Ölkəmizdə pandemiya ilə mübarizədə atılan addımların davamlılığı hazırki durumda yoluxanların sayını azaltmaqla bərabər, dünyanın həyəcanla gözlədiyi ikinci dalğadan sığortalanmağa əsaslanır. Gizli deyil ki, dünyanın əksər ölkələri payızda başlanması ehtimal edilən ikinci dalğadan çəkinir və bu prosesin iqtisadiyyata, bununla da insanların rifahına daha böyük mənfi təsir edəcəyini proqnozlaşdırırlar.
Prezident İlham Əliyevin tövsiyə və tapşırıqları ilə pandemiyaya qarşı icra edilən ölkəmizdəki fəaliyyəti öz miqyasını, sosial əhatəsini daha da genişləndirir. Belə ki, virusa yoluxanların sayının artmasını və xəstəliklə mübarizədə müsbət dinamikaya nail olunsa da hazırda dövlətimiz bütün lazımi tədbirləri davam etdirir.
Məhz bu prosesin davamlılığı və görülən işlərlə bağlı Prezident cənab İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə səsləndirdiyi fikirlərdə daha geniş əhatə olunmuşdur. Belə ki, Prezident təkcə görülən işlərin ümumi miqyası haqda deyil, konkret rəqəmlərlə görülən işin həcmi haqda da ictimai fikirdə rəy formalaşdırdı. Pandemiya şəraitində iqtisadi və sosial məsələlərin həllinə diqqətin daha çox yönəldilməsi nəticəsində 5 milyona yaxın insan geniş sosial paketlə əhatə olundu. Karantin şəraiti ilə əlaqədar olaraq dövlət sektorundan çalışan 900 mindən çox insanın əksəriyyəti faktiki olaraq işləməsələr belə, əməkhaqqı ilə təmin olunmaqdadır. Mart ayının əvvəlindən başlayan karantin tədbirləri sahibkarlara böyük zərbə vursa da, dövlətin onlara göstərdiyi dəstək, həm onların biznesini sığortaladı, həm də bu sahədə çalışan insanları məvaciblə təmin etmək üçün sahibkara kömək oldu.
Qeyri-formal əmək fəaliyyəti ilə məşğul olan insanların əhatə olunduğu sosial paketlər, aylıq ödəmələr bu insanların da sosial müdafiəsini gücləndirdi. Aztəminatlı ailələrə göstərilən sosial yardımlar, bu ailələrin övladlarının təhsil haqqının dövlət tərəfindən qarşılanması üçün atılan addımlar insanların mövcud şəraitdə rifahına böyük təkan oldu. Hazırda pandemiya ilə mübarizə tədbirləri davam etdiyindən qeyd edilən sosial layihəılər də davamlı şəkildə icra olunmaqdadır. Prezidentin verdiyi göstəriş əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən insanlara ödənilən sosial müavinətlər hazırda da davam etdirilir.
Müdrik və uzaqgörən idarəetmə nəticəsində dövlətimiz pandemiyadan əvvəl icrasına başladığı heç bir sosial layihəni dayandırmamışdır, əksinə miqyasını və əhatə dairəsini daha da genişləndirmişdir. Bu da dövlətimizin gücünün göstəricisidir. Məsələn bu il rekord sayda məcburi köçkün ailələrinə mənzillərin verilməsi, 1500-dən artıq şəhid ailəsinin, Qarabağ müharibəsi əlilinin mənzillərlə təmin olunması, hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı görülən işlər bu gücün əyani göstəricisidir.
İnanırıq ki, cənab Prezidentin qətiyyətli siyasəti nəticəsində Azərbaycan koronavirus pandemiyasını ən az zərərlə dəf edən ölkələrdən biri olacaqdır. Çünki sosial dövlət yolunu tutan siyasi iradə şəraitdən asılı olmayaraq, öz insanının sağlamlıq və rifahını düşünür. Bu işdə xalq və dövlətin birliyi bütün mübarizələrdən dövləti qalib çıxarır. Bu yolda hər bir sadə Azərbaycan vətəndaşı səfərbər olmalı və dövlətimizin daha güclü, insanlarımızın daha firavan yaşaması üçün əlindən gələni əsirgəməməlidir.
Aqşin Bağırov,
Biləsuvar rayon YAP Gənclər Birliyinin sədri