Hara gedibsə, harada olubsa geri dönəndə özüylə apardığı Azərbaycan sevgisini orada qoyub qayıdıb, ölkəsini olduğu yerdə sevdirə bilib. Gələndə isə Azərbaycana gətirdiyi başucalığı olub. O olan yerdə həmişə Azərbaycanın adı zirvələrə ucalıb, sırada birinci sadalanıb…
…Çox gözəl insandır. İllərlə "sehirli qutu"dan izləyən milyonlarla insan kimi onun nitq mədəniyyətinin, düşüncə tərzinin, müdrikliyinin vurğunuyam. Heç bir çıxışı bir-birinə bənzəmir. Hər birinin öz gözəlliyi, öz məntiqi var. Lap elə milli kulinariyamızdakı təamların dadı kimi…
Tahir Əmiraslanov- Azərbaycan kulinariyasını dünyada tanıdan görkəmli şəxsiyyət, böyük insan. Adı gələndə adam heyrətini saxlaya bilmir, el diliylə:- belə insanların qadasını alım- demək istəyir. Bu cür vətən oğlunu necə sevməyəsən? Bütün varlığı ilə sevgiyə bələnib. Bax, elə bu sevginin gücüdür ki, Azərbaycan mətbəxini bütün dünyaya sevdirə bilir…
O, 1958-ci il martın 14-də Tovuz rayonunun Qovlar qəsəbəsində dünyaya gəlib. 1975-ci ildə Gəncədə 39 saylı orta məktəbi bitirib. 1975-1976-cı illərdə Gəncə Toxuculuq fabrikində fəhlə işləyib. 1978-ci ildə ordudan təxris olunduqdan sonra 1979-cu ilədək Leninqradda tikintidə bənnalıq edib. 1979 ildə Leninqrad Sovet Ticarəti İnstitutununa qəbul olunub. 1984-cü ildə ali təhsilini uğurla başa vuraraq, peşəkar iaşəçi-kulinar, mühəndis-texnoloq ixtisasına yiyələnib.
Tarix üzrə fəlsəfə doktorudur. Gürcüstan Universitetinin professorudur. Gürcüstan Millı Elmlər Akademiyasının və Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvüdür…
…Milli mətbəximizin inkişafında, süfrə mədəniyyətinin qorunmasında, unudulan xörəklərin bərpasında, təbliğatında, elmi təşəkkülündə və praktikada tətbiqində müstəsna xidmətləri olub…
Bu gün Azərbaycan kulinariyasında Tahir Əmiraslanov zirvəsi var. Möhtəşəm, əlçatmaz bir zirvə. O zirvəni qorumaq lazımdır. Əgər bir xalqın belə bir zirvəsi varsa, onun kulinariyası məğlub edilməzdir…
Elman Eldaroğlu,
ABŞ, Miçiqan