dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan ordusu Ermənistan ordusundan 47 dəfə böyükdür

Azərbaycan ordusu Ermənistan ordusundan 47 dəfə böyükdür

Ramil Məmmədli: “Azərbaycan Ordusu postsovet məkanında ikincidir”

Nüfuzlu "Global Firepower" hərbi-analitika təşkilatı 2020-ci ildə dünyanın ən yaxşı ordularının reytinqini açıqlayıb. AZƏRTAC təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusu reytinqini qoruyub saxlayıb və cədvəldə 138 ölkənin ordusu arasında 64-cü olub.

Qonşu Gürcüstan ordusu 89-cu, Ermənistan isə 111-ci yerdədir. Beləliklə, ordumuz düşmən silahlı qüvvələrindən 47 pillə yüksəkdə qərarlaşıb.

Reytinqdə dünyanın ən güclü ordusu ABŞ Silahlı Qüvvələri hesab edilib. Rusiya ikinci, Çin isə üçüncü yerdədir. Azərbaycan ordusu təkcə Cənubi Qafqazda deyil, həmçinin MDB məkanında lider mövqelərdən birini tutur.

"Global Firepower" 2006-cı ildən dünyanın 138 ölkəsinin ordularının reytinq cədvəlini tərtib edir.

Hərbi ekspertlər nüfuzlu beynəlxalq təşkilatın bu reytinq cədvəlini təsadüfi saymırlar. Onlar sıralamada Azərbaycanın düşmən Ermənistanı əzici üstünlüklə üstələməsini təcavüzkar ölkəyə növbəti bir mesaj kimi qələmə verirlər. Xüsusilə, NATO dövləti olmaq hədəfini qarşısına qoyan Gürcüstanı belə 25 pillə geri buraxmağımız böyük bir uğur kimi qiymətləndirilir.

Hərbi icmalçı Ramil Məmmədlinin cədvələ bəzi iradları var. O, hesab edir ki, Azərbaycan Ordusu postsovet məkanında ikincidir: “Global Firepower“ hərbi-analitika təşkilatı 2020-ci ildə dünyanın ən yaxşı ordularının yeni reytinqini birmənalı qəbul etmək olmaz. Təşkilat bu sıralamada hansı meyarları əsas məqam olaraq qəbul etdiyini bilmirəm. Əlbəttə ki, ordunun imkanları onun şəxsi heyətinin sayı, maddi-texniki gücü ilə əsas götürülür. Bu təşkilatın hazırladığı siyahıya müəyyən iradlarım var. Fikrimcə, ordunun gücü onun döyüş hazırlığında, texnikasının müasir döyüş aparmaq imkanlarına malik olması ilə ölçülməlidir. Məsələn, Bolqarıstan, Qazaxıstan, Özbəkistan, Nigeriya, Suriya, Rumıniya və sairə ölkələr siyahıda Azərbaycandan daha irəlidə yer alıb. Mənim üçün mübahisəli hesab etdiyim ölkələrin adlarını bir-bir qeyd etmək istəmirəm. Birmənalı olaraq hesab edirəm ki, Azərbaycan Ordusu Rusiyadan sonra döyüş bacarığına görə, postsovet məkanında ikincidir”.

Hərbi icmalçı Ermənistan və Gürcüstan üzərində böyük üstünlük əldə etməyimizi bu cür dəyərləndirdi: “Əslində bu bəlli bir məlumatdır. Yəni Azərbaycan və Ermənistan orduları arasında müqayisə aparan zaman bizim ordunun dəfələrlə güclü olması hər kəsə bəllidir. Bura maddi-texniki imkanlardan tutmuş, şəxsi heyətin sayı, döyüş bacarığı və sairəni aid etmək olar. Əlbəttə ki, bu informasiya öz-özlüyündə Ermənistan cəmiyyəti üçün ismarıcdır. Erməni dövləti bu vəziyyəti öz xalqından illərdir gizlədir. Bu kimi təşkilatların hesabatları ermənilər üçün arzuolunan hesab olunmur. O ki qaldı Gürcüstana, bəli, bu ölkə NATO-ya inteqrasiyanı öz qarşısına məqsəd olaraq qoyub. Hətta dəfələrlə NATO-nun hərbi rəhbərliyi də bu məsələ ilə bağlı öz mövqeyini açıqlayıb. Gürcüstan Ordusu tam olaraq NATO tələblərinə uyğun olaraq komplektləşdirilir. Lakin gürcü ordusunun hərbi gücünün daha irəli getməsində problemlər var, bu da onun maliyyə çatışmamazlığı ilə bağlıdır. Yəni demək olar ki, təşkilat Cənubi Qafqaz ölkələrini təhlil edərkən reallığı nəzərə alıb və Azərbaycan Ordusunun gücünü gizlətmək mümkün olmayıb”.

R.Məmmədli bu tipli siyahılara bəzən müəyyən təsirlərin olduğunu da söylədi: “Bu mövzu ətrafında daha geniş şəkildə bəzi məqamları da qeyd etmək istəyirəm. Əlbəttə, bu kimi siyahılarda reallığı əks etdirən məqamlar olur. Lakin etiraf etmək lazımdır ki, beynəlxalq təşkilatlar dünyada gedən siyasi kontyukturanı da nəzərə alırlar. Yəni bu cür siyahılarda siyasi amil mövcuddur. Məsələn, Azərbaycan və Ukrayna orduları arasındakı müqayisədə. Bunu ukraynalı zabitlər də etiraf edir ki, Azərbaycan Ordusu daha güclüdür, çünki 30 ildir müharibə aparır, texniki imkanları real müharibə tələblərinə uyğun komplektləşdirilib, şəxsi heyətinin döyüş bacarığı yüksəkdir və zabit heyəti daha təcrübəlidir. Bəs, ordunun reytinqi, gücü hansı meyarlarla ölçülə bilər?! Əlbəttə ki, sadaladığım məqamlarla bu siyahı tərtib olunmalıdır. Bu reytinq cədvəlləri Azərbaycan Ordusu üçün nümunə sayıla bilməz. Çünki silahlı qüvvələrimizin imkanları döyüşün aparılması üçün kifayət qədər güclüdür”.

Oxunub: 468
Oxşar xəbərlər
SON XƏBƏRLƏR