Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması üçün atdığı addımlar ictimaiyyət tərəfindən müsbət qarşılanıb. Cənab Prezidentin rəhbərliyi altında 2019-cu il fevralın 26-da Xocalı soyqırımının qurbanlarının əziz xatirələrinin yad edilməsi məqsədilə Xətai rayonundakı “Ana harayı” abidəsinin ümumxalq ziyarəti düşmən tərəfin ciddi narahatçılığına səbəb olub. Bütövlükdə, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı qurbanlarının əziz xatirələrinin anılması, bu soyqırıma beynəlxalq təşkilat və parlamentlər tərəfindən siyasi-hüquqi qiymət verilməsi üçün zəruri tədbirlər davam etdirilir. Bu ilin fevralında dünyanın bir çox ölkələrində olduğu kimi, qardaş ölkə olan Türkiyədə də yüksək səviyyədə tədbirlər təşkil edildi.Tədbirlərdə Heydər Əliyev Fondunun, habelə, digər ictimai təşkilatların hazırladıqları əyani vəsaitlərdən istifadə edildi. Belə tədbirlərdən biri Ankara Qazi Universitetində keçirildi.
Öncə Türkiyə və Azərbaycanın Dövlət Himnləri səsləndirildi, şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Ankara Qazi Universitetinin Rektoru, Prof., Dr.İbrahim Uslan Türkiyənin həmişə qardaş ölkə olan Azərbaycanın yanında olduğunu qeyd etdi. Azərbaycan RespublikasınınTürkiyədəki Fövqəladə və Səlahiyyətli Səfiri cənab Xəzər İbrahim son 200 il ərzində Ermənistanın Azərbaycana qarşı törətdiyi işğalçılıq siyasətindən danışdı. Qeyd etdi ki, Azərbaycan xalqı və dövləti hazırda bölgədə baş verən prosesləri izləyir. İşğal olunmuş ərazilər sülh yolu ilə alınmasa, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin dədə-baba torpaqlarımızı düşmən tapdağından hərbi yolla azad edəcəyi kimsədə şübhə doğurmamalıdır. Prof.Dr.Alov Cakmakoğlu da erməni terrorizminin bütövlükdə insanlığa və şəxsən türk dünyasına bir ləkə olduğunu qeyd etdi.Məlum soyqırım zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürdükləri ehtiyatda olan Tibb xidmətı kapitanı, Respublikanın Əməkdar həkimi, “Azərbaycan bayrağı” ordenli, “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin Məmməd Nağıyev o dəhşətli gecə və sonrakı günlərdə terrorçuların əsir götürdüklərinə qarşı etdikləri vəhşiliklərdən danışdı.
Daha sonra Xocalı soyqırımından bəhs edən sənədli film nümayiş olundu.
Şamilə Şamilqızı,
“Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin İctimaiyyətlə Əlaqələr departamentinin əməkdaşı.
Oxunub: 636