dini radikalizm və ekstremizmlə mübarizə

CƏMƏL DÖYÜŞÜ VƏ SƏBƏBLƏRİ

CƏMƏL DÖYÜŞÜ VƏ SƏBƏBLƏRİ
Bütün həmd-sənalar şanı uca olan Allah-Təalaya məxsusdur. Həqiqətən də, meşələr qələm, dənizlər mürəkkəb və yer ağ kağız olsa belə, yenə də o gözəl və əzəmətli varlığın qüdrətini yazıb qurtara bilməz.
Mən, Allahın haqq nəzərləri altında bitərəf mövqe tutaraq və heç bir təriqətin, məzhəbin, firqənin tərəfini saxlamayaraq, yalnız və yalnız həqiqəti yazacağam.
İslam aləmində, müsəlmanlar arasında təfriqə, ixtilaf, ayrı-seçkilik və, hətta düşmənçilik yaratmış ən vacib məsələlərdən biri də məhz Cəməl döyüşüdür. Cəməl döyüşü baş verməmişdən əvvəl Hz. Məhəmməd peyğəmbərin(s.a.v.a.v) Cənnət ilə müjdələdiyi on nəfər səhabədən biri olan xəlifə Hz. Osman ibni Affan(r.a) Səbilər-xəvariclər tərəfindən şəhid edildi. Onun yerinə isə yenə də Hz. Məhəmməd peyğəmbərin(s.a.v.a.v) Cənnət ilə müjdələdiyi on nəfər səhabədən digəri olan Hz. Əli ibni Əbu Talib(r.a) xalq tərəfindən şəri yolla müsəlmanların xəlifəsi seçildi. Xatəmül-ənbiyanın(s.a.v.a.v) ən sevimli və xoş xəbərlə müjdələdiyi bu iki nəfərin taleyi çox oxşar idi; hər ikisi bədbəxt bir camaat tərəfindən öldürüldü. Özü də ki, Allahın sevdiyi işlərlə məşğul olduqları halda; Hz. Osman(r.a) Qurani-Kərimi oxuyarkən, Hz. Əli(r.a) isə Namaz qılarkən Allahın dərgahına qovuşdular.
Hz. Osman(r.a) öz xilafəti zamanında mühüm və qeyri-mühüm dövlət vəzifələrinə yalnız öz qohumlarını təyin etmiş və əvvəlki adamları isə öz vəzifələrindən kənarlaşdırmışdı. Bəlkə bu da ona qarşı qaldırılmış üsyanların səbəblərindən biri idi.
Xəvariclər Hz. Osmanın(r.a) evini mühasirəyə alanda, Hz. Əli(r.a) Hz. Həsəni(r.a), yaxud Hz. Həsəni(r.a) və Hz. Hüseyni(r.a) xəlifənin evini mühafizə etməyə göndərir. Deyilənə görə, xəvariclərin xəlifənin evinə basqını zamanı Hz. Həsən ibni Əli(r.a) də yaralanır. Üsyançılar Hz. Osmanı(r.a) Qurani-Kərimi qiraət etdiyi yerdə şəhid edirlər. Bunun ardınca da xalq Hz. Əlini(r.a) xəlifə seçir.
Təlhə ibni Ubeydullah və Zübeyr ibni Avvam Hz. Əliyə(r.a) beyət etdikdən sonra Məkkəyə getmək üçün ondan izn istəyirlər, o da onlara icazə verir. Onlar Məkkəyə çatanda ümmül-möminin Hz. Aişə bintə Əbu Bəkr(r.a) ilə rastlaşırlar. Çünki, Hz. Osmanın(r.a) qətli xəbəri ona da çatmışdı.Yələ ibni Munəyyə Bəsrədən, Abdullah ibni Əmir isə Kufədən gələrək səhabələrə qoşuldular. Onlar Hz. Osmanı(r.a) müdafiə etməməkdə özlərini təqsirli bilirdilər. Buna görə də öldürülmüş xəlifənin qatillərindən qisas almaq üçün öz aralarında ittifaq bağlayır və Bəsrə şəhərində tərəf yol alırlar.
Bu anəmirəl-möminin Hz. Əli(r.a) Mədinə şəhərində idi. Həmin vaxt Osman ibni Hüneyf Əl-Ənsarini(r.a)Bəsrə şəhərinə Hz. Əli(r.a)vali təyin etmişdi. Səhabələr Bəsrə şəhərinə yaxınlaşarkən, şəhərin valisi Osman ibni Hüneyf Əl-Ənsari(r.a) adam göndərərək, onların nə istədiyini soruşdu. Onlar dedilər: “Biz Osmanın qatillərini istəyirik”. Osman ibni Hüneyf Əl-Ənsari(r.a) “Gözləyin, qoy Əli gəlsin”deyib, onlara şəhərə girməyi qadağan etdi. Hz. Osmanın(r.a) qətlində iştirak etmiş Cəbələ adlı bir nəfər yeddi yüz nəfər ilə səhabələrin qarşısına çıxdı. Səhabələr onlara qalib gəldilər. Bəsrə şəhərinin əhalisinin çox hissəsi səhabələrin dəstəsinə qoşuldu.
Hz. Əli(r.a) Bəsrə şəhərinin valisi Osman ibni Hüneyf Əl-Ənsari(r.a)ilə səhabələrin arasında döyüş baş verdiyini eşidəndən sonra on min nəfərlik qoşun düzəldərək Mədinədən Kufəyə tərəf yollandı. Araqarışdıranlar xəlifəyə yalnış məlumat verməklə, bəlkə də onunla səhabələrin arasını vurmaq istəmişdirlər. Çünki, səhabələr Hz. Osmanın(r.a) qatilləri ilə döyüşüblər. Ancaq yalandan xəbər veriblər ki, güya səhabələr vali ilə döyüşmüşdürlər. Hz. Əli(r.a) də müsəlmanların əmiri olduğu üçün bu məsələni yalan da olsa, eşitdiyinə görə birbaşa ixtiyarı çatırdı ki, həm valisinin köməyinə çatsın və həm də ki, onun hakimiyyətinə qarşı baş verən üsyanı yatırsın. Təbii ki, bu, yalan idi. Bu döyüş indi də qalmaqallıdır. Məsələn, bir dəstə deyir ki, səhabələr xəlifə Hz. Əliyə(r.a) qarşı çıxmışdırlar. Digər bir dəstə də deyir ki, Hz. Əli(r.a) səhabələrə qarşı qoşun düzəldərək döyüşə çıxıbmış. Əslində isə, heç də belə deyil. Nə səhabələr dövrün xəlifəsi olan Hz. Əliyə(r.a) qarşı çıxmış və nə də ki, Hz. Əli(r.a) səhabələrə qarşı döyüşməyə çıxmışdır. Onlar Hz. Məhəmməd peyğəmbərin(s.a.v.a.v) zamanında bir-birləri ilə çox səmimi, mehriban və yaxşı dolanıblar. Allah Rəsulunun(s.a.v.a.v) vəfatından sonra da belə idi. Ancaq həmin hadisənin təşkilatçıları isə Hz. Osmanın(r.a) qatilləri olan səbilər, yəni ki, xəvariclər idilər.
Miladi 656-cı ildə, Hicrətin 34-cü ilində Hz. Əli(r.a) öz ordusu ilə gəlib çatandan sonra Miqdad ibni Əl-Əsvədi və Qaqa ibni Əmiri Təlhə və Zübeyrlə danışığa göndərdi. Həm səhabələrin və həm də ki, Hz. Əlinin(r.a) dəstələri döyüşün baş verməməsi barədə ortaq məxrəcə gəldilər və hər iki dəstə öz fikrini bildirdi. Təlhə və Zübeyr bildirdilər ki, Osmanın qatillərini özbaşına buraxmaq olmaz. Hz. Əli(r.a) isə bildirdi ki, hal-hazırda Osmanın qatillərinin izinə düşmək məsləhət deyil, bunu ara sakitləşəndən və işlər yoluna qoyulandan sonra etmək lazımdır. Məsələ belə aydın oldu ki, hər iki dəstə Hz. Osmanın(r.a) qatillərini tapmaq istəyirdi. Ancaq bunu nə vaxt etmək lazım olduğu barədə fikir ayrılığı mövcud idi.
Həm səhabələr və həm də ki, Hz. Əli(r.a) ittifaqa gəldikdən sonra qoşunlar ən xeyirli gecəni yaşadıqları halda səbilər-xəvariclər(xəlifənin qatilləri) ən şər gecəni yaşayırdılar. Çünki, hər iki tərəf xəlifənin qatillərindən qisas alınması haqqında ortaq rəyə gəlmişdilər artıq. Təbəri, İbni Kəsir, İbni Əl-Əsir, İbni Həzm və başqa tarixçilərin bildirdiyinə görə, onların(xəlifənin qatillərinin) törədəcəyi çaxnaşmaya səbəb elə bu idi. Bundan sonra səbilər səhabələrin və Hz. Əlinin(r.a) arasında yaranmış bu ittifaqın və gəldikləri ümumi rəyin baş tutmaması üçün bir araya gəldilər.
Sübh çağı idi, hər kəs yatmışdı. Səbilərdən bir dəstə Təlhə və Zübeyrin qoşununa hücum edib onlardan bir neçə nəfərini öldürüb qaçdılar. Təlhə və Zübeyrin qoşunu Hz. Əlinin(r.a) onlara xəyanət etdiyini düşünüb səhər açılanda onun dəstəsinə hücum çəkdilər. Hz. Əlinin(r.a) də qoşunu elə düşündü ki, Təlhə və Zübeyr onlara xəyanət ediblər. Hər iki dəstə arasında şiddətli döyüş başladı və günorta vaxtı isə daha da qızışdı. Hər iki qoşunun ağsaqqalları döyüşün qarşısını almağa çalışırdılar, ancaq buna müvəffəq ola bilmədilər. Təlhə dedi: “Ay camaat, siz səsinizi kəsəcəksiniz, ya yox!”Lakin onun sözünə məhəl qoyan olmadı. Bu zaman, Təlhə dedi: “Oda nəsib olan qurd-quş, müvəqqəti tamah dalınca düşmüsünüz”. Hz. Əli(r.a) də onlara döyüşməməyi əmr edirdi, ancaq ona da əhəmiyyət verən olmadı. Hz. Aişə(r.a) Kəb ibni Sur adlı bir nəfəri Qurani-Kərimlə göndərdi ki, döyüş dayansın. Amma səbilər onu da oxla vurub öldürdülər. Təlhə ibni Ubeydullahı Mərvan ibni Həkəm öldürdü. O Mərvan ki, Rəsulallah(s.a.v.a.v) onu və atasını Taifə sürgün etdirmişdi. Sonralar Hz. Osmanın(r.a) xəlifəliyi dövründə Taifdən qayıdıb gəlmişdilər. Türkiyə qaynaqlarına görə, Zübeyr ibni Avvam isə, Hz. Əlinin(r.a) Hz. Məhəmməd peyğəmbərin(s.a.v.a.v) ona hansısa bir sözünü xatırlatması ilə döyüşdən geri çəkildi. Zübeyr Mədinəyə doğru gedərkən, onu təqib edən Əmir ibni Cürmüz adında bir nəfər öldürdü.
Döyüş tam başa çatdıqdan sonra xəlifə Hz. Əli(r.a) Allah Rəsulunun(s.a.v.a.v) əziz zövcəsi olan ümmül-möminin Hz. Aişəni(r.a) hörmətlə Mədinəyə yola saldı.
Biz bu məsələyə tarixi yolla yox, məhz şəri yolla baxaq. Səhabələr bu işi sakit də görə bilərdilər. Məsələn, Hz. Əlinin(r.a) hüzuruna gedib, onunla danışa da bilərdilər. Bununla da, nə müsəlman qanı axardı və nə də ki, indiki günümüzdə də İslam aləmində bu məsələyə görə təfriqə yaranardı. Hz. Əli(r.a) xəlifə olduğu üçün məsələnin ciddiliyini nəzərə alaraq, qoşun çəkib gəlməkdə buna ixtiyarı və haqqı çatırdı. Dolayısı yolla, səhabələrin bu addımı özbaşınalıq və araqarışdıranlıq kimi də qiymətləndirilə bilər. Düzdür, onları başa düşmək olar. Çünki, Hz. Osman(r.a) onlar üçün əziz bir insan idi. Bəli, onun qatilləri tapılıb öz cəzalarına çatdırılmalı idilər. Ancaq bu cür qisas almaq isə heç də bəyənilmir. Qatillərin qanın tökmək əvəzinə bir-birlərinin qanını tökdülər. Bu da düzdür ki, onların arasını vuran xəlifənin qatilləri olan səbilər idi, səhabələr bir az səbrli olub gözləməli idilər.Çünki, Hz. Əli ibni Əbu Talib(r.a) müsəlmanların xəlifəsi idi və, nəin ki, onun, ümumiyyətlə, xəlifənin sözünə əməl etmək şəriətin buyurduğu vacib əməldir.
Mən bir müsəlman kimi bu məsələ ilə bağlı olaraq öz düşüncələrimi və fikirlərimi dəyərli müsəlmanlarla bölüşdüm. Bir də ki, nəyisə səhv yazdımsa, Allah məni bağışlasın! Çünki, o dövrdə nə baş verdiyini və ən doğrusunu yalnız Allah bilir. Bizə gələn hədisləri, müraciət etdiyimiz qaynaqları oxuyaraq nəticə çıxardırıq və məsələyə öz fikrimizi bildiririk. Ancaq yenə də doğrusunu Allah bilər. Biz müsəlmanların isə, ən əsas vəzifəsi odur ki, bu işlərə qarışmayaq, bilməyərəkdən səhabələrin(Cəməl döyüşündə iştirak etmişlər) heç birinin haqqına girməyək və Allahdan onlar üçün rəhmət diləyək. Çünki, onlar Allah-Təala tərəfindən aləmlərə rəhmət olaraq göndərilən Hz. Məhəmməd peyğəmbərin(s.a.v.a.v) səhabələri idilər. Onların da İslam dini uğrunda fədakarlıqları olmuşdur.

Ərtoğrul Mehdizadə

Oxunub: 1 825
Oxşar xəbərlər
SON XƏBƏRLƏR