dini radikalizm və ekstremizmlə mübarizə

Şəhidlik zirvəsi


İkinci Qarabağ müharibəsi Azərbaycanın hərb tarixinə şanlı səhifələrlə yazıldı. Ordumuz bu ölüm-dirim savaşında bütün dünyaya öz hünər və şücaətini göstərdi. 30 il düşmən əsarətində olan müqəddəs torpaqlarımızın azad edilməsi uğrunda əsgərlərimiz, mayorlarımız, gizirlərimiz, könüllülərimiz bir sözlə desək atalarımız, oğullarımız, qardaşlarımız və dostlarımız çiyin-çiyinə vuruşaraq misilsiz qəhrəmanlıqlar göstərdilər. Bir çox igidlərimizin adları xalqın dil əzbərinə çevirildi. 44 gün ərzində bizə zəfər hissini, əsl dəmir yumruq kimi möhkəmliyimizi, birliyimizi bu igidlər öz hünərləri ilə sübut etdilər. Elə bu cəngavərlərdən biri də əsl düşmən çəpəri olan, öz snayperi ilə yağı düşmənlərimizin 40-dan çox canlı qüvvəsini məhv edən, Xüsusi Təyinatlı Qüvvələrin giziri, vətən oğlu Şəhid Məmmədov Emindən söhbət açacam.
15.08.1992-ci ildə, Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində, bir Azərbaycan əsgəri dünyaya göz açır. Gəlişi ilə hamıya sevinc bəxş edən aslanımızın valideynləri nə bilərdilər ki, 28 ildən sonra 30 illik vətən həsrətini bütöv Azərbaycan xalqının gözündən silərək, hamıya sevinc bəxş edənlərdən biri də elə məhz onların övladı olacaq. Məncə bundan böyük qürur hissi ola bilməz.
Bir az qəhrəmanımızın məktəb illəri ilə tanış olaq; Emin, 1999-cu ildə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində yerləşən, birinci Qarabağ müharibəsində şəhid olan, Tağı Məmmədovun adına həsr olunmuş tam orta məktəbin 1-ci sinfinə qəbul olmuşdur. Emin sinifdə çalışqan şagird idi. Dərslərindən daima yaxşı qiymətlər alardı. Məktəbdə ən sevdiyi fənn isə tarix fənni olub. Amma heç kim bilməzdi ki, Emin özü bir tarix yazacaq və növbəti gənc nəsil bu tarixi böyük qürur hissi ilə oxuyacaq. Müəllimləri də Emini çox istəyirdi. Deyirdilər ki, “Emin dərslərində çalışqan bir şagirddir. Davranışı ilə digər yoldaşlarindan hər zaman seçilərdi.
Beləcə, Emin 11-illik orta təhsilini bitirdikdən sonra, vətənə borcunu ödəmək üçün hərbi xidmətə yola düşür. Qazaxda N- saylı hərbi hissələrin birində, kəşfiyyatçı əsgər kimi hərbi xidmət göstərməyə başlayır. Hərbi xidmətini başa vurub, doğma el-obasına qayıdan Emin, bir müddət keçdikdən sonra yenidən hərbi xidmətini davam etdirmək üçün gizir hərbi kursuna yazılır. Gizirlik hərbi kursunu müvəfəqiyyətlə bitirən Emin, Beyləqan rayonunun N- saylı hərbi hissəsinin kəşfiyyat taborunda xidmətini davam etdirmək üçün yola düşür. Gizir Məmmədov Emin xidmətini laiqincə yerinə yetirməklə yanaşı, snayper yarışlarına qatılaraq birinci yerə laiq görülür.
Hər zaman qisas hissi ilə yaşayan Emin , 30 il yad əllərdə olan torpaqlarımızı, artıq azad etməyin vaxtıdır deyə çox çalışırdı. Beləliklə, 27 sentyabr 2020-ci il tarixində ölkə başçımız cənab İlham Əliyev “ İrəli ” əmrini verərək, bütün Azərbaycan xalqını və ordusunu ayağa qaldırdı. Məhz bu “ irəli “ əmrinin nəticəsində 30 il çəkilən acıların qisası və torpaq həsrətinə son qoyuldu. Bəs sizlər bilirsinizmi bu hansı aslanlarımızın geri dönüşüdür?- O zamanlar, yəni 30 il öncə o yollarla ayaqyalın, didərgin salınan körpələrin.
Bəli, türk oğuz elinin oğulları belə ər, qorxmaz, aslan və şahindilər. Emin, 2-ci Qarabağ müharibəsi başlayan zaman ön cəbhəyə yollandı. Füzuli istiqamətində gedən döyüşlərdə fəal iştirak edərək, yağıların 40-dan artıq canlı qüvvəsini snayperlə məhv etdi. Mən bu cümləni deyəndə bir anlıq dastanlardan oxuduğumuz Koroğlunu xatırlayıram. Koroğlu misri qılıncını çəkərək düşmənlərə meydan oxuyurdu, Emin isə snayperi ilə düşmənlərə meydan oxudu. Eminin dəqiq və sərrast atışının nəticəsinə görə döyüş yoldaşları ona “Şahingöz” ləqəbini vermişdilər. Qəhrəmanımız öz dəstəsi ilə 10 km irəliləyərək, 3 postun alınmasında iştirak edib. Gizir Məmmədov Eminin həm də yaralı əsgər yoldaşlarının çıxardılmasında da böyük rolu olub. O, Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəldi. Bu an şair Məhəmməd Füzulinin dəyərli bir sözü yadıma düşdü: “ Ya şəhid olmaq , ya da intiqam almaq gərək” Emin də həm intiqam aldı, həm də şəhid oldu. Döyüş yoldaşları şəhidimiz haqqında bunları dedilər: Eminin sayəsində biz sağ qaldıq, bizə çox kömək edirdi. Səngərdə əlini qaldırıb bizə işarə verdi ki, aşağı əyilək, elə bu an düşmən gülləsinə tuş gələrək şəhadətə yüksəldi.
Emin Məmmədov 27 oktyabr, 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalaraq, bizlərə bir hədiyyə bəxş edib, cənnətə qovuşdu. Nədir bu hədiyyə deyə sorsanız? "Vətən Torpağı" Onlar bizim üçün “Qarabağ” adlı bir mükafat verib əbədiyyətə qovuşdu. Hər birinizin ruhu qarşısında baş əyir, sizlərlə qürur duyuruq. Haqqınızı bizə halal edin, "Əziz Şəhidlərimiz" Sizlər hər birimizin qəlbində əbədi yaşayacaqsınız.
Şəhidimiz Emin Məmmədovun vəfatından sonra, Prezident Cənab İlham Əliyevin 15. 12. 2020-ci il tarixli sərəncamına əsasən,
• “ Vətən uğrunda” medalı ilə
• “Vətənə xidmətinə görə” ordeni ilə
• “Füzulinin azad olunmasına görə” medalı ilə
• “Qubadlının azad olunmasına gorə” medalı ilə təltif olunmuşdur.
Eminin göstərdiyi şücaəti nəqədər yazsaq da bitirə bilmərik. Qurani-Kərimin Bəqərə surəsini misal çəkərək məqaləmi sonlandırmaq istərdim: “Allah yolunda öldürülənlərə ( şəhid olanlara ) ölü deməyin. Əksinə, onlar diridirlər. Lakin, siz bunu dərk etmirsiniz.


Sevinc Hüseynova

Oxunub: 422
Oxşar xəbərlər
SON XƏBƏRLƏR