Ətraf mühit və insan sağlamlığı üçün ən böyük təhlükəni təbii mühitin radioaktiv çirklənməsi yaradır. Hava radioaktiv maddələrlə nə qədər çox çirklənərsə, şüalanma təhlükəsi bir o qədər çox artır. Paytaxt Bakıda radiasiya fonu ən yüksək olan sahələr əsasən neft mədənlərinin əraziləridir. Mütəxəssislər qeyd edir ki, neft quyularının ətrafında radiasiya fonu normadan yüz dəfələrlə çoxdur, elə buna görə də mədən ərazisində əhalinin məskunlaşması tövsiyə edilmir. Lakin hazırda Abşeron yarımadasındakı bir çox neft mədəni ərazilərində minlərlə ailə yaşayır.

Əhalinin ən sıx məskunlaşdığı sahələrdən biri də Səbail rayonundakı “Bibiheybətneft” Neft-Qazçıxarma İdarəsinin (NQÇİ) mədən əraziləridir. Burada elə neft quyusu var ki, ətrafında 3-4 ev tikilib. “20-ci sahə” yaşayış massivinin ərazisindəki vəziyyət isə daha acınacaqlıdır. Təsəvvür edin, burada bəzi evlərlə “kaçalka” arasındakı məsafə bir metrdən də azdır. Hətta bəzi yaşayış evlərinin həyətində, hasarlarına birləşmiş neft quyuları mövcuddur. Halbuki qanunvericiliyin tələbinə əsasən, neft quyusundan azı 300 metr məsafədə hər hansı şəxsi tikinti işlərinin aparılması qadağandır. Belə olan halda sual yaranır: Bəs bu qədər insan neft mədənlərinin ərazisində necə məskunlaşıb?
Oxunub: 804