dini radikalizm və ekstremizmlə mübarizə

Milli Məclis Sədrinin müavini Adil Əliyev Özbəkistanın ölkəmizdəki səfiri ilə görüşüb


Martın 3-də Milli Məclis Sədrinin müavini, parlamentin Gənclər və idman Komitəsinin sədri Adil Əliyev Özbəkistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanovla görüşüb.
Sədr müavini qonağı salamlayaraq bildirib ki, ölkələrimiz arasındakı münasibətlər qədim köklərə malikdir. İki ölkə arasındakı əlaqələrin inkişafında dövlət başçılarının rolundan danışan vitse-spiker yüksək səviyyəli belə səfərlər zamanı bir sıra mühüm ikitərəfli sənədlərin imzalandığını diqqətə çatdırıb.
Görüş zamanı Adil Əliyev Səfirə onun ölkəmizə təyin olunduğu 2020-ci ilin Azərbaycan tarixinə Zəfər ili olaraq düşdüyünü, bu tarixə qədər Ermənistanın 30 ilə yaxın torpaqlarımızı işğal altında saxladığını, bir milyondan artıq həmvətənimizin məcburi köçkün kimi öz yurd-yuvalarından ayrı düşdüyünü xatırladıb. Bildirib ki, bu işğal faktı regionda sülhün və sabitliyin yaranmasının qarşısında əsas əngəl idi. 2020-ci il sentyabrın 27-də isə təmas xəttində düşmən növbəti dəfə təxribat törədərək mülki əhalinin yaşadığı əraziləri atəşə tutdu, nəticədə Azərbaycan Ordusunun əks-hücum əməliyyatı ilə düşmənə sarsıdıcı zərbə vurularaq Ermənistan məğlubiyyətə uğradıldı. Bununla da 30 ildən sonra BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Ümid edirik ki, Ermənistan bundan sonra təcavüz siyasətindən əl çəkəcək və regionda sülh bərqərar olacaq.
Səmimi görüşə görə minnətdarlığını bildirən Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov ölkəmizdə müşahidə edilən hərtərəfli inkişafın təqdirəlayiq olduğunu deyib. Səfir Azərbaycanın ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin üzvləri üçün Ağdam və işğaldan azad edilmiş digər rayonlara təşkil etdiyi səfərlərdən danışaraq diqqətə çatdırıb ki, o, həmin səfərlər zamanı Ağdam və işğaldan azad edilmiş digər ərazilərdə ermənilər tərəfindən tarixi abidələrə qarşı törədilmiş terroru, mədəni abidələrin dağıdılmasını şiddətlə qınayıb. Səfir diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasındakı münasibətlərin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluq bildirilib, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

Oxunub: 344
Oxşar xəbərlər
SON XƏBƏRLƏR