dini radikalizm və ekstremizmlə mübarizə

“18 yaşına qədər hər bir uşağa yardım edilməlidir” – UNİKAL TƏKLİF

“18 yaşına qədər hər bir uşağa yardım edilməlidir” – UNİKAL TƏKLİF

“Konstitusiyanın 16-cı maddəsinin I hissəsində göstərilir ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır. Nəhayət, 38-ci maddənin I hissəsində göstərilir ki, hər kəsin sosial təminat hüququ vardır. Bu o deməkdir ki, Azərbaycan dövlətinin vətəndaşlar, o sırdadan da uşaqlar qarşısında sosial öhdəlikləri vardır”.

Djb.az xəbər verir ki, bu fikirləri KONKRET.az-a açıqlamasında iqtisadçı alim Qubad İbadoğlu səsləndirib. O bildirib ki, Azərbaycan BMT-nin Uşaq Hüquqları Konvensiyasına 1992-ci il iyulun 21-də üzv olub. Sonralar həmin konvensiyanın müvafiq protokollarına da qoşulub: “Bu Konvesiya ilə Azərbaycan hökuməti uşaqların haqqlarının qorunması öhdəliyinə malikdir”.

Uşaq pulu ideoloji məsələsidir

Qubad İbadoğlunun sözlərinə görə, uşaq pulu konseptual olaraq əsasən sosial rifah dövlətlərində tətbiq edilir: “Konstitusiyanın 15-ci maddəsinin II hisssəsində göstərilir ki, Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır. Bu o deməkdir ki, Azərbaycanda sosial rifah dövləti formalaşdırılır. Odur ki, Azərbaycan hakimiyyəti ideoloji baxımdan da uşaq pulu ödəmək öhdəliyinə malikdir. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2020-ci ilin 1 yanvar tarixinə Azərbaycanda 0-17 yaşlı uşaqların sayı 2 milyon 636 min 7 yüz nəfər olub. 2001-ci ildə bu yaşda uşaqların sayı 2 milyon 998 min 9 yüz nəfər olub. Bu isə o deməkdir ki, son 20 ildə Azərbaycanda uşaqların sayı 236 min 2 nəfər azalıb. Azərbaycanda sosial müdafiə proqramları çərçivəsində uşaqların 85 faizinə yardım edilmir. DSK-nın məlumatına görə, 2020-ci ilin 1 yanvar tarixinə, sosial müavinət alan uşaqların sayı 401 249 nəfər olub. Bir nəfərə düşən orta aylıq məbləği 118,4 manat təşkil edib ki, bu da 18 yaşa qədər uşaqların 15,2 faizi deməkdir. Deməli 85 faizə qədər uşaqlar sosial müdafiə proqramlarından kənarda qalır”.

Uşaqların hər birinə uşaq pulu verilməlidir

İqtisadçı alim əlavə edib ki, Azərbaycanın da qəbul etdiyi BMT-nin Uşaq Hüquqları 2-ci maddəsində göstərilir ki, iştirakçı dövlətlər uşağın, onun valideynlərinin və ya qanuni qəyyumlarının irqindən, dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, siyasi və ya digər əqidələrindən, milli, etnik və ya sosial mənşəyindən, əmlak vəziyyətindən, səhhətindən və doğum şəraitindən və ya hər hansı başqa hallardan asılı olmayaraq, heç bir ayrı-seçkiliyə yol vermədən, onların yurisdiksiyası daxilində hər bir uşaq üçün bu Konvensiyada nəzərdə tutulan bütün hüquqlara hörmət bəsləyir və onları təmin edir. Odur ki, uşaqlar arasında diskrinimasiya yol verilməzdir: “Büdcənin problemi maliyyə təminatında deyil, onun səmərəli və şəffaf xərclənməsindədir. 18 yaşına qədər hər bir uşağa yardım edilməlidir. Bu zaman 2,6 milyon nəfərdən, 400 min uşaq pulu alan kateqoriyanı çıxmaqla sayı azaltmaq mümkündür. 400 min uşağa ödəmələr hazırkı büdcədə nəzərdə tutulub. Uşaq pulunun məbləği ailələrin gəlirləri əsasında hesablanmalıdır. Uşaq pulunun məbləği ailənin gəlirləri ilə yanaşı, hər bir üzvün yaşayışının minimum dəyəri arasında fərq qədər müəyyənləşdirlə bilər”.

Uşaq Fondu yaradılmalıdır

Qubad İbadoğlu deyir ki, uşaq pulunun maliyyələşdirilməsi və idarəedilməsi üçün Uşaq Fondu yaradılmalı, onun maliyyə mənbələri şaxələndirilməlidir: “Büdcədən, Dövlət Neft Fondundan və şirkətlərdən ayırmalar hesabına Fondun vəsaiti yetərincə təmin oluna bilər. Uşaq pulunun ödənilməsi büdcə gəlirlərinin çoxalmasına stimul verəcək. Uşaq pulunun ödənilməsi ailənin xərcləmələrinin çoxalmasına, əhalinin alıcılıq qabliyyətinin artımına və bununla da dövlət büdcəsinə istehlak vergilərinin daha çox daxil olmasına gətirib çıxaracaq. Bununla da dövlət uşaq pulu adı ilə ödədiyi vəsaitlərin bir hissəsini büdcəyə qaytaracaq. Uşaq pulunun ödənilməsi neft gəlirlərinin nəsillər arasında bölgüsü sahəsində mövcud ədalətsizliyi qismən də olsa aradan qaldıra bilər. Uşaq pulunun ödənilməsi dövlət və ailə münasibətlərini möhkəmlədə, hakimiyyətə ailələrin etimadını artıra bilər. Azərbaycanda uşaqlar doyunca yeməli, sağlam və savadlı böyüməlidir, bunun üçün də uşaq pulu mütləq verilməlidir”!

Oxunub: 359
Oxşar xəbərlər
SON XƏBƏRLƏR