dini radikalizm və ekstremizmlə mübarizə

Səxavətli insan ilə simic adam arasında gedən bir insanlıq savaşı: Murtuza Muxtarov və Ağa Musa Nağıyev


Azərbaycanda mərhum Murtuza Muxtarov Hacı Zeynal-Abudin Tağıyevdən sonra ikinci bir xeyirxah və əməli-saleh şəxs kimi tanınır. O da mal-dövlətini gözünü qırpmadan, heç bir tərəddüdə qapılmadan və "Uf!" demədən vətən və xalq yolunda xərcləyən bir zati-ali idi. Azərbaycan tarixində bu cür iz buraxan adamları gördükdə, sözün həqiqi mənasında, insan özü-özlüyündə çox böyük bir milli qürur keçirmiş olur.

Bu günləri Murtuza Muxtarov kimi bir böyük şəxsiyyətin izindəyik. Kasıb, yoxsul və fəqir-füqəra adamlar imkanlı şəxslərdən Murtuza Muxtarovun nəzakətini, insanpərvərliyini və mərhəmətini gözləyirlər. Lakin...... Amma Murtuza Muxtarov kimi faydalı adamlar bu dünyaya nadir hallarda gəlirlər.

Bu günləri ölkəmizdə olan simic və xeyirxah varlılar, təbii ki, XIX əsrin sonu-XX əsrin əvvəllərində də var idi. Murtuza Muxtarov öz işinin adamı idi, səxavət və mərhəmət sahibi idi. O, 1865-ci ildə Əmircan kəndində doğulmuşdu, mən əminəm ki, əmircanlılar bu gün də öz kəndlərinin dəyərlisi olan Murtuza Muxtarovu unutmur və onu dərin bir hörmət ilə yad edirlər.

Bir gün Əmircan kəndinin məscidi istifadəyə yararsız olur. Məscidin imamı olan Hacı Turab məscidin yenidən inşasına görə maliyyə yardımı etmələri üçün tanıdığı milyonçu iş adamlarının evinə gedir. İlk getdiyi ev Ağa Musa Nağıyevin evi idi. Musa Nağıyevdən məscidin bərpasına kömək etməsini xahiş edir. Lakin əvvəldə də qeyd etdiyim kimi, Musa simic adam olduğundan Hacı Turabı məyus bir halda geri qaytarır və öz köməyini ondan əsirgəyir, çox böyük bir saxtakarlıq ilə Allahın evini təmir etməyə imkanının olmadığını söyləyir. Hacı Turan kor-peşman bir şəkildə Əmircan kəndinə doğru yol alır. Yolda faytonda gələn rəhmətlik Murtuza Muxtarov ilə qarşılaşır. Murtuza Muxtarov nəzakət ilə Hacı Turabdan faytonda əyləşməsini xahiş edir, ondan narahatlığını xəbər alır və axund da mövcud problemi, bir az öncə Musa Nağıyevin simicliyini ona nəql edir. Murtuza Muxtarov da Hacı Turaba Əmircan kəndində yeni bir məscid tikdirəcəyini vəd edir. Təbii ki, Hacı Turab da bu mübarək insanın sözlərinə sevinir və inanır. Murtuza Muxtarov Əmircan kəndinin düz mərkəzində çox gözəl və möhtəşəm bir məscid inşa etdirir, namaz adamları məscidə axışır. Bu xəbəri eşidən Musa Nağıyev rəqabət sevdasına düşür və Murtuza Muxtarovun inşa etdirdiyi məscid ilə üzbəüz bir məscid tikdirir. Əlbəttə ki, o, bunu Allaha xatir, yox, sırf öz şəxsi istəkləri və özünü göstərmək üçün edir. Ancaq Allaha və insanlığa xatir edilməyən işin xeyiri olmaz. Bolşeviklər Azərbaycanımızı işğal edərkən, Əmircan kəndinə atılan toplardan biri məhz Musa Nağıyevin tikdirdiyi məscidi dağıdır. Çünki, o məscid Allaha, onun rzasına və dindarların ibadətinə görə tikdirilməmişdi. Onun üçün də, heç bir xeyiri və faydası olmadı. Amma Murtuza Muxtarovun inşa etdirdiyi məscid isə bu gün də qalır və insanların istifadəsindədir.

Murtuza Muxtarov kimi olmaq çox çətindir. Onun kimi olmaq üçün, gərəkdir ki, ilk öncə insan olmağı və səxavətli davranmağı öyrənəsən. Bu isə, heç şəkk-şübhəsiz ki, hər bir kəsə qismət olmayan xoşbəxtlikdir. Murtuza Muxtarov həyatı boyunca insanlara yaxşılıq etdi: hər bir Azərbaycan övladının ehtiyacını ödədi, yeni məktəblər açdırdı, gəncləri oxutdurdu, kasıblara qucaq açdı. O, bu xeyirxahlığını təkcə Azərbaycanda yox, eləcə də Dağıstanda da davam etdirdi.

Murtuza Muxtarov ömrünün sonunda vətənə olan son övladlıq borcunu da ödədi. Deməli, 1920-ci ilin aprel ayında Azərbaycanımız yenidən iblis ruslar tərəfindən işğal olunur. İki bolşevik altısı Murtuza Muxtarovun sarayına daxil olaraq ondan təslim olmağını tələb edirlər. Hər zaman öz şəxsiyyətini, mənliyini qoruyan bu qürurlu insan tüfəng götürür və içərisinə patron qoyaraq aşağı düşür, hər şeylərini iblisə və şeytani ideologiyalara qurban verən bolşeviklərdən birini güllələyir, digəri də onu güllələyir. Beləliklə, Murtuza Muxtarov şəhid olur. Onun övladı yox idi, lakin xalqın balalarını öz övladı kimi bilir və onların qayğısına qalırdı.

Allah Murtuza Muxtarova qəni-qəni rəhmət etsin və onda olan o vətənsevərlikdən, insanpərvərlikdən, səxavətdən, nəzakətdən, xeyirxahlıqdan Azərbaycanın bu günkü iş adamlarına, varlılarına, imkanlı sahibkarlarına da bəxş etsin ki, onlar da Murtuza Muxtarov kimi bu xalqa, vətənə səmimi qəlbdən kömək etsinlər, imkanları ola-ola kasıblara "Yoxdur!" deyərək Musa Nağıyevin eybəcər üzünü ağartmasınlar, onun hərəkətlərini dirçəltməsinlər və xalqın gənc övladlarına faydaları olsun!

Ərtoğrul Aypar

Oxunub: 499
Oxşar xəbərlər
SON XƏBƏRLƏR