dini radikalizm və ekstremizmlə mübarizə

Hərbi əməliyyatlara hazırlıq işi yüksək səviyyədə aparılıb - EKSPERTDƏN AÇIQLAMA


Azərbaycan Ordusunda islahatlarla bağlı köklü dəyişikliklər 2005-ci ildən başlanıb.

KONKRET.az xəbər verir ki, bu sözləri hərbi ekspert Ramil Məmmədli Report-a müsahibəsində bildirib. Ekspert vurğulayıb ki, 2013-2014-cü illərdən bu dəyişikliklər başqa bir müstəviyə keçib.

Ekspertin sözlərinə görə, bu dəyişikliklərin əsasında əsgər-zabit münasibətləri ilə bağlı yeniliklər dayanır: “2014-cü ilə kimi mətbuatda və cəmiyyətdə əsgər-zabit münasibətlərində bir çox narahatlıq və nizamnamədən kənar hadisələrin olmasına dair xəbərlər yer alırdısa, bu gün övladını hərbi xidmətə göndərən Azərbaycan vətəndaşı rahatdır. O bilir ki, oğlunun komandiri – zabiti ona öz övladı, qardaşı, dostu kimi yanaşacaq. Bu, birinci və vacib məsələdir. İslahatlarla bağlı növbəti məsələ maddi-texniki bazanın gücləndirilməsi ilə bağlıdır.

Burada əsas yeri əsgərlərin yataqxanaların (kazarma) müasirləşdirilməsi, hərbi hissələrdə müasir tələblərə cavab verən işlərin görülməsi, zabit, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqcuların sosial vəziyyətinin yaxşılaşdırılması idi. Əvvəlcə onların maaşlarının artırılması məsələsi təmin olundu. Eyni zamanda onların mənzillərlə təminat məsələsi həll edildi. Bu gün də bu proses mərhələli formada davam edir. Xidmət müddətinə uyğun olaraq zabitlər və gizirlər evlərlə, torpaq sahələri ilə təmin olunurlar”.

Silah və hərbi texnika parklarının yenilənməsini islahatların davamı kimi qiymətləndirən hərbi ekspert bu sahədə köklü dəyişikliklərin olduğunu bildirib: “Hava hücumundan müdafiə sistemi yenidən quruldu, Hərbi Hava Qüvvələrinin texniki imkanlarının gücləndirilməsi üçün müasir təyyarələrin alınmasına başlanıldı. Bu proseslə Qərbin modern texnologiyalarının mənimsənilməsinə start verildi. Bu, bir neçə günə həll olan məsələ deyil, buna görə də islahatlar davamlı şəkildə aparılır.

Quru Qoşunlarda Azərbaycan Ordusunun istifadəsində olan texnikalar yeniləndi, çoxlu sayda zirehli maşınlar alındı, artilleriya qurğuları, atıcı silahların yeniləşməsi prosesinə başlanıldı. Bununla yanaşı Azərbaycan Ordusunda təlimlərinin sayının artdığının şahidi olduq.

İslahatlara kadr dəyişiklikləri məsələsini də aid etmək olar. Uzun illər Müdafiə Nazirliyinin rəhbər strukturlarında vəzifə tutan şəxslər işdən uzaqlaşdırıldı. Onların yerinə daha gənc və perspektivli zabitlər gətirildi”.

Ekspertin sözlərinə görə, təəssüf ki, bəzi şəxslər düşünmədən ordu ilə bağlı bəzi şayiələr yayırlar: “Bu da daim internet pusqusunda duran düşmənin işinə yarayır. Fəaliyyəti nə zamansa hərb ilə bağlı olan şəxslərin isə ordu ilə bağlı hər hansı neqativ açıqlamaları hərbçilər arasında ruh düşkünlüyü yarada bilər. Bu səbəbdən həm xidmət keçən, həm ehtiyatda olan hərbçilər öz bəyanat və açıqlamalarında maksimum diqqətli olmalıdırlar və gördüyü istənilən neqativ halla bağlı dövlətin müvafiq qurumlarına müraciət etməlidirlər”.

Oxunub: 487
Oxşar xəbərlər
SON XƏBƏRLƏR