dini radikalizm və ekstremizmlə mübarizə

Müharibəni kişilər qanla, qadınlar göz yaşı ilə yazar..



“Qarabağ- qadınların gözü ilə”

Hardasa, belə bir başlıq altında yazı oxumuşdum : "Müharibənin üzü qadın deyil". Çox düşündürmüşdü məni bu sözlər və razılaşmışdım. Bəlkə də qadın mənəvi cəhətdən kişidən qat qat güclü ola bilər, amma söhbət fiziki gücdən gedirsə bax o zaman qadın bir az geriləyir...

Açığı deyim müharibəni sevmirəm... Bir qadın olaraq bu məni dəhşətə gətirir... Amma bir halda ki, düşmən torpağa göz dikir və haqsız ola ola haqlını susdurmaq istəyir, bax, o zaman anlıyıram ki müharibə qaçılmazdır! Mənim babam böyük vətən müharibəsindən ona yadigar qalan qəlpəni son günə qədər özü ilə gəzdirdi, amma bir dəfə də gileylənmədi... Nənəm Qarabağ həsrəti ilə dünyasını dəyişdi və xoşbəxtlikdən anam bu canlı Qarabağ tarixinin sevincini yaşamağa başlayıb. Nəvələrini başına yığıb, o torpaqları göstərəcəyini vəd etməkdən yorulmur... Biz anbaan Qələbəyə yaxınlaşırıq. Bu danılmaz faktdır...

Açığını deyim ki, hərdən mənə elə gəlir ki, şirin bir yuxunun ağuşundayam və gördüklərim, hiss etdiklərim bir yuxudur... Ayılmaq belə istəmirəm... Həyatımın müxtəlif anlarına boylanıram... Hər zərrəsində bir Qarabağ həsrəti, Qarabağ nisgili var. İlahi, bu həsrətə, bu nisgilə dözmək üçün nə qədər səbr vermisən bizlərə...

Bu gün tarixi anları yaşadığımın fərqindəyəm... Bu gün ölkəmin güclü olduğunun fərqindəyəm... Oğullarımızın düşmənə meydan oxuduğunun da fərqindəyəm... Amma yenə də tam xoşbəxt olmağa qadın sentimentallığı mane olur... İnsan ölümü faktoru ilə barışa bilmirəm... Gözlərimin yaşı qurusa da ruhumun, qəlbimin göz yaşı dayanmır... Şəhid zirvəsindən boylanan yaraşıqlı, boy buxunlu oğullarımızın gözlərinin dərinliyinə baxıb anlayıram ki, onlar canları, qanları bahasına tarix yazırlar, digər tərəfdən də analıq hisslərim deyir ki, sən bir də onlara analarının gözü ilə bax...

Bax, bu zaman, ən ali təsəllinin belə gücsüz olduğunu anlayıram... Vətən sağ olsun! Müharibə zamanı döyüşən əsgərə sual verirlər ki, döyüşlər zamanı səni ən çox nə sevindirər, nə xoşbəxt edər?

Cavab verir ki, yüzlərlə cəsədlərin içində bir nəfərin belə sağ iniltisini eşidən zaman xoşbəxt olursan, bax o zaman anlayırsan həyatın, yaşamın dəyərini!

Müharibənin üzü soyuqdur... Qələbəninsə üzü isti... Müharibəni kişilər qanla, qadınlar göz yaşı ilə yazar... Və ən böyük hiss, qələbəyə inam hissidir ki, irəliyə doğru addımların səngiməsin! Dünya yaranandan müharibələr olub və hələ də olmaqda davam edir... Əslində davam etməsini bir qadın olaraq istəmədiyimiz halda, buna bizi sürükləyənlərin ədalətsizliyini nəzərə alıb, barışmalı oluruq... Çünki istənilən halda Ədalət zəfər çalmalıdır!

Amma gəlin, bu məsələyə digər tərəfdən baxaq... 21-ci əsrdəyik. Sürətli internetin dünyaya meydan oxuduğunu, sivilizasiyanın ən ali, pik nöqtəsinə çatdığını, virtual aləmin əhəmiyyətini nəzərə alsaq, deyə bilərik ki, güc olmadan da ağılla hər şeyi yoluna qoymaq olar... Amma görünür ki, bütün dövrlərdə müharibə qanla yazılır və bunu hələ ki, dəyişmək olmaz!

Bu gün Qarabağın tarixini yazanlardan biri də mənəm... Bir qadın olaraq: göz yaşımla, bir insan olaraq: mənəvi gücümlə, bir ana olaraq: sevgimlə! Bir azərbaycanlı olaraq: düşmənə nifrətimlə !

Təranə Feyzullayeva

Oxunub: 399
Oxşar xəbərlər
SON XƏBƏRLƏR