dini radikalizm və ekstremizmlə mübarizə

ELMAN HƏKİMİN YOXLUĞU BİZİMÇÜN ÇOX ÇƏTİNDİR


Mifoloji anlamlı olan 13 sayı haqqında dünya xalqları müxtəlif fikirlər səsləndiriblər. Hətta, qədim yahudilər on üçü “ölüm sayı” hesab etmişlər. Bəzi Avropa dövlətlərində 13 sayı nəhs bilinir, uğursuzluq simvolu zənn olunur. Azərbaycan mifologiyasında da ən nəhs rəqəm bu saydır.
Ağlım söz kəsəndən bu yana, bu rəqəmin nəhs olmasına inanmağım, şahidi olduğum hadisələr olub. Mənə ən yaxın bir insanın ad gününün “13” lə olması bəzən ürəyimdə nəsə bir xof, qorxu, niskil yaradırdı. Hər il aprelin 13-ü ötəndən sonra Allaha şükür edirdim ki, bir ili də sağ-səlamət başa vurduq. 2020-ci ilin 13 aprelində o, əziz insanın 50 illik yubileyini onunla birgə qeyd etmişdim. Düşünürdük növbəti ildə xəstəlik səngiyər, kollektivlə birgə yübileyi təntənəli qeyd edərik. Bu günü “Zirvə”də qeyd edəcəyimizi də planlaşdırmışdıq... Ancaq lənətə gəlmiş “Kovid-19” xəstəliyi çoxsaylı dostaların, kollektivin əziz iş yoldaşlarının yubileyinə toplaşmağa imkan vermədi.. .
... Həmin gün, 03:30-da xəstəxanada idim. Cərrahiyyə şöbəsində xəstə əməliyyat olunurdu, gələn zənglərə telefon qulağıma tutulmaqla cavab verirəm. Bu sonucu “13”də (dekabır ayının) verilən xəbər ürəyimdə qorxu, şübhə hissini dərinləşdirdi: “Elman həkimin koronavirus testinin nəticəsi pozitiv çıxıb.. .”
Həsənov Elman Əbilhəsən oğlu 13 apel 1970-ci ildə Biləsuvar şəhərində anadan olmuşdur. Əbilhəsən əminin, Pakizə xalanın halal süfrəsində böyüyən 11 övladın sonbeşiyindən böyüyü olub. Valideyinlər özləri ali savad almasa da, övladlarının hamısının təhsil alması uğrunda hər çətinliyə qatlaşıb, arzularını reallaşdırmışlar.
Hələ kiçik yaşlarında həmyaşıdlarından öz biliyi, dərin zəkası və bacarığı ilə seçilən məktəbli Elman təhsil aldığı Biləsuvar şəhər, 4 saylı tam orta məktəbdə müəllimlərin diqqətini özünə çəkməyə bacarmışdır. Yaş üstünə yaş gəldikcə Elman daha da nümunəvi olur, fizika, kimya və biologiya fənləri üzrə keçirilən respublika olimpiadalarında dəfələrlə 1 və 2-ci yerləri tutmuşdur.
O, 9-cu sinifdə oxuyanda artıq, seçəcəyi peşə-həkim-cərrah olmağı qarşıya məqsəd qoymuşdur. Bu yolu seçməkdə həkm əmisi (atasının əmisi oğlu) Həsənov Mirkalam Seydhəsən oğlunun əfsanəvi cərrah olması haqqında eşitdikləri ruhlandırmışdır. Mərhum Mirkalam həkim 1965-ci ilə kimi Biləsuvar MRX-ın cərrahiyyə şöbəsinin aparıcı cərrahı olmuşdur. Bu illərədə Salyan, Cəlilabad, Yardımlı, Lerik və İmişli rayonlarının əhalisi demək olar ki, Biləsuvar MRX-na gəlir və Mirkalam həkimin şəfalı əllərinə güvənirdilər. ( Bu yerdə qeyd edək ki, talehin qisməti Elman həkimi əmisi kimi, eynilə bölgədə tanınmış həkim-cərrah kimi məşhurlaşdırıb).
Qarşıya qoyduğu məqsədinə çatmaq üçün səylə çalışan Elman həkim dərslərini əla qiymətlərlə oxumaqla yanaşı idmana ( boks idmanına) və şahmata da xüsusi maraq göstərmiş, bu sahədə də qaliblər sırasında olmuşdur. Qəlbi daima yaşayıb-yaratmaq, yaşadığı cəmiyyətə faydalı olmaq eşqi ilə döyünmüşdür. Bu yolda qarşısına çıxan çətinliklər onu qorxutmamış, əksinə mübarizliyə ruhalandırmışdır,.
1989-cu ildə orta məktəbi “gümüş medal”la başa vuran E.Həsənov “kimya” fənnindən aldığı “əla” qiymətlərə görə Azərbaycan Tibb Universitetinin “müalicə profilaktikası” fakültəsinə imtahansız qəbul olunur.
Yeni həyat, daha çox zəhmət tələb edən tələbəlik illərini Elman həkimin həyatında yeni dövrün başlanğıcı da hesab etmək olar. Öz məqsədinə nail olmaqda qayğılar onu ruhdan salmır, öz sahəmi mükəmməl öyrənməliyəm-deyir. Yuxarı kurslarda TSN-nin üzvü olur, ayr-ayrı mövzularda elmi jurnallarda məqalaləri işıq üzü görür. Eyni zamanda universitetin içtimai həyatında da fəal iştirak edərək, keçirilən yarışlarda dəfələrlə universitetin şöhrətini qorumuşdur.
Ali təhsilini “həkim-ümumi cərrah” ixtisası üzrə fərqlənmə diplomu ilə başa vuran Elman həkim Respublika Təcili Yardım xəstəxasanında bir il təcrübədə olduqdan sonra, 1995-ci ildən doğma rayonunda insanların sağlamlığının keşiyində durur.
Onun əmək fəaliyyətinə başladığı bu illərdə yenicə müstəqillik əldə etmiş respublikamızda sovet rejiminin abu-havası hökm sürürdü. Köhnə fikirli bəzi yaşlı nəsil nümayəndələri Elmana fəaliyyətində hər vəchlə maneələr yaratmağa çalışırlar. Lakin onun öz bacarığı, zəhmətsevərliyi, qayğıkeşliyi, yüksək intelektual səviyyəsi hər cür maneələri dəf etməyə, özünə cığır açmağa və uğurla bu yolla irəliləməyə imkan verir.
Bu vaxta kimi ancaq appendisitlər, yırtıq və.s. bu kimi xırda əməliyyatlar olunan Biləsuvar RMX-da uşaqlığın ekstripasiyası, öd kisəsinin, böyrəyin götürülməsi, qeysəriyyə ilə uşağın götürülməsi, kistaların ləğvi, ağır peritonetlər və. s. iri həcmli əməliyyatlar aparılmağa başladı. İllər ötdükcə əməliyyatların çeşidləri də artmağa başladı. Bakı şəhərində səhiyyə ocaqlarına çətin hesab olunan bir çox cərrahi əməliyyatların Elman həkim tərəfindən rayonda uğurla həyata keçirilməsindən insanlar faydalanmış, tezliklə şəfa tapmışlar. Onun şəfalı əllərinin şöhrəti qonşu rayonlara səs salmışdı. Elman həkimin qəbuluna gələn bütün pasientləri şəfa taparaq, sevinə-sevinə evlərinə qayıdırdılar. Xəstəxananın mərhum baş həkimi Yusif Məmmədovun Elman həkimin toy məçlisində “Elman həkim Allah tərəfindən bizim üçün göndərilmiş bir töhvədir” deməsi, illər ötdükcə onun şöhrətinin təkcə cənub bölgəsində yox, Bakı şəhərində də eşidilməsilə bir daha təsdiqini tapmışdır. Ayrı-ayrı xəsətəxanalardan, universitetlərdən Elman həkim iş təklifləri alsa da, o, doğma rayonunda qalaraq insanlara fayda verməyi üstün tutmuşdur.
Bütün ömrünü, fəaliyyətini elinə, obasına yorulmadan xidmət göstərən, sağlamlığının keşiyində duran Elman həkimin ailəsində layiqli iki övladı - Aysu və Mirələkbər böyüyür. Aysu atasının yolunu seçərək, Azərbaycan Tibb Universitetinin “ müalicə işi” fakültəsinin birinci kursunda təhsil alır. Bu sevincin dadını tam çıxarmağa Elman həkimə II Qarabağ müharibəsinin başlaması imkan vermədi. Onsuz da gərgin olan iş rejimi daha da ağırlaşdı. Hər gün səhər 06:00-dan başlayan iş saatı 03:30-a, bəzən 04:00-a kimi çəkirdi. Yaralı əsgərlərə hər gün yardımlar olunur, qəlpələri, güllələri çıxarılırdı. Vətən muharibəsi başlayandan (01 dekabradək) xəstəxanada müalicə olunan 600-dən artıq əsgərimizin hər birinin Elman həkim tərəfindən müayinə və müalicə olunması onun vətəndaşlıq qayəsinin pik nöqtəsi olmuşdur-deyərdim.
Fizikada “enerjinin itməməsi” qanunu vardır. Elman həkim enerjisini xəstələrə şəfa şəklində paylaması, öz səhhətində təsirini göstərmişdir. Arterial hipertoniya, aşağı ətraf venaların varikoz genişlənməsi xəstəlikləri son vaxtlar onu narahat edirdi. O, öz səhhətindəki narahatçılığı yaxşı bilsə də, müalicəyə getməyi planlaşdırsa da, hər gün ondan şəfa diləyən insanları boş qaytara bilmirdi. Minlərlə xəstəyə şəfa verən Elman həkimin insanlığa təəssübkeş münasibəti ondan şəfa diləyən xəstəni naümüd qoymadı. Özünü riskə ataraq, onu ayağa qaldırıb, özü isə xəstəliyin qurbanı oldu.

Bu gün 13 apreldir, 51-ci 13. Elmansız 13...
Ölüm sevinməsin qoy, vermir ömrünü bada
Sevərək yaşayanlar, sevilərək ölənlər.

Dərin ehtiramla: Mirnəsiyyət Mürsəlov, həkim-reanimatoloq,

Surxay Şahbazov, jurnalist



Oxunub: 846
Oxşar xəbərlər
SON XƏBƏRLƏR