Söhbətimə böyük Nizaminin bir beyti ilə başlamaq istəyirəm:
"İstəyə gənclikdə mümkündür çatmaq,
Qocalıq gəldimi, axtar bir bucaq"…
Bəli, gənclik ömrün elə çağlarıdır ki, həmin dövrdə əziyyətə qatlaşıb əzmkarlıq göstərsə, insan uğurlara imza ata bilir. Teymur Əlixanov da gəncdir, 27 yaşı təzə tamam olub. Amma bu qısa müddətdə təhsil sahəsində xeyli uğur qazanıb. O, 1991-ci ildə Bakıda dünyaya gəlib. 2009-cu ildə 160 nömrəli orta məktəbi bitirərək Həştərxan Dövlət Universitetinə qəbul olunub. 2009-2014-cü illərdə həmin universitetdə Dünya iqtisadiyyatı və idarəçilik, eyni zamanda hüquqşünas ixtisaslarına yiyələnib. Bunlardan hüquqşünas ixtisasını fərqlənmə diplomu ilə bitirib.
2014-cü ildə Həştərxan Dövlət Universitetinin ABŞ-ın Klark Universiteti ilə birgə həyata keçirdiyi iki illik magistratura təhsili proqramına müraciət edib və tələbə adını qazanıb. Bir il sonra akademik məzuniyyət götürərək Bakıya qayıdıb. 2017-ci ilədək Azərbaycanda Standartlaşdırılma, Metrologiya və Potent üzrə Dövlət Komitəsində iki ay beynəlxalq əlaqələr şöbəsində mütəxəsis işləyib, sonra isə "Azstandartinform" dövlət şirkətinin rəhbəri olub və həmin sahədə Azərbaycanı BMT-də təmsil edib…
2017-ci ildə ABŞ-a gəlib. Bir il Massaçusets Klark universitetində təhsilini davam etdirərək "Human resources" ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. Hazırda Kaliforniya ştatının Los Ancles şəhərində sığorta şirkətlərindən birində kadrlar şöbəsinə rəhbərlik edir…
…Atası Elmar Əlixanov iqtisadiyyat elmləri namizədidir. Əvvəllər Azərbaycan Dövlət İqtisad Universitetində müəllim işləyib. Hazırda bizneslə məşğul olur. Anası Leyla Əlixanova da iqtisdiyyat elmləri namizədidir. Azərbaycan Dövlət İqtisad Universitetinin dosentidir…
Teymur həm də ictimai fəaldır. Los Ancelesdəki Azərbaycan konsulluğunun keçirdiyi tədbirlərdə iştirak etməklə yanaşı həm də təşkilati məsələlərdə yardımçı olur…
Arzuları çoxdur, fərqlənmə diplomu ilə bitirdiyi hüquqşünas ixtisasının da magistr dərəcəsinə yiyələnmək istəyir. Ştatlararası nəqliyyat və yükdaşıma şirkəti yaratmağı planlaşdırır...
Həyat eşqi ilə dolu olan gülərüz, güclü yumor hissinə malik, şən, təmiz qəlbli bu 27 yaşlı soydaşımızla söhbətdən doymadım. Sanki mənim də 27 yaşım var idi. Bəli, gənc bir azərbaycanlının yad ölkədə uğur qazanmaq üçün məhz təhsilin vacib olduğunu anlaması, həmin yerin qayda-qanunlarına, eləcə də orada mövcud olan müxtəlif mədəniyyətlərə hörmətlə yanaşması məndə onun işıqlı gələcəyinə inam yaratdı…
Elman Eldaroğlu,
ABŞ, Miçiqan