22 fevral 2019-cu il tarixdə Salyan rayonunda Azərbaycan Respublikasının Gənclər Fondunun XI Qrant müsabiqəsi çərçivəsində qalib olan Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyinin “Sosial Müdafiə Akademiyası” layihəsinin növbəti mərhələsinin təqdimat mərasimi baş tutmuşdur. Tədbirdə Salyan RİH-in, Azərbaycan Respublikasının Gənclər Fondunun, rayon Gənclər və İdman İdarəsinin və Salyan rayon Təhsil Şöbəsinin nümayəndələri, o cümlədən Salyan şəhər 2 saylı tam orta məktəbinin direktoru və Salyan rayonunda yerləşən “Murad Əlillər Cəmiyyəti” İB-nin sədri, üzvləri və digər gənclər iştirak etmişlər.
Tədbirdə çıxış edən Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyinin sədri Sahil Hüseynzadə əvvəlcə layihənin məqsədi, görülmüş işlər, əhatə edəcəyi dövr və hədəf qrupları barədə iştirakçılara ətraflı məlumat verdi.
Sonra Azərbaycan Respublikasının Gənclər Fondunun nümayəndəsi Zaur bəy sosial müdafiəyə ehtiyacı olan gənclərlə bağlı Fondun həyata keçirdiyi işlərdən danışaraq, “Sosial Müdafiə Akademiyası” layihəsinin də bu işlərin davamı olduğunu bildirdi.
İştirak edən digər nümayəndələr çıxışlarında dövlət tərəfindən əhalinin sosial müdafiəsi sahəsində görülən işləri vurğulayaraq, fiziki məhdudiyyətli gənclərin peşə reabilitasiyası və onların cəmiyyətə inteqrasiyası sahəsində layihənin böyük önəm kəsb etdiyini diqqətə çatdırdılar.
Təlimçilərin iştirakı ilə müxtəlif təlimlər keçirildi. Fiziki məhdudiyyətli gənclərlə, sağlam gəncliyin eyni masada birgə mübarizə apardığı “Azərbaycanı tanıyaq” adlı intellektual yarış keçirildi. Sonda təlimlərdə fəal iştirak edən gənclər sertifikatlarla mükafatlandırıldı.
Oxunub: 801