Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ABŞ-ın İranla nüvə sazişindən çıxması ilə bağlı qərarını şərh edərək, yarı zarafat, yarı ciddi şəkildə bildirib ki, bunun sayəsində İttifaq illuziyalardan qurtuldu.
DJB.az xəbər verir ki, bu barədə o, öz tvitter hesabında məlumat verib. "Donald Trampın son qərarına baxdıqda kimlərsə deyə bilər ki: bu cür dostların varsa, düşmənə ehtiyac yoxdur. Amma gəlin açıq danışaq. Avropa İttifaqı ABŞ-a minnətdar olmalıdır. Bütün illuziyalardan qurtulduğumuz üçün, ona təşəkkür düşür.” – deyə Tusk vurğulayıb.
Digər bəyanatında isə o, Avropa şirkətlərini ABŞ-ın İranla sazişdən çıxmasının neqativ təsirlərindən qorumaq naminə İttifaqın icraedici orqanlarının fəaliyyətə keçməsi üçün imkanların dəyərləndirilməsinin vacibliyini qeyd edib.
"Mən istəyirəm ki, Avropanın maraqlarından söz gedəndə, Avropa Komissiyasının işə keçməsi üçün ona yaşıl işıq yandırılsın. İranla nüvə sazişini qorumaq üçün vahid Avropa cəbhəsi formalaşdırmaq lazımdır. Bu vahidlik, eyni zamanda ABŞ-la alüminium və poladın tariflərinə dair danışıqlarda da sərgilənməlidir".
Oxunub: 744