dini radikalizm və ekstremizmlə mübarizə

Şəhid Səfərov Şahmar Nazim oğlunun mövludu qeyd olundu


Djb.az xəbər verir ki, Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçusu, leytenant Səfərov Şahmar Nazim oğlunun doğum günü qeyd olundu.

Şəhidlik zirvəsinə ucaldıqdan sonra Şahmar Səfərovun qeyd olunan ilk doğum günündə onun adının əbədiləşdirilməsi üçün Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “V” yaşayış sahəsində inşa edilmiş bulaq abidə kompleksinin açılış mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, RİHB-nin müavinləri, şöbə müdirləri, Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və bələdiyyə sədri, YAP Suraxanı Rayon Təşkilatının nümayəndələri, Suraxanı rayon Ağsaqqallar Şurasının sədr müavini, əməkdar artist Ağalar Bayramov, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin, Şəhid Ailələrinin müdafiə cəmiyyətinin Suraxanı rayon şöbəsinin sədri Nəsibə Əliyeva, Şəhidin əmisi ehtiyatda olan zabit polkovnik Adil Səfərov, Şəhid anaları, rayon sakinləri iştirak etmişlər.

Həmçinin, Şəhidlər Xiyabanında Şahmar Səfərovun məzarı ziyarət edilmiş, ruhuna dualar oxunmuş və onun əziz xatirəsi ehtiramla yad edilmişdir.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov torpaqlarımızın işğaldan azad edilməsində, möhtəşəm qələbənin qazanılmasında misilsiz şücaət göstərən Şahmar Səfərova və onun timsalında bütün Şəhidlərimizə Allahdan rəhmət diləmiş və bildirmiş ki, Şəhidlərimizin əzmi, iradəsi, qəhrəmanlığı sayəsində 30 illik həsrətə son qoyulub, düşmən tapdağında olan torpaqlarımız azad olunub. Bu gün Şəhidlərimizin evi ziyarətgah yerimiz, fəxrlə açacağımız qapı və bir ömür boyu unutmayacağımız ünvandır.

Qeyd edək ki, Azərbaycan Ordusunun leytenantı olan Şahmar Səfərov Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşaraq Şəhid olmuşdur. Səfərovlar ailəsinin digər üzvü, Şahmarın əmisi oğlu Səfərov Cəsarət Xaliq oğlu da şanlı tarix yazan qəhrəmanlarımızın sırasındadır. Uşaqlıqdan Şahmarla birlikdə böyüyən Cəsarət elə onunla birlikdə vətənə layiqincə xidmət etmiş, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşaraq Laçın döyüşləri zamanı Laçın dəhlizi istiqamətində şəhid olmuşdur.

Şahmar Səfərov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirdiyinə görə “Döyüşdə fərqlənməyə görə” medalı, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.













Oxunub: 668
Oxşar xəbərlər
SON XƏBƏRLƏR