ondan başqa köməyi olmayan balalarını gətirir.
Belədə onun dözümü sanki bir az da artır. O bütün iradəsini toplayıb ona doğru üzən qayığa doğru can atır və qayığa çatır. Qayıqdakılar onu xilas edirlər. Amma həmin şəxs qayıqda huşunu itirir, bir də xəstəxanada, həkimlərin səyi nəticəsində özünə gəlir. İnam və iradə onun dözümünü artırdığı üçün o yaşayır.
Bu misalə niyə çəkdim? Yuxarıda qeyd etdiyim kimi, həyatındakı o büdrəmədən sonra İlyas müəllim özünü toparlaya bildi, ayaq üstə qalxdı. Və yaradıcılğını əvvəlki formada bərpa etdi, məhsuldarlığını artırdı. “Borçalıda doğulmuşam” şeiri diqqətimi xüsusi cəlb edir.

Borçalıda doğulmuşam anadan,
Ehram çalıb ilk laylamı binadan.
Yaxşı bilir yeri-göyü yaradan,
Bu diyarın öz baharı, yazı var.

Dastan yatır qayasında, daşında,
Qar görünər dağlarının başında.
Tarix desin nəçə əsr var yaşında,
Onu billəm dünya qədər azı var.

Bu diyarı qarış-qarış gəzmişəm,
Çəmənindən lalə, nərgiz üzmüşəm,
Gah gizlincə, gah da aşkar süzmüşəm,
Hər gözəlin öz işvəsi, nazı var.

Dağlarının dumanına büründüm,
Gah ətəkdə, gah zirvədə göründüm.
Kəkliklərin dalısınca süründüm,
Göllərində ördək gördüm, qazı var.

Tükənməzdir torpağının sərvəti,
Günü-gündən hey ucalır şöhrəti.
Dünyamıza bəlli olan qeyrəti,
Neçə-neçə mərd oğulu, qızı var.

Bu torpağın övladıdır Nəriman,
Dahi xadim, ədib, loğman, O, insan.
Kəm baxmayıb bu diyara Yaradan,
Həm şairi, həm alimi, sazı var.

Bil Borçalı balasıdı bu, İlyas,
Çiçəklənib ömrü olub bahar-yaz.
De susarmı, köksündəki telli saz,
Qismət adlı qədəri var, yazı var.

Şeirlərini oxuduqca dayanmaq, doymaq bilmirsən, yenə də oxumaq istəyirsən. Başqa bir “Hara gedir görən dünya?” adlı şeiri də oxunaqlıdır.

Hərdən yorur fikir məni,
Hara gedir görən dünya.
Fikir sökür, didir məni,
Hara gedir görən dünya?

Hər bir yanda müharibə,
İnsanlara vurur zərbə.
Son deyən yox qanlı hərbə,
Hara gedir görən dünya?

Gərdiş dönüb tərsinədi,
Kələ-mayaq əksinədi.
Düzü nədi, tərsi nədir?
Hara gedir görən dünya?

Eh, Suriya qan içində,
Doymur qandan qan içən də.
Adəm oğlu, qan, içində,
Hara gedir görən dünya?

Çalxalanır dünya yaman,
Barı, utan, dünya, dayan.
Bəsdi yetər, son qana-qan,
Hara gedir görən dünya?

Sözə sığal çəkmək, onu mənalandırmaq olduqca çətindir. Bu yolda hər kəs uğur qazana bilmir. Yalnız vergisi olan şəxslər müvəffəqiyyət əldə edir. Əsrdə bir dəfə yetişən belə insanlar dünya ədəbiyyatı üçün ölməz əsərlər miras qoyur. Bəşəriyyət belə əsərlərlə qaranlıqdan aydınlığa çıxıb. Həmin insanlar unudulmur. Unudulsa belə sözləri əbədi yaşayır. İlyas Əfəndinin poeziyasında olduğu kimi. Konkret olaraq onun “Var mənim” şeirini götürək. Görün şair nə deyir.

Göz açandan şeiriyyətə vuruldum,
Laylalardan mayalandım yoruldum.
Bulanlıqdım axa-axa duruldum,
Ellər bilir sazım-sözüm var mənim.

Ulu tanrı bəxş eylədi istedad,
Bundan ali de olarmı mükafat,
Kök atmışam gövdəmdə var qol-qanad,
Mən atayam oğlum qızım var mənim.

Düz yoldayam həqiqətdir meyyarım,
And içmişəm pozulmazdır ilqarım.
Çiçəkləyib ömrüm, günüm – baharım,
Dəsti-xəttim, adım imzam var mənim.

Çox sevirəm baharı mən, yazı mən,
Gözəllərdə çox görmüşəm nazı mən.
Beşikdəcə dinləmişəm sazı mən,
Şirin ləhcəm, xoş avazım var mənim.

Borçalıdır ilham pərim, a dostlar,
Borçalıdır yurdum, yerim, a dostlar.
Borçalıdır şah əsərim, a dostlar,
Öz qismətim, alın yazım var mənim.

Azərbaycan - Odlar yurdu pənahım,
Odur mənim xoşbəxt günüm sabahım.
Duaçıyam dərgahında, Allahın,
Bil, sayəndə həyat ruzim var mənim.



Hörmətlə


Daşdəmir ƏJDƏROĞLU

Oxunub: 452
Oxşar xəbərlər
SON XƏBƏRLƏR