dini radikalizm və ekstremizmlə mübarizə

DOĞMA ŞƏHƏRİM AD GÜNÜN MÜBARƏK


Sumqayıt çoxları kimi mənim də tale şəhərimdir. Ulu öndərimiz Sumqayıtı kiçik Azərbaycan adlandırıb.
Məlum olduğu kimi, bu il Azərbaycanın ikinci sənaye mərkəzi sayılan Sumqayıtın yaradılmasının 70 illiyi tamam olur. Bu yubiley ölkəmizdə geniş qeyd olunur. Respublikamızda hər hansı bir şəhərin yubileyinin ölkə miqyasında və ilboyu keçirilməsi barədə dövlətimizin başçısı İlham Əliyev veridiyi sərəncam nadir hadisədir. Bu, Azərbaycanın sosial-iqtisadi və mədəni həyatında Sumqayıtın xüsusi rol oynadığını bir daha göstərir.
Bu gün Sumqayıt Cənubi Qafqazın sürətlə böyüyən, gözəlləşən ən müasir şəhəridir-desək, yanılmarıq. Vaxtilə SSRİ-nin əsas neft-kimya kompleksinin cəmləşdiyi gənc sənaye şəhəri inkişaf edərək müasir infrastrukturu, qabaqcıl texnologiyaları, mədəni-məişət şəbəkəsi olan coğrafi məkana çevrilib. Sumqayıtın artıq özünəməxsus ekoloji standartları formalaşır. Şəhərdə yaşıllaşdırma işləri müntəzəm aparılır. Son 2-3 ildə Sumqayıtda 300 minə yaxın yeni ağac əkilib. 16 hektardan artıq ərazini əhatə edən 13 yeni park, 10 xiyaban salınıb və yenidən qurulub. Şəhərdə hər adambaşına düşən yaşıllıq sahəsi 26 kvadratmetr təşkil edir ki, bu da respublika şəhərlərinin orta göstəricisindən yüksəkdir. Şairlər əbəs yerə Sumqayıtı “Xəzərin zümrüd boyunbağısı” adlandırmayıblar.
Sumqayıtın başlıca özəlliyi bu şəhərdə 70 ildən bəri tikinti-quruculuq və abadlaşdırma işlərinin davamlı aparılmasıdır. Məhz bu dinamiklik şəhərin simasının günbəgün dəyişməsini və gözəlləşməsini təmin edir.Şəhərin yubileyi ərəfəsində onun hüsnünə zəhməti ilə sığal çəkən sumqayıtlıların xidmətlərini qiymətləndirməmək olmaz. Həmin adamların hər biri üçün Sumqayıt arzular şəhəri, tale şəhəri olub.Gənc yaşlarından bura ömürlük bağlanıblar. Şəhərlə birlikdə ucalıblar, mənsəbə yetişib hörmət-izzət qazanıblar. Bu insanlar haqlı olaraq Sumqayıtın adı ilə fəxr edir, qürur duyurlar.
Sumqayıtın girəcəyində dalğavari şəkildə üst-üstə qoyulmuş tikinti bloklarının zirvəsində qanad açmış “Qağayı” abidəsi bu gün də tikilən-qurulan şəhərin rəmzi kimi xatırlanır. Sumqayıtın tikintisinə 1938-ci ildə başlanmışdır. O vaxt bir neçə sənaye obyektinin tikintisinə start verilmişdi, həmin komplekslərin ətrafında isə kazarma tipli yataqxanalardan, baraklardan və taxta evlərdən ibarət yaşayış fondu yaradılır, fəhlə qəsəbəsi salınırdı. Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar tikinti işlərini aparan “Zaqafqaziya Sənaye Tikinti” təşkilatı müdafiə komitəsinin sərəncamına verildiyindən bu işlərdə fasilə yarandı. Yalnız 1944-cü ildə müharibədə Sovet Ordusunun xeyrinə dönüş yarandıqdan sonra tikinti işlərinin davamına icazə verildi. Lakin həmin illərdə kommunal strukturlar formalaşmadığından şəhərin tikintisi ayrı-ayrı nazirliklərə tapşırıldı ki, bu da ciddi mübahisələrə səbəb olurdu.Belə bir vəziyyətdə şəhər rəhbərliyinin ciddi səyi və respublika hökumətinin tələbi ilə “Azərdövlət Memarplanlaşdırma” İnstitutunun tərtib etdiyi şəhərin baş layihəsi SSRİ Dövlət Tikinti və Arxitektura Komitəsində təsdiq olundu.
1949-cu il noyabırın 22-də Sumqayıta şəhər statusu verildikdən sonra burada sənayenin tikintisi ilə yanaşı, şəhərin tikintisi də sürətlə davam etdirilmiş, eyni zamanda, şəhər üçün lazım olan infrastruktur yaradılmışdır. İnsan əlləri ilə Xəzərin ləpədöyənində möhtəşəmliyi ilə diqqəti çəkən gözəl bir şəhər ünvan tapdı.
Sumqayıtda şəhər tikintisi ötən əsrin 50-ci illərindən hazırkı vaxta qədər davam edir və indi də şəhərimizin inkişafı, gözəlləşməsi üçün müasir üslubda yeni-yeni binalar tikilir, geniş abadlıq-quruculuq işləri aparılır, yaşıllıq sahəsinə qulluq edilir. 52 küçədə 235 kilometr yol sahəsinə nəzarət olunaraq vaxtaşırı təmir işləri aparılır.Park və xiyabanlarda, məhəllə və mikrorayonlar daxilində mütəmadi abadlıq-quruculuq işləri həyata keçirilməklə sakinlərin normal istirahətləri üçün şərait yaradılır. Sumqayıt ulu öndər Heydər Əliyevin arzularının gerçəkləşdiyi şəhər kimi tariximizin şanlı səhifəsinə düşmüşdür.Şəhərin tikilib-qurulmasında, inkişaf etməsində ümummilli liderimizin misilsiz xidmətləri danılmazdır. Unudulmaz böyük insanın Azərbaycana rəhbərlik etdiyi 34 ildə 16 dəfə Sumqayıta gəlməsi, şəhərin problemləri ilə maraqlanması, tövsiyə və tapşırıqlarını verməsi hər birimizin qəlbində silinməz izlər buraxmışdır.
Son illərdə quruculuq işləri geniş miqyas almış, şəhərin siması memarlıq baxımından daha da gözəlləşmişdir.Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı hörmətli Zakir Fərəcovun rəhbərliyi və təşkilatçılığı ilə mənzil təsərrüfatının işində də köklü yeniliklər baş vermiş, zəruri infrastruktur yaradılmışdır.
Binaların böyük əksəriyyətində zirzəmilər qurudulmuş, sıradan çıxmış boru xətləri dəyişdirilmişdir.Yaşıllıq sahələri daha da genişləndirilmişdir. İndi şəhərimizdə adambaşına düşən yaşıllıq sahəsi respublika üzrə yüksək göstərici hesab olunur. Vaxtilə şəhərdə 3-4 su fəvvarəsi var idisə, indi onların sayı 10-a çatdırılıb. Musiqili fəvvarə, rənglərə boyanmış şəlalə hər kəsdə xoş ovqat yaradır. Ulu öndərin adını daşıyan park, Nəsimi adına mədəniyyət və istirahət parkı simasını büsbütün dəyişmiş, “Göyərçin” abidəsinin ətrafı daha cazibədar olmuşdur.
Zövq oxşayan səviyyədə yenidən qurulmuş 12 mərtəbəli yaşayış binalarının üz divarları yenilənmiş, qarşısındakı fəvvarə kompleksi də sakinlərin ən çox sevdikləri istirahət guşəsinə çevrilmişdir. S.Vurğun adına mədəniyyət sarayının qarşısındakı fəvvarələr də yenidən qurulduqdan sonra möhtəşəmliyi və cazibədarlığı ilə diqqəti cəlb edir.
Çox yaşayış binasının dam örtüklərinin əsaslı təmir işləri aparılıb, şəhərdə binanın fasadı əsaslı təmir olunaraq zövqoxşayan boyalarla rənglənib və hazırda bu işlər davam etdirilir. Möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı ilə Sumqayıtımız gün-gündən inkişaf edərək gözəlləşir.
Həqiqətən də, respublikamızın hər bir guşəsindən coydaşlarımız buraya işləməyə, təhsil almağa, yaşamağa gəliblər. Heydər Əliyevin diqqəti və qayğısı sayəsində Sumqayıt, sözün həqiqi mənasında, sürətli yüksəliş yolu keçmiş, tərəqqi etmiş, müasir şəhərə çevrilmişdir. Mübaliğəsiz deyə bilərəm ki, indi Sumqayıtı Avropanın gözəl şəhərləri ilə müqayisə etmək olar.
Ulu öndərimizin respublikaya rəhbərliyə gəldiyi ilk dövrlərdə şəhərimizdə mənzil tikintisi ildən-ilə genişləndirildi. Məktəblər, xəstəxanalar, uşaq tərbiyə müəssisələri istifadəyə verilirdi.
Arxaya boylananda sumqayıtlıların fədakar vətənpərvərliyini, min zəhmətlə yaratdığı xarüqələri yada salıram. Vaxtilə burada məskən salan insanların indi övladları, nəvələri, nəticələri burada yaşayır, təhsil alır, ailə qurur və özlərini fəxrlə SUMQAYITLI adlandırırlar. Ona görə də Sumqayıt hamımız üçün əziz və doğmadır.
Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasını möhtərəm Prezidentimiz İlham Əliyev layiqincə davam etdirir. Əldə olunan gəlirlər əhalinin güzəranının yaxşılaşdırılmasına, həyat səviyyəsinin daha da yüksəldilməsinə yönəldilir.
Yol, küçə və mikrorayonlarda 100 min kvadratmetrədək asfalt örtüyünün əsaslı təmiri həyata keçirilib. Sumqayıtın 70 illik yubileyi ərəfəsində bütün strukturlarda da abadlıq, təchizat sahəsində böyük iş həcmi həyata keçirilir.
Sumqayıtın girişində 15 ədəd üst-üstə spiral şəklində qoyulmuş daş və onların üzərində göyərçin qanadları olan abidə şəhərin simvoludur.15 ədəd daş şəhərin tikintisində bütün 15 sovet respublikasının iştirakının, spiral şəkilli olması onun sonsuz şəhər olmasının, göyərçin isə sülhün rəmzi olmaqla yanaşı qanadları o vaxt mövcud olan Sumqayıt stansiyası və dəniz istiqamətindədir. Sonradan abidə alüminiumdan hazırlanmışdır.
Heydər Əliyev adına park, Lüdviqşafen parkı, Nəsimi adına mədəniyyət və istirahət parkı, Dənizqırağı bulvar şəhər əhalisinin kütləvi istirahət etdiyi mərkəzlərə aiddir.
Sumqayıtın ölkə həyatında özünəməxsus yer tutması təkcə onun yaranma tarixi, respublika iqtisadiyyatında mühüm rolu ilə kifayətlənmir. Bu şəhəri fərqləndirən əsas cəhətlərdən biri və bəlkə də başlıcası burada formalaşan təkrarsız mühitdir. Sumqayıt vətənimizin bir çox bölgəsindən təşrif buyurmuş insanların mehriban ailəsinin məskənidir. Azərbaycanın hansı yerindən gəldiyinə fərq qoymadan hər bir insanı ağuşuna alan bu şəhərdə möhkəm qardaşlıq və dostluq özünün parlaq ifadəsini tapmışdır. Ərazisi: 0,094 min kvadrat kilometrdir. Əhalinin sayı 341.2 min nəfər, o cümlədən şəhərdə yaşayanlar: 304.7 min nəfər, Hacı Zeynalabdin qəsəbəsində yaşayanlar: 23.0 min nəfər, Corat qəsəbəsində yaşayanlar 13.5 min nəfər; Bundan başqa Sumqaytda 52.9 min nəfər məcburi köçkünlər məskunlaşmışdır. Milli tərkibi: - azərbaycanlı 95,7%, rus 1,7%, ukrayn 0,3 %, tatar 0,3%, yəhudi 0,1% və digər xalqların nümayəndələri 1,9%.
Bulvarda Bayraq Meydanı inşa olunub. Azərbaycan Respublikasının dövlət bayrağı meydanda 42 metr hündürlüyündəki bayraq dirəyi üzərində dalğalanır. 3 ilə yaxın bir dövürdə Sumqayıta icra baçşısı təyin olunmasına baxmayaraq Zakir Fərəcovun Sumqayıtın abadlaşmasında çox böyük rolu oldu. Heydər Əliyev parkı yeniləndi, İnzibati məhkəmə, Ü.Hacıbyov adına “Kimyaçı” mdəniyyət sarayı, Poeziya evi, Heydər Əliyev adına mərkəz, Şahmat məktəbi, Nizami adına kinoteatr və bir sıra inzibati ərazilər tikildi. YAP-nın, S.Rüstəmov adına 3 saylı incəsənət məktəbinin, Sumqayıt şəhər məhkəməsi. Sumqayıt prakrorluğu və sıra müəssələr yeniləndi. Mavi Xəzərin sahilində möcüzə - Sumqayıt Bulvarını yaratdı. Regionun ən böyük sənaye mərkəzlərindən olan Sumqayıt artıq perspektivli turizm şəhəri adına da iddialıdır. Şəhərin mavi Xəzərin sahilində yerləşməsi, yeni dənizkənarı bulvarın salınması, infrastrukturun tam yenilənməsi bu hədəfin tezliklə reallaşacağından xəbər verir.
Vaxtilə baxımsızlıq ucbatından yararsız halda olan Sumqayıt Bulvarı bu gün gözəlliyi, sərin və təmiz havası, əyləncə mərkəzləri, yaşıllığı ilə isti yay günlərində sakinlərin ən sevimli istirahət məkanına çevrilib. Sahəsi 106 hektar, uzunluğu isə 4,2 kilometr olan yeni bulvar qısa zamanda həm yerli sakinlərin, həm də şəhərin çoxsaylı qonaqlarının qəlbini, sözün əsil mənasında, fəth edib.
Prezident İlham Əliyevin möcüzə adlandırdığı Sumqayıt Bulvarının iyulun 3-də İspaniyanın paytaxtı Madriddə “İnternational Award for Excellence & Leadership” mükafatına layiq görülməsi də xüsusi qeyd olunmalıdır.
Sumqayıt bulvarı ərazisinin böyüklüyü ilə yanaşı, çimərliyə birbaşa çıxışının olması ilə də fərqlənir və buna görə onu dünyanın bir çox məşhur turizm şəhərlərinə bənzədirlər.
Burada sakinlərin istirahətini daha maraqlı etmək məqsədi ilə fayton gəzintiləri təşkil olunur. Kiçikölçülü avtobuslar, elektromobillər və velosipedlərdə sahilboyu xüsusi hərəkət zolağı ilə gəzintiyə çıxmaq, Xəzərin seyrinə dalmaq, şəhərin sayrışan işıqlarını seyr etmək insanın ruhunu dincəldir... Bu günlərdə Xəzərin Sumqayıt akvatoriyasında katerlərlə gəzinti də təşkil ediləcək. Bulvardakı əyləncələr bununla bitmir. Kinoteatr, tennis kortu, futbol meydançaları, yay musiqi səhnəsi, uşaqlar üçün əyləncə mərkəzləri və ən əsası, qaranlıq düşər-düşməz sayrışan rəngbərəng işıqlar bu istirahət məkanını şəhər sakinləri və qonaqlar üçün daha cəlbedici məkana çevirir.
70 yaşın mübarək cavan, doğma şəhərim SUMQAYITIM.

Yeganə TELMANQIZI




Oxunub: 1 496
Oxşar xəbərlər
SON XƏBƏRLƏR