dini radikalizm və ekstremizmlə mübarizə

Biri gözünün nurunu, biri isə düşməni lərzəyə salan vuran əlini Vətənə fəda edib… Biləsuvarlı qazi dostları siz də tanıyın!!!


Ali Baş komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı bütün güc və enerjisini qələbəyə yönəltdi. İlk günlərdən zəfər dolu qələbə coşqusu ilə haqq savaşına atılan müzəffər əsgərlərimiz qorxmaz və cəsurluğunu, Ali Baş Komandan ətrafında bir yumruq kimi birləşən vətənsevər , mübariz xalqımız öz möhkəm iradəsini sonadək hər kəsə nümayiş etdirdi.
Tarix elmləri doktoru Eynulla Mədətlinin fikrincə desək: “Bir sözlə, Vətən müharibəsi insanların illər boyu vərdiş etdikləri həyat fəlsəfəsini dəyişdi, yeni bir təfəkkür hadisəsini- qalibiyyət fəlsəfəsini doğurdu, ordu və bayraq sevgisini həmişəlik könüllərə və zehinlərə yerləşdirdi, hər kəsə yeni həyat gücü və enerjisi bəxş etdi. İndi elə bir vətəndaş tapılmaz ki, torpaqlarımızı ziyarət etmək haqqında düşünməsin.”
Vətən müharibəsində Biləsuvarın İsmətli kəndindən olan gənclər də qəhrəmanlıqla döyüşmüş, qazilik məqamına ucalmışdır. Kənddən 100–lərlə hərbi qulluqçu bu gün də azad olunmuş torpaqlarımızda xidmətlərini davam etdirir. Kənd orta məktəbinin müəllimi Amil Əliyev yetirmələrinin vətən müharibəsindəki fədakarlığından ürək dolu danışarkən: «Son 30 ilə yaxın bir tarixdə torpaqlarımızın işğalı ilə barışmayan vətən oğulları bu yolda sağlamlığını qurban verməyi və şəhid olmağı da bacardılar. Onlar bir daha sübut etdilər ki, vətənpərvərlik təkcə sözdə deyil, əməldədir, lazım gələndə silaha sarılmağı da bacardıq!.»
Məktəbin məzunu 2002-ci il təvəllüdlü Nərimanlı Sarxan Fizuli oğlunun rəssamlıq istedadı da var. Hələ şagird olarkən əl işləri rayon Dövlət rəsm Qalareyasında sərgilənib. Vətənpərvərlik mövzusunda çəkdiyi əl işləri ona böyük uğurlar gətirib. 2019-cu ilin yanvarında həqiqi hərbi xidmətə yollanıb. 2020-ci ilin sentyabrında döyüşlər başlayanda o, da xidmətdə olduğu Fizuli istiqamətindən düşmən üzərinə atılır. Qubadlı, Xocavənd, Cəbrayıl uğrunda ağır döyüşlərdə iştirak edir. Oktyabrın 26-da Cəbrayılın kəndlərini bir-bir azad edərək düşməni torpaqlarımızdan qovarkən yaxınlığına düşən mərminin qəlpələrindən ağır yaralanır. Bu zaman Sarxan sol gözünü birdəfəlik itirməli olur. 19 yaşlı gənc gözünün nurunu vətəni uğrunda itirməsinə baxmayaraq, bu gün yenə də eyni sözü deyir, «Vətən sağ olsun» ! Vətən fədaisini dövlət başçımız da adına layiq qiymətləndirib. “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunub.
Digər qəhrəmanımız isə Sarvanın həmkəndlisi, dostu 1992-ci il təvəllüdlü Cabbarlı Nicat Famil oğludur. 2011-2013-cü illərdə Naxçıvanda Xüsusi Təyinatlı Qüvvələrdə həqiqi hərbi xidmətdə olub. İdmanla daimi məşğul olan Nicat 2016-cı ildə yenidən hərbidə xidmətə müraciət edərkən fiziki hazırlığına görə müsabiqələrdən uğurla keçir. MN-nin tərkibində XTQ-nin Beyləqandakı xüsusi əməliyyat taborunda xidmətə başlayır. Vətən müharibəsi başlayanda, qəhrəmanımız ön cəbhədə Fizuli rayonundan döyüş tapşırığının icrasına başlayır. Plan üzrə həyata keçirilən xüsusi əməliyyatlarda Nicat silahdaşları ilə ilk gündən düşmənin 3 kamera müşahidə məntəqəsini, bir neçə strateji əhəmiyyətli postunu ələ keçirilməsinə nail olur. İlandağ uğrunda gedən döyüşlərdə özü də düşmən snayperindən açılan qəfil gülləyə tuş gəlir. Sol qolu və əli ciddi xəsarət alır. Tək əli ilə döyüşləri davam etdirmək cəhdinə baxmayaraq, komandiri onun təxliyyə olunmasını tələb edir. Paytaxt və yerli tibb müəssisələrində müalicələr alsa da, hələlik sol əli işləmir.
Bu gün Nicatın döyüş meydanında göstərdiyi şücaət də yüksək qiymətləndirilib. Prezident sərəncamı ilə o, «Fizulinin azad olunmasına görə» medalı ilə təltif olunmuşdur .
Sağaldıqdan sonra müqəddəs vətən torpaqlarında xidmətini davam etdirəcəyi günü böyük səbirsizliklə gözləyən qazimizə Allahdan şəfa diləyirik.


Surxay Şahbazov,
“Region-Press” qəzetinin baş redaktoru



Oxunub: 800
Oxşar xəbərlər
SON XƏBƏRLƏR