dini radikalizm və ekstremizmlə mübarizə

TALEHİN ŞƏHADƏT YOLU


Azad vətən qəhrəmanların ən gözəl sənət əsəridir. O əsərin ərsəyə gəlməyi heç də asan başa gəlməyib. Kimi son damla qanından, son nəfəsindən keçib, kimi sağlamlığından,ümidlərindən. Hər bir qəhrəmandan bir iz var bu əsərdə. Ümidin bitdiyi yerdə doğulan ümidlər azad vətənin sabahıdır.
      Dünənini vətən üçün yaşayıb sabahını vətənə qurban verən bir qəhrəmandan yazacam. Yazacam ki, azad vətənin hansı oğulların əmanəti olduğunu hər kəs bilsin. 26 illik ömür yaşayan Yusifov Taleh Gündüz oğlu. 1994-cü ilin 18 noyabr tarixində dünyaya gəlmişdi Taleh. Samux rayonun Ziyadlı kəndində Yusifovlar ailəsinin sonbeşiyi olaraq ailəsini sevindirmişdi. Mələk ananın Telehə istəyi bir başqa idi. Sonbeşiklər fərqli olur. Ailənin kiçiyi gün keçdikçə böyüdü. Məktəbli yaşına çatan Taleh 2001-ci ildə Samux rayon Ziyadlı kənd İmadəddin Nəsimi adına tam orta məktəbdə təhsil almağa başladı. Sakit təbiəti ilə seçilən Taleh 2012 - ci ildə məktəbi bitirdi. 2013-cü il yanvar ayının 25-də hərbi xidmətə getdi. Xidmətini Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qıvraq qəsəbəsində yerinə yetirdi. Sərrast atıcılıq qabiliyyəti olan Taleh snayperçi kimi hər zaman hədəfi dəqiq nişan almağı bacarırdı. 2014 - cü il iyul ayında xidmətini başa vurdu və Samux rayonuna qayıtdı. Bərbər kimi fəaliyyət göstərdiyi zamanda da gözəl ürək sahibi hər kəsin qəlbinə yol tapmışdı. Ailəsinin, dostlarının sevimlisi olan Taleh Allahın da sevimli bəndəsi idi. Elə olmasaydı Taleh şəhadət yolunun yolçusu olmazdı.
     Hər oğul dünyaya gələndə ən böyük arzu onun vətənə layiq bir övlad olması olur. Vətənə layiq oğullar vətənin "oğul" deyə səsləyişinə "can" deyərək can alıb can verməyə tələsdiyi bir vaxtda Taleh də o igid oğullar sırasında dayandı. 27 sentyabr başlayan Vətən müharibəsində Teleh gilin dəstəsi əvvəlcə Murov dağ istiqamətində vuruşublar. Ordan Füzuliyə göndərilən dəstə daha sonra Cəbrayıl, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə düşməni məğlubiyyətə uğradıblar. Talehin son döyüşü Laçında olub. Laçın uğrunda gedən gərgin döyüşlər zamanı noyabrın 4-də düşmənin açdığı snayper atəşi nəticəsində şəhid olub. Azad olunan bir çox ərazilərimizdə izi qalan qəhrəman şəhid kimi Laçın torpağında iz salıb.
       Ailəsi ilə son dəfə noyabrın 3-də danışan Talehdən ailəsi 2 həftə heç bir xəbər ala bilməyib. Günbəgün ümidləri üzülən doğmaların son ümidinə 26 noyabrda nöqtə qoyuldu. Uğrunda can verdiyi bayrağa bürünən bir tabut Yusifovların isti ocağını buza döndərdi. Taleh arzularda yer almayan kimi evinin qonağı oldu. 27 noyabrda isə kənd qəbirsanlığında canını qurban etdiyi torpağa tapşırıldı.
       Hər şəhid xalqın qəlbində ölümsüzlük qazanır. Onların ömür yolların örnək götürən insanlar çox olur. Taleh də ölümsüzlük qazanan qəhrəmanlardan biridir. O şəhadətindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən Uğrunda" medalı ilə təltif olunub. Bu vətən səni unutmayacaq vətən uğrunda can fəda edən Yusifov Taleh Gündüz oğlu.

MANYA SƏXAVƏTQIZI

Oxunub: 1 022
Oxşar xəbərlər
SON XƏBƏRLƏR