dini radikalizm və ekstremizmlə mübarizə

"Ermənistan Tovuzda aldığı zərbənin revanşını Gəncə ilə almaq istəyir" - Politoloq

 "Ermənistan Tovuzda aldığı zərbənin revanşını Gəncə ilə almaq istəyir" - Politoloq

“Ermənistanın təcavuzkar hərəkətləri və aqressiv ritorikası cavabsız qaldıqca bu ölkə yeni-yeni təcavüzkar addımlar atmağa həvəslənir. Bir neçə il əvvəl Ermənistan məşhur sülh əvəzinə ərazi prinsipindən rəsmən imtina etdikdə dünya birliyi, beynəlxalq vasitəçilər, ATƏT-in Minsk Qrupu və beynəlxalq təşkilatlar bu təcəvüzkar bəyanatın arxasında dayanan təhlükəni lazımınca qiymətləndirə bilmədilər və təcavüzkarı yerində oturtmadılar. Bunun ardınca nələr gəldi? Bunun ardınca sülh danışıqlarının formatını dəyişdirmək, Dağlıq Qarabağı danışıqlar prosesinə müstəqil bir tərəf kimi cəlb etməklə əslində 30 ildən artıq davam etmiş danışıqlar prosesinin əldə olunmuş az-çox müsbət nəticələrini məhv etmək gəldi. Bunun ardınca Ermənistanın müdafiə naziri “yeni ərazilər naminə yeni müharibə” bəyanatını ortalığa qoydu. Bu artıq o deməkdir ki, Ermənistan nəinki işğal olunmuş torpaqları beynəlxalq hüquq normalarına uyğun və BMT sənədlərində də əks olunmuş formalarda geri qaytarmaq fikrində deyil, əksinə, Azərbaycanın yeni-yeni torpaqlarını işğal etmək niyyətindədir”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Bakı Xəbər qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev Ermənistanın Azərbaycanın Gəncə şəhəri ilə bağlı ortaya çıxan mənfur planlarını şərh edərkən deyib.

A.Quliyev daha sonra bildirir ki, Ermənistan Sərsəng Su Anbarını və Mingəçevir Su Elektrik Stansiyasını partlatmaqla hədələyəndə, Sərsəng Su Anbarının təyinatını dəyişdirmək və onu Azərbaycana qarşı ekoloji terror vasitəsinə çevirmək üçün addımlar atanda dünya birliyi yenə eyni qaydada susdu və indi bunun davamını görürük:

”Bu gün Ermənistan artıq Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni vurmaqla hədələyir. Bu o deməkdir ki, təcavüzkar dövlət lap bu yaxınlarda Tovuzda aldığı zərbənin qisasını almaq üçün yeni bir revanş aksiyası hazırlayıb. Bu o deməkdir ki, Ermənistan artıq Azərbaycanın hərbi obyektləri ilə yox, insanların yaşadığı şəhərlərlə, mülki obyektlərlə müharibəyə başlayır və belə planlar işləyir. Bu o deməkdir ki, dünya birliyinin Ermənistanın təcavüzkar bəyanatlarına və planlarına susması həqiqətdə Ermənistanı daha qorxulu planların həyata keçirilməsinə yönəldir. Buna görə də dünya birliyi və ATƏT-in Minsk Qrupu Ermənistanın Gəncə ilə bağlı hədə-qorxusuna çox ciddi yanaşmalı və bu şəhərin başında Ermənistanın planlaşdırdığı humanitar fəlakətə gecikmədən ciddi reaksiya verməlidir. Ermənistanı bu planlardan çəkindirmək üçün xüsusi addımlar atılmalıdır. Ermənistana bunun nə qədər təcavüzkar və qorxulu plan olduğu açıq-aşkar və ünvanlı bəyanatla izah olunmalıdır. Və Azərbaycanın Gəncə şəhəri, ən azı, Ermənistanın təcavüzkar planları qarşısında dünya birliyinin xüsusi nəzarətinə götürülməlidir. Çünki təxminən 1 milyondan artıq insanın yaşadığı bu şəhərin erməni təcavüzünün qurbanı olması, özü də hər hansı bir formada qurbanı olması çox böyük hümanitar fəlakətlər törədə bilər. Həm də burada söhbət birbaşa hərbi zərbələr endirməkdən getmir, biz bunu Ermənistandan gözləyirik, amma istisna deyil ki, Ermənistan Azərbaycanın ikinci paytaxtı sayılan bu şəhərə qarşı ən müxtəlif diversiyalar, təxribatlar, müxtəlif terrorlar, insanların kütləvi şəkildə qırılmasına gətirib çıxaran kütləvi qırğın silahlarının tətbiqinə də gedə bilər. Buna görə də Gəncənin başının üstünü almış bu təhlükə dünya birliyi tərəfindən ciddi qəbul olunmalı və ciddi nəzarətə götürülməlidir”./Bakı Xəbər/

Oxunub: 515
Oxşar xəbərlər
SON XƏBƏRLƏR