“Müharibədən sonra Ermənistanın təxribatlarına rast gələcəyimizi gözləyirdik”
Məlum olduğu kimi, son günlər Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələri Azərbaycan bölmələrini mütəmadi olaraq atəşə tutur. Hətta ermənilərin bu istiqamətdə diversiya-təxribat əməlləri törətməsi və atəşkəsi pozması adi hal alıb. Bunun nəticəsində isə hərbi qulluqçularımız yaralanıb və şəhid olublar. Bəs, görəsən, atəşkəsin tez-tez pozulmasının səbəbi nədir? Ermənistanın məkrli Kəlbəcər planı nədən xəbər verir?

Mövzunu KONKRET.az-a dəyərləndirən hərbi ekspert Şair Ramaldanov hər şeyə rəğmən Azərbaycanın prinsiplərinin sülhə istiqamətləndiyini və kökləndiyini bildirib: “Azərbaycan düşməni darmadağın edib, qələbə çalandan sonra təəssüf ki, işğalçı ölkə çirkin niyyətlərindən, təxribatlardan və revanşist fikirlərindən hələ də azad ola bilməyib. Təbii ki, biz Ermənistandakı növbədənkənar parlament seçkilərindən sonra stabillik yaranacağını gözləyirdik, ancaq vəziyyət onu göstərir ki, Ermənistanda dövlət prosesləri nəzarətdə saxlaya bilmir, müəyyən qüvvələr təxribat törətməyə davam edir”.
“Düzdür, bu günə qədər Azərbaycan tərəfi düşmənə sərt cavab vermirdi, amma artıq hər şey qurtarıb və bütün cavabdehlik Ermənistanın üzərinə düşür. Azərbaycan ona istiqamətlənən bütün təxribatları susduracaq və burada təbii ki, Ermənistan tərəfinin itkiləri də ola bilər. Lakin bütün cavabdehlik qeyd etdiyim kimi, Ermənistanın üzərindədir. Azərbaycan Silahlı Qüvvələri bütün istiqamətlərdə prosesləri nəzarətdə saxlayır və qarşısına qoyulan tapşırıqları yerinə yetirir. Əgər Ermənistan yenə də hansısa irimiqyaslı təxribata əl atmaq istəsə, yaxud Azərbaycan ərazisinə təcavüz etmək fikrinə düşsə, Azərbaycanın Ermənistana gücünü, qüdrətini bir daha yada salmaq üçün “dəmir yumruğu” hər zaman hazırdır”, – deyə ekspert vurğulayıb.
Ramaldanov bununla bağlı Prezident İlham Əliyevin xəbərdarlıqlarını xatırladıb: “Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev də bu barədə öz xəbərdarlıqlarını edib, müdafiə naziri Zakir Həsənov Ali Baş Komandanın tapşırıqlarından irəli gələn təlimatları ordumuza çatdırıb. Ona görə də Azərbaycan baş verənləri diqqətsiz saxlamayacaq. Ölkə rəhbərliyi beynəlxalq səviyyədə lazım olan bütün prosedur qaydalarına əməl edir, silahlı qüvvələrimiz də öz qarşısında duran məsələləri yerinə yetirir və düşmənin atəşkəsi pozduğu mövqelərini sərt cavab atəşi ilə susdurmağa davamiyyət göstərir və göstərəcək. Heç kimin şübhəsi olmasın ki, Azərbaycan Silahlı Qüvvələri qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcək, Azərbaycan ərazi bütövlüyü bərpa edilmiş sərhədlərini quracaq, qoruyacaq və bu prosesdə heç kim bizə mane ola bilməz. Ona görə də biz müharibədən sonra Ermənistann bu cür təxribatlarına rast gələcəyimizi gözləyir və bilirdik. Buna müvafiq olaraq da bütün hazırlıq işlərimizi görmüşük”.
Hərbi ekspert Ruslan İmamquliyev isə KONKRET.az-a açıqlamasında Ermənistanın işğal dövrü ilə bugünkü dövrü qarışdırdığını bildirib: “30 il ərzində bizim torpaqlarımız işğal altında olub və bu gün torpaqlarımızı işğaldan azad etmişik. Ermənistan da bu gün dövrləri qarışdırmağa başlayıb. 30 il əvvəl düşmənin bizim sərhədlərdən içəri daxil olmasına şərait yaranmışdı, torpaqlarımız təcavüz altında idi və istəmədən düşmənlə təmasda idik. Baxmayaraq ki, işğal faktoru ilə bağlı beynəlxalq təşkilatların qətnamələri var idi, lakin düşmən əməllərinə davam edərək, mütəmadi olaraq atəşkəsi pozurdu. Bu gün isə torpaqlarımız işğal altında deyil, Ermənistanla aramızda “təmas xətti” yoxdur. Ortada bir sərhəd var, bu sərhədlər tarixi sənədlərə uyğun olaraq bizim həmin ərazilərdə yaşadığımız dövrlərə görə müəyyənləşdirilib və bu gün biz tarixi ərazilərimizə geri dönmüşük, ərazilərimizi haqlı olaraq delimitasiya edirik. Bunu isə qarşı tərəf istəsə də, istəməsə də təktərəfli olsa belə, həyata keçirəcəyik. Çünki bizim əlimizdə 1920-ci ilin sənədləri əsasında tarixi nümunələrimiz var”.
“Azərbaycan bu gün Şərqi Zəngəzurda, əsasən Zəngilan, Qubadlı, Laçın və Kəlbəcərdə ərazilərini delimitasiya edir və bütün sərhədlərimizin bərpa edilməsinə baxılır. Belə olan halda isə Ermənistan təkidlə atəşkəsi pozur, əslində isə olmayan atəşkəsi pozmaq cəhdləri edir. Çünki ortada atəşkəs yoxdur, üçtərəfli bəyannamə, yəni düşmənin təslim aktı var. Bu təslim aktına görə, təslim olan tərəf Ermənistandır və təslim aktını pozan tərəf mütləq şəkildə yenidən öz gərəkli cavabını almalıdır və alacaq. Çünki Azərbaycan 30 il əvvəlki yeni müstəqillik əldə edən dövlət deyil. Azərbaycan bu gün güclü, müstəqil, silahlı qüvvələri öz sözünü deyə bilən bir dövlətdir və bu gün bizim sərhədlərimizi pozmaq hüququna cəhd göstərməyin cavabı verilməlidir. Bunun əksini söyləyək, əgər biz bu gün şimalda və cənubda hər hansı bir qonşumuzun sərhədini pozmuş olsaydıq, yaxud da onun sərhəddə xidmət edən sərhədçisinin ölümünə səbəb olsaydıq, sual olunacaqdı ki, bu, qəsdən edilib, yoxsa bilməyərəkdən? Qəsdən edilibsə, müharibəyə səbəb olacaq, bilməyərəkdən edilibsə, mütləq şəkildə cavabı verilməlidir. Eynisi Ermənistan üçün də keçərlidir”, – deyə ekspert vurğulayıb.Onun sözlərinə görə, Ermənistanın ardıcıl olaraq sülhə dair bəyanatlar verib, davamında isə sərhədlərimizə və sərhədçilərimizə qəsd etməsinin cavabı verilməlidir: “Əgər Ermənistan iddia edirsə ki, baş verənlər Ermənistan silahlı qüvvələri tərəfindən edilməyib, deməli, belə olan halda, ərazilərində terrorçu qüvvələr var və bu terrorçu qüvvələr Ermənistan tərəfindən susdurula bilmirsə, yaxud nəzarət altına götürülmürsə, hüquq normativləri əsasında cəzalandırılmırsa, cəzanı verəcək tərəf artıq Azərbaycan Respublikası və Silahlı Qüvvələridir. Yəni biz mütləq surətdə sərhədimizə olan qəsdə və bu qəsdin davam etməsinə şərait yarada bilmərik”.
“Belə bir qəsdə qarşı biz artıq antiterror əməliyyatları keçirməliyik və bu əməliyyatlar Azərbaycanın tarixi torpaqlarında yerləşən Ermənistan ərazisində baş tutacaq. Çünki Ermənistan təxribat törətməyə davam edir və nə etdiyinin fərqinə varmır. Sual oluna bilər ki, Ermənistan sülh istəyir, razılıqla bağlı müxtəlif bəyanatlara imza atırsa, bu, necə olacaq? Təbii ki, Ermənistan nə qədər ki, dövlət kimi davrana bilmir, demək, bu ölkə terrorçulardan ibarətdir. Terrorçulara qarşı isə bir davranış forması var: antiterror əməliyyatları. Hansı ki, bu gün Türkiyə Suriya və İraqda antiterror əməliyyatları icra edir və Suriya ilə İraqın siyasi rəhbərlikləri buna qarşı çıxa bilmir. Çünki qarşı çıxacaqları halda terrorçuluğu dəstəkləmiş sayılacaqlar və bu, onları da çətin vəziyyətə salacaq. Həmçinin, biz bənzər əməliyyatların Rusiya, Amerika Birləşmiş Ştatları, Pakistan və digər dövlətlər tərəfindən də həyata keçirildiyini görürük. Bu nümunələr nisbətində deyə bilərik ki, Azərbaycan Silahlı Qüvvələri də mütləq şəkildə antiterror əməliyyatları həyata keçirməlidir və bu, bizimlə həmsərhəd olan, davamlı olaraq torpaqlarımıza təcavüz cəhdi həyata keçirən tarixi ərazilərimizdə, yəni indiki Ermənistan ərazilərində keçirilməlidir və keçirləcək də”, – deyə müsahibimiz fikrini yekunlaşdırıb.
Oxunub: 435