
28 il əvvəl bu gün, 23 avqust 1993-cü il tarixdə 702 saylı Füzuli motoatıcı briqadasının həyatında çox ağır günlərdən biri idi. Füzuli şəhəri artıq işğal olunmuşdu, qalan ərazilərdə kəsintisiz cəbhə xətti tam bərpa olunmamışdı. Bundan ruhlanan ermənilər 23 avqust 1993-cü il tarixdə hücumu Alxanlı-Əhmədbəyli istiqamətində inkişaf etdirərək İran sərhəddinə çıxmaq, bununla da magistral yolu kəsərək Füzuli, Cəbrayıl, Zəngilan rayonlarının əhalisini mühasirəyə salmaq istiyirdilər. Onlar müəyyən qədər uğura nail olsalar da, bu planlarını tam başa çatdıra bilmədilər və onların qarşısı Qarabağ kolxozu-Aşağı Kürdmahmudlu kəndləri ətrafında kəsildi. Buna əsasən bizim də divizyonun, xüsusən də batareyaların şəxsi heyətindən tələsik təşkil olunmuş b.l-nt Məhərrəm Rzayevin və l-nt Cavanşir İsmayılovun başçılığı altında yaradılan 8-10 nəfərlik qrupların da fəaliyyəti nəticəsində nail olundu. Bu qruplar Yuxarı Kürdmahmudlu kəndinin girişində, asfalt yolun sağ və sol kənarında mövqe tutaraq Alxanlı tərəfdən Əhmədbəyli istiqamətinə irəliləyən zirehli texnika kolonunun qarşısını almaq, onları mümkün qədər ləngitmək, arxalarınca çəkərək istiqamətlərini dəyişdirmək, bununla da hələ də tam təxliyə edilməmiş, Y.Kürdmahmudlu orta məktəbində yerləşən 702 saylı hərbi hissənin qərargahının təxliyəsinə şərait yaratmaq, həm də yerini dəyişən artilleriya bölmələrimizin yeni atəş mövqeləri tutmasına vaxt udmaq tapşırığı almışdı.
Qruplar qarşılarına qoyulmuş tapşırığı tam şəkildə yerinə yetirmişdilər. Leytenant Cavanşir İsmayılovun qrupu zirehli texnikaları, xeyli sayda tank və BMP-dən ibarət olan düşmən kolonunu atəşlə qarşılamış, qəsdən hədəf göstərərək asfalt yoldan yayındıraraq onları öz arxalarınca Haramı düzünə tərəf çəkməyə nail olmuşdular.
Bu vaxt ərzində briqadanın qərargahı başda briqada komandiri, o vaxtı p-k/l-nt rütbəsində olan, indi isə hərbi akademiyanın rəisi olan general-leytenant Heydər Piriyev olmaqla, xeyli sayda yüksək rütbəli zabitlərin, əsgərlərin, döyüş sənədlərinin piyada şəklində Quruçayın sahili ilə mühasirəyə düşmədən xilas olmasına nail olunmuşdu. Eyni vaxtda artilleriya bölmələrimiz də yeni atəş mövqeləri tutmuş, pərakəndə düşmüş bölmələr yenidən qruplaşdırılmış, düşmən Əhmədbəyli kəndindən geri qovularaq, magistral yol birbaşa atəş təhlükəsindən qurtarılmış, rayonları tərk edən sakinlərin təhlükəsiz şəkildə digər rayonlara getməsi təmin olunmuşdur.
Düşmənlə ağlagəlməz dərəcədə qeyri-bərabər döyüşə girmiş qruplardan birisi geri çəkilən qərargahı himayə edə-edə, tapşırığı yerinə yetirərək özləri də sağ-salamat ərazidən çıxa bilmişdilər.
Əsas yükü öz üzərinə çəkən, texnikaları öz arxalarınca çəkib, başqa istiqamətə yönəldən digər qrup, leytenant Cavanşir İsmayılovun qrupu isə qeyri-bərabər döyüşdə demək olar ki, tamamilə məhv olmuşdur. Bu döyüşdə 8 nəfərlik qrupun 3 nəfəri qəhrəmancasına həlak olmuş, 3 nəfəri əsir düşmüş, 2 nəfər isə, leytenant Cavanşir İsmayılov və əsgər Mirzə Cəbrayılov 2 gündən sonra kolluqla gizlənərək gecələr hərəkət edərək, birtəhər xilas ola bilmişdilər.
Şəhid olanlar:
1. Ə-r Quliyev Rüstəm Qulu oğlu
2. B.ç-ş Bilalov Habil Ağalar oğlu
3. Ə-r Hüseynov Fərhad Həmid oğlu.
Bu uşaqların adlarını həlak olma ardıcıllığı ilə yazmışam. Çünki sonradan biz ərazidə qrupun itkin düşmüş üzvlərin axtardıq, əvvəlcə Rüstəmi tapdıq, ilk mövqelərindən təxminən 1km sonra vurulmuşdu, ikinci Fərhadı tapdıq, Rüstəmdən təxminən 1,5 km aralı, ən sonda isə Habili tapdıq. Fərhaddan təxminən beş yüz metr məsafədə. Biz uşaqları texnikaların izi ilə axtarırdıq. Demək izlərdən görsənirdi ki, bütün cəsədlərin yanında bir neçə texnika dayanıb, ya silahlarını götürüblər uşaqların, ya təzədən atəş açıblar. Habilin cəsədi tapılan yerdə isə dairəvi şəkildə tırtılların izləri var idi. Sonradan əsir düşən uşaqlardan öyrəndik ki, fiziki cəhətdən çox sağlam olan Habil də müəyyən məsafədən sonra heydən düşmüş, hərəkət edə bilməmiş, düşmən onu mühasirəyə almışdır, onu tutmaq istəyəndə təslim olmamış, sona qədər döyüşərək qəhrəmancasına həlak olmuşdur.
3 nəfər əsir düşən uşaqlarımız sonralar dəyişdirdilər. Özüm bilərəkdən onların adını yazmıram. Amma şəhid olanlar da, əsir düşənlər də, sağ qalanlar da canları, qanları bahasına qarşılarına qoyulmuş döyüş tapşırığını yerinə yetirmiş, düşmənin böyük bir qüvvəsini öz üzərlərinə çəkərək başqalarının xilas olmasına, yenidən döyüşə girməsinə şərait yaratmışdılar.
Allah rəhmət eləsin.
Mənbə: Fazil Hüseynəliyev
Oxunub: 564