dini radikalizm və ekstremizmlə mübarizə

Allahdan başqa hər bir şey fani, yalan, müvəqqəti və mənasızdır


Dünyaya tək gəlirik, qəbrə də tək gedirik. Bizi bu dünyada valideyinlər və insanlar qarşılayır, haqq dünyada isə yalnız Allah və onun müqəddəs mələkləri. Sadəcə olaraq, bu fani həyatda yaşadığımız müddət ərzində təbiətimizə uyğun insanlar ilə ünsiyyətdə oluruq.

Dünya insan övladı üçün qumlu ərəb səhrası kimidir. Həyatın ən ağır imtahanları da məhz səhra fırtınası kimi insanı qəfildən yaxalayır və öz ağuşuna alaraq xeyli uzaqlara aparır. O çətin imtahan fırtınasından qurtulmaq və yaxud da ki, o fırtınaya ümumiyyətlə heç rast gəlməmək üçün, gərək, ağlın başında və tədbirin olsun.

Həqiqətən də, bu dünya aldadıcı bər-bəzəklər ilə doludur. Onun vurduğu ən böyük zərbə isə insanları məhz Allahdan uzaqlaşdırmasıdır. Allahdan uzaqlaşan neçə insan gördüm ki, bir daha əbədiyyən çıxa bilməyəcəkləri dərin bir bataqlığa düşdülər. Ulu Rəbbin müqəddəs nəzərlərindən və mərhəmətindən kənarda qalmaq necə də pis bir bədbəxtlik və uğursuzluqdur.

Deyirlər ki, insan bəzən başqalarına deyə bilmədiyi sözü, aça bilmədiyi sirri yalnız öz valideyinlərinə rahatlıq ilə aça bilir. Amma bu fikir bir az yanlışdır. Əksinə, elə sözlər və sirrlər vardır ki, onu heç ailənə də aça bilmirsən və bu mətləbləri bir ömür boyu öz ürəyinə daşıya-daşıya sonsuz qəbr evinə aparırsan. Deməyim odur ki, heç bir bəşər övladına, hətta öz doğma valideynlərinizə belə, deyə bilmədiyimiz sözü, aça bilmədiyimiz sirri məhz Uca Allah-Təala(c.c) ilə bölüşə bilirsiniz. Çünki, insanı hər bir zaman görən, halından xəbərdar olan, keçirdiyi mənəvi hissləri bilən məhz yalnız əzəmətli Allahdır!

Bu həyatda səmimi ürək dostu, gözəl yoldaş, həqiqi sirdaş tapmaq çox çətindir, özü də olduqca...... İnsanları maraqlandıran yalnız maddiyyatdır. Dostluğu, ünsiyyəti, münasibəti, ideyanı və layihəni yalnız pul üzərində qururlar. Bu da ki, mənasız və müvəqqəti bir haldır. Neçə-neçə adamlar gördük ki, bir vaxt var-dövləti ilə fərəhlənər, lovğalanar və ona-buna yuxarıdan aşağı baxardı, ancaq bu günümüzdə isə o məxluqlar artıq küçə siçovulundan da aşağı səviyyəyə enərək çöllərdə tüfeyli və avara həyat tərzi keçirməyə məcbur olublar. İnsan Allaha bağlı olmalı, onu sevməli, onun bəxş etdiyi ruzi ilə qane olmalı və təkcə ona şükür etməlidir! Əsil bəndəlik, insanlıq qayəmiz ancaq bu, olmalıdır.

Bu gün varıq, sabah yoxuq...... Özümüzdən sonra elə bir irs və həyat qoyaraq getməliyik ki, gorumuza söyməsinlər, hər bir məclisdə adımız çəkilərkən, insanların üz-gözü turşumasın və bizə lənət oxumasınlar.

Uca Tanrıdan hər birimizə xeyirxah insanlar ilə rastlaşmağı və nümunəvi aqibət arzulayıram!

Ərtoğrul Mehdizadə

Oxunub: 797
Oxşar xəbərlər
SON XƏBƏRLƏR