dini radikalizm və ekstremizmlə mübarizə

ƏBƏDİYYƏT VƏ BƏŞƏRİYYƏT YOLÇULARI


Dünyada elə ağır yüklər var ki, o yükü tək insan övladı çiyinlərində daşıya bilər. Kiçik çiyinlərinə cahandan ağır yük yüklənəcək qədər böyük ürək sahibidir insan övladı. O ağır yük qardaşın cansız cismidir. Vətən uğrunda canını fəda etməyi gözə alan qardaşın son "qardaş" deyişinin həsrətini çəkmək, cismindən axan ilıq qanın cisminin dəydiyi yeri dağladığını hiss etmək qədər acı verən bənzər bir acı varmı?
Hələ həyatda neçə-neçə "qardaş" deyişini duyacaqdı İntiqam Nurlanın.Ancaq müharibə imkan vermədi. İntiqam adını qoyduğu qardaşı Nurlanı hər zaman özünə dayaq sanardı. Hərbiçi olan İntiqam Nurlanın da hərbiçi olmağını çox istəyirdi. Çünki o Nurlanın vətən sevgisinin ucsuz-bucaqsız olduğunu hiss edirdi. Arzular ünvanına çatdı. Hər iki qardaş Ordu sıralarında seçilən hərbiçilərdən oldular. Tək amalları vətənə sahib çıxmaq, vətən həsrətinə son vermək idi." Vətən" deyəndə ürəkləri min hissəyə bölünən qardaşlar vətənin üzərindən qara buludları çəkənlərdən oldular. İllərlə "azadlıq" deyə haykıran bu qardaşlar o azadlıq uğrunda can verməyi gözə aldılar. Düşmənin məğlubiyyəti ilə nəticələnən aprel döyüşlərində Əsgərli qardaşlarının əvəzsiz rolu oldu. İntiqam və Nurlan digər silahdaşları ilə birlikdə illərlə işğal altında olan torpaqlarımızı azad etdilər. İntiqam qardaşından bir qədər aralı olduğu zaman düşmən Nurlangil olan istiqamətə atəş açır.İntiqam həyatın ən ağır sınağı ilə sınanır. 5 hərbiçidən 3 -ü şəhid olur, 2-si yaralanır. İntiqam Nurlanın şəhid olduğunu görür. Ancaq o Nurlandan əvvəl yaralıları döyüş bölgəsindən çıxarır. Sonra digər 2 şəhidin cansız bədənini çıxarır. Ən axırıncı isə qardaşına, sirdaşına, silahdaşına yaxınlaşır. Qardaşının yaralı cismini çiyinlərinə alan taqətsiz qardaş dünyanın ən ağır yükünü çiyinlərinə alır. İntiqamın hər qardaş deyişində səsinə səs verən Nurlan bu dəfə qardaşının cahanı titrədən "qardaş" deyə haykırışını duymadı.Bu dəfə "qardaş" sözü qəlbdə daş, gözdə yaş oldu.
Nurlan sanki şəhid olmaq üçün doğulmuşdu. Hələ Nurlan doğulmazdan əvvəl Masallı rayonuna Nurlanın əmisi olduğu deyilən bir şəhid cənazəsi gətirilir. 24 gün sonra bu şəhidin başqa bir şəhid olduğu ortaya çıxır. Həmin şəhid aparılıb öz rayonunda dəfn olunur. 24 il sonra o məzarda Nurlan Əsgərli dəfn olunur. Bir şəhidin bir neçə gün uyuduğu məzarda Nurlan əbədiyyətə uğurlanır. Cənnət qoxulu şəhidim indi müqəddəslərin ən əziz qonağıdır.
Aprel döyüşlərində daha iki qardaşın qəhrəmanlığını eşitdikcə ürəyim həm dərdlə doldu həm də fəxarətlə. Bu ailəni daha yaxından tanıdığımda isə anladım ki, bu ailə öz ömürlərini vətənin var olub ayaqda qalması üçün yaşayanlardandırlar. Hələ müharibənin ilk başladığı illərdə Lələtəpə uğrunda döyüşənlərdən biri olub Qəhrəmanov Əşrəf Elman oğlu. Dörd dəfə yaralanmağına baxmayaraq o ev-eşiyi sandığı vətən səngərlərindən uzaqlaşmayıb. Düşmən tapdağında olan Cəbrayılına qovuşmaq idi tək amalı. Bu amala yetmək üçün özü kimi vətənsevər böyüdür üç oğlunu. Ancaq onlardan birinin sevgisi daha böyük, daha bənzərsiz olur.Ruhinin ürəyində Cəbrayılsızlıq dərin bir iz qoymuşdu. Hər dəfə atasının müharibədən qalan yara izlərini gördükdə "bu qisas qiyamətə qalmayacaq" deyirdi Ruhin.
Hər kəsə bəlli idi ki, Ruhin hərbiçi peşəsini seçəcək. Bunun üçün də Ruhinin böyük qardaşı Qəhrəman hərbiyə sənədlərini vermək üçün Ruhinin əsgərlik xidmətindən dönməsini gözlədi. Qardaşlar 2014-cü ildə könüllü olaraq Ordu sıralarına qoşuldular. Ata-baba yurdlarına yaxın olmaq üçün Füzuli rayonunun Əbdürrəhmanlı kəndində xidmət etdilər. İki qəhrəman qardaşlara "Qəhrəmanov" qardaşları deyirdilər. Eyni hərbi hissədə xidmət edən qardaşlar çox döyüşlərdə çiyin-çiyinə döyüşdülər. Sonra Ruhin kəşfiyyatçı olmaq qərarına gəldi. O ordunun görən gözünə çevrildi.
Qalibiyyət sədasını duyduğumuz aprel döyüşləri. Qəhrəmanov qardaşları üçün həm vətən torpağının qisasını həm də atalarının qisasını almaq zamanı idi. Bir zamanlar atalarının azadlığı uğrunda sağlamlığını itirdiyi Lələtəpə uğrunda indi onun iki oğlu Qəhrəman və Ruhin vuruşurdu.
Hər iki qardaş komandanlığa bir-birindən xəbərsiz könüllü olaraq döyüşlərə qatılmaq istədiklərini bildirirlər.Döyüşə gedən əsgərlər yığılanda qardaşlar bir-birini görür. Hər ikisi də digərindən geri dönmələrini istəyir. Ancaq geri dönüşün olmadığını, illərlə gözlənilən qisas anının yetdiyini deyən qardaşlar döyüşə girirlər. Komandirlər iki qardaşın eyni döyüşə girməyinə icazə vermirlər və iki qardaşdan birini seçməli olduqlarını deyirlər. Ruhinin həm bir kəşfiyyatçı olduğu, həm də döyüş bacarığının və nailiyyətlərinin çox olduğu üçün Ruhinin döyüşə qatılması qərarı verilir. Ancaq Qəhrəman bu döyüşdə həm vətənini həm də qardaşını tək qoya bilməzdi. O, israrla döyüşə girmək istədiyini və buna heç kimin əngəl olmamasını deyir. Beləcə hər iki qardaş vətən torpağının azadlığı üçün yol alır. Qardaşlar müharibənin mahiyyətini yaxşı anlayırdılar. Ruhin "qardaşım olar da həyatdır… Gəl haqqını mənə halal et" deyir. Qəhrəmansa "sən artıq neçənci dəfədir mənə bu sözü deyirsən. Bir də bu sözü demə gedişin bizi yıxar"deyir.Ruhin döyüşə girməzdən əvvəl qardaşına "Qəhrəman məni arxadan qoru, qoyma məni arxadan vursunlar" deyir.
Qardaşlar Lələtəpə istiqamətində ayrı-ayrı dəstələrdə döyüşə qatılırlar. Döyüş yolları ayrılan qardaşların ömür yolları da ayrılığa doğru yönəlir.
Çiyin-çiyinə döyüşdüyü döyüş yoldaşının dediklərinə görə, Ruhin düşmən manqasına daxil olur. O, düşmənin 5 hərbiçisini məhv edir. Bu zaman onun vətən eşqi ilə döyünən ürəyi mərmiyə tuş gəlir. Komandiri o an özünü Ruhinin yanına çatdırır. Ruhinin əlini sıxır. Ancaq Ruhinin onun əlini sıxmağa gücü olmur. Elə həmin an qarşıdurma baş verir. Ruhin neytral zonada qalır. Həmin anda silah - sursat gətirən mayor Əliyev Elnur Adil oğluna Ruhinin neytral mövqedə qaldığını bildirirlər. Əliyev qışqırıb irəli atılır. "Nə badə Ruhini düşmənə verəsiz" deyir. Bu zaman düşmən onların yanına qumbara atır.Bir saniyə belə düşünmədən Elnur Əliyev özünü qumbaranın üzərinə atır. Və orda olan neçə-neçə əsgəri xilas edir."Mənim olan torpaqlarda mən döyüşməliyəm" deyən mayor Əliyev o torpaqların azadlığı uğrunda bir qəhrəman kimi can verir.
Həmin o anda Qəhrəman da qumbara partlaması nəticəsində bir neçə nahiyəsindən mərmi yarası alır. Ancaq cismində olan yaraları sarıyıb, heç kəsə bəlli etmədən döyüşə davam edir.Ancaq o az sonra ürəyində sağalmaz bir qardaş adlı yara açılacağından xəbərsiz idi. Rabitədən ağır yaralılarımızın olduğu xəbərini eşidən qardaşın Ruhin Qəhrəmanov və Elnur Əliyev adını eşitdiyində bir anlıq gözləri qaralır.
Qardaş soraqlayan qardaşa Ruhinin evdə olduğunu və onun yanına getməli olduğunu deyirlər. Ürəyinə bir xəncər saplanır Qəhrəmanın, ancaq yenə də ölümü düşünmür. Komandirin dediyi kimi Ruhin qardaşını evdə gözləyirdi. Ancaq Qəhrəmanın istədiyi kimi yox. Bir zamanlar üzərində gəzdirdiyi və Cəbrayılda dalğalandıracağı bayrağa bükülü bir tabuta sığmışdı dünyaya sığmayan Ruhin.
Bir də mənəvi qardaşlar var. Eyni qanı daşımayan, ancaq candan bir-birinə bağlı olan qardaşlar. Örnək götürdüyü, dəstək aldığı və çiyin - çiyinə döyüşən qardaşlar. Rasim Məmmədov Qəhrəman üçün elə bir qardaş idi . Aprel döyüşlərinin unudulmaz qəhrəmanlarından biri. İllərini, ömrünü vətənə həsr edən Rasim Məmmədov. Vətən səngərini evi, vətən əsgərini övladı bilən mayor Rasim Məmmədov. Bu ad çoxlarına tanışdır. Bu adın çox əsgər həyatında böyük rolu var. O döyüş zamanı mayor Məmmədov əsgərləri ilə çiyin-çiyinə döyüşdü. Qəhrəmandan Ruhinin müjdəli xəbərin gözləyən Rasim Məmmədovun şəhadətə ucaldığı xəbərini Ruhini torpağa tapşıran gün aldı Qəhrəman. Bir qardaşının cənazəsini çiyinlərində daşıyarkən digər qardaşını, komandirini ürəyində daşıdı. Ruhinin müjdəli xəbərin duymaq istəyən Rasim Məmmədov özü Ruhinə şəhid olduğu müjdəsini verdi.Həmin gün cənnətə tələsən şəhidlərin sayı yaman çox oldu. Cənnət sakini olan bənzərsiz insan ürəklərə dəfn olundu.
Həyatın mənasını bir - birində görən, bir - birinin vətən sevgisini ruhən duyan daha iki qardaş Nuran və Teymur Qasımov qardaşları.
Hər ikisinin vətən sevgisi bərabər idi. Onlar da istədilər ki, vətən keşiyini çəksinlər. Bu amalla müddətdən artıq hərbi xidmətə yazıldılar. Analarının iki qeyrətli oğulu ana vətənlərini, torpaqlarını qorumağa başladılar. Dərdi ağır olan Azərbaycanın dərdinə məlhəm olan hərbiçilərdən idi bu qardaşlar.
Dünyanı lərzəyə gətirən, ermənilərin çarxlarının tərs döndüyü aprel döyüşlərində bu iki qardaş ön cəbhədə döyüşüb, düşmən əlində olan Talış kəndi və Talış yüksəkliklərini düşməndən azad edən əsgərlərdən olub. Nuran gilin dəstəsi heç bir itgi vermədən ermənilərin yaşayış məntəqələrinə qədər çatıblar. Burada millətimizə qarşı şərəfsizlik edən ermənilərin öz ata-analarına qarşı etdikləri şərəfsizliyi gözləri ilə görüblər. Bizim əsgərlər bir - birinə səngər olarkən, onların əsgərləri səngəri qoyub qaçıb, yeri - yurdu bəlli olmayan ermənilər öz yaşlı ata-anaların qoyub qaçıb. Bax, erməni budur.Heç bir milli dəyəri olmayan, şərəf və hasiyyət anlayışının nə olduğunu bilməyənlərdir ermənilər.
Beləcə düşmənin postunu ələ keçirən Nuran gilin dəstəsi artıq itgilər verməyə başlamışdılar. Dilsuz Qarayev, Elimdar Səfərov, Ravil Novruzov azadlığın şirin dadını daddıqdan sonra şəhadətə ucalmışdılar.Qəhrəman oğulların sayəsində illərlə işğalda olan torpaq düşməndən azad olmuşdu. O torpaqlar şəhid övladlarını bağrına basırdı. Digər tərəfdən isə döyüş davam edirdi. Teymur gilin dəstəsi düşmənin digər mövqelərini ələ keçirməyə çalışırdılar. Hər iki qardaş vətənin azadlığı uğrunda mübarizə aparırdı. Bir tərəfdən illərlə həsrət qaldığımız torpaqları azad etməyin sevinci, bir tərəfdən döyüş yoldaşlarının şəhid olmağı və bir tərəfdən də qardaşının od-alov saçan atəşin içində olmağı duyğuları bürüyür hər iki qardaşın ürəyin.
Teymurun döyüş yoldaşları Seymur Baxışov və digər bir neçə əsgər minaya düşürlər. Yaralı döyüş yoldaşlarına kömək edənlər arasında olur Teymur. Ancaq sonra Teymurdan heç bir xəbər ala bilmir Nuran. Artıq Teymurun adı itgin düşənlərin siyahısında yer alır. Durmadan qardaşını soraqlayan Nurana bir şəkil gəlir. Erməni saytlarında yer alan bu şəkildə üz üstə düşən əsgərin əlcəyi Nurana tanış gəlir. Bəli, bu həmin əlcək idi. Nuranın Teymura hədiyyə etdiyi əlcək. Kim bilir Teymur o əlcəyi həmin döyüşdə istifadə edərkən nələr düşünmüşdü. Bəlkə qardaşını hər an yanında hiss edib o əlcəkdən daha çox güc almaq üçün məhz həmin əlcəyi vurmuşdu. Bəlkə də bu olanları düşündüyü üçün...Həmin an Nuran qardaşının şəhid olduğuna əmin olur. Azad etdikləri torpaqların sevincini birgə yaşaya bilmir Qasımov qardaşları. O şanlı aprel döyüşlərində hər iki qardaş iz qoyur.
Uşaqlıqdan bir - birinə arxa-dayaq olan, bir-birlərini qoruyacaqlarına söz verən və analarını heç zaman ağlamağa qoymayacaqlarına and içən Mehrəliyev qardaşları. Onların bir-birinə olan sevgiləri başqa idi. Hələ uşaq olduqları zaman əcəl onlara eyni anda göz dikmişdi. Ancaq onlar son anda azğın dalğaların pəncəsindən qurtulmuşdular. Bütün addımlarını bərabər atan Sərvan və Namiq qardaşları vətən borcunu da eyni anda verməyə başladılar. Hərbi hissədə davranışları ilə böyük rəğbət qazanmışdı bu qardaşlar. Qardaşların "Xocalı" adlı bir yaraları var idi. Onlar bu yaranın məlhəm tapacağı günün yetişəcəyi günü səbirsizliklə gözləyirdilər. Həmin o gün 2016-cı ilin aprelində yetişən zaman Mehrəliyev qardaşları ilk döyüşə atılanlardan oldular. Lələtəpənin azad edilməsində böyük şücaət göstərdilər Sərvan və Namiq. Düşmən tapdağından azad olan Lələtəpəni yenidən işğal etməyə cəhd edən ermənilər ordumuzun əsgərləri tərəfindən cavab atəşi ilə layiqincə susdurulurdu. Bu dəfə əcəl düşmən mərmisi ilə qardaşlara yetişməyə can atırdı. Əvvəlcə vətən azadlığı naminə şəhid olmağı söz verən qardaşlardan biri Namiq düşmənin snayperindən açılan atəşinə tuş gəldi. Onu başındakı dəbilqə ölümün pəncəsindən aldı. Namiqin sağ qalması bir möcüzə idi. Sarvan qardaşının həfif yarasını gördüyündə canı yansa da qardaşının yaşadığına şükür etdi. Ancaq az sonra qardaşına dünyanın ən böyük acısını yaşadacağından xəbərsiz idi Sarvan. Onlar döyüşə girməzdən əvvəl analarını bir - birinə əmanət etmişdilər. Analarını çox sevən qardaşlar vətəni analarından daha çox sevirdilər. Güllələr yağış kimi yağırdı. Sarvan silah - sursatın azaldığını görüb yenidən silah-sursat gətirməyə gedir. O həmin sursatı gətirib təhvil verən zaman düşmənin snayperindən açılan atəşə tuş gəlir. Qardaşı Namiqi ölümdən qurtaran dəbilqə Sarvanı qurtara bilmir. O alnından vurulur. Bu dəfə əcəl qərarlı idi. O qardaşlardan can almadan dönmək fikrində deyildi. Qardaşının yaralandığını görən Namiq özünü qardaşına yetirir. O qardaşının yarasını əlləri ilə sarıyır. Ötüb keçən hər saniyə Sarvanın əleyhinə işləyirdi. ermənilərin susmayan atəşi Sarvanı oradan çıxarmağa imkan vermir. Sarvanı özünə balaca qardaş bilən bir gizir Sarvanı oradan çıxarıb xəstəxanaya aparmağa çalışır. Həmin an o da ayağından vurulur. Bir qədər yaralı Sarvanı daşıyan yaralı gizir qan itirdiyinə görə haldan düşür. Namiq çox sevdiyi qardaşının yaralı başını qucaqlayır. O artıq qardaşının nəfəsinin tükəndiyinin fərqinə varır. Dünyanın ən böyük çarəsizliyi ilə üz-üzə qalır Namiq. Qardaşı qucağında can verir ancaq o qardaşına kömək edə bilmir. Sarvan qardaşının dizləri üstə əbədi gözlərini yumur və şəhadət zirvəsinə ucalır.Əcəl iki qardaşa verdikləri sözü tutmağa macal vermir. Onların anaları ağlar qalır.
Namiq Sarvan şəhid olduqdan sonra onun cibindən bir məktub tapır. Sarvan məktubu sevdiyinə yazmışdı. O, məktubun üzərində "şəhid olsam məktubu qardaşım Namiqə çatdırın" sözlərini qeyd etmişdi. Ancaq Sarvanın bütün arzuları kimi o arzusu da ünvanına çatmadı. Qardaş acısı ilə çabalayan Namiq sonradan məktubu tapa bilmədi.
İndi Namiqin ürəyində qardaş adlı bir dərdi var. O qardaşı ilə dərdləşmək istəyəndə başını qardaşının sinə daşının ütünə qoyur. Sarvanın onun dizləri üstünə baş qoyduğu kimi…
Aprel döyüşlərinin qəhrəmanları çox olub. Bir kitaba sığmayacaq qədər şücaətin yer aldığı aprel salnaməsinin hələ yazılacaq çox səhifələri var. Hər döyüşçüsünün ayrı-ayrılıqda bir qəhrəman olduğu bu döyüşün iki qardaş döyüşən qəhrəmanlarından yazmaq istədim. Belə övladları olan vətən sarsılmaz. Belə övladları olan vətənin vətəndaşı olduğum üçün bir daha şərəf duydum. Hər zaman dediyim sözü bir daha dilə gətirdim. "Vətəni şəhidlər kimi sevin,onların sevgisi bənzərsizdir". Şəhid olan qardaşların və şəhidliyi gözə alan qardaşların apreldə göstərdiyi şücaətdən yazmağı özümə borc bildim. Onlar hər biri qəhrəmandır. Adları qəhrəman olanların yolları ayrıdır. O qardaşların birinin ömür yolu əbədiyyətə yol alıb, digərinin ömür yolu isə bəşəriyyətə yol alıb.

MANYA SƏXAVƏTQIZI

Oxunub: 665
Oxşar xəbərlər
SON XƏBƏRLƏR