İrəvandakı etirazların lideri Nikol Paşinyanla Ermənistan Baş nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Karen Karapetyanın razılaşa bilməməsi ucbatından Ermənistanda vəziyyət yenidən gərginləşməyə başlayıb.
Axar.az xəbər verir ki, Serj Sərkisyanın tutduğu yolu seçən Karapetyan da Paşinyanın tələblərinin icrasından imtina edib. Maraqlı məqam isə Karapetyanın bu addımı məşhur erməni əsilli rusiyalı milyarder Samvel Karapetyanla görüşdən sonra atmasıdır. Belə ki, Sərkisyanın istefasından dərhal sonra İrəvana gələn Samvel Karapetyan Karen Karapetyanla görüşərək, bir növ onun yanında olduğunu göstərib. Digər tərəfdən Ermənistanda Kremlin adamı kimi tanınan milyarder Karen Karapetyan Ermənistana qoyduğu 1 milyardlıq investisiyadan imtina etməyəcəyi də şübhəsizdir.
“Jamanak” qəzeti artıq Paşinyanla məşhur erməni iş adamı Qagik Çarukyan arasında razılaşma olduğu haqqında məlumat yayıb. Çarukyanla görüşdən sonra Paşinyan Çarukyan Blokunun parlamentdə müvəqqəti baş nazir seçimində onu dəstəkləyəcəyinə dair zəmanət alıb. Çarukyan Paşinyanı yalnız müvəqqəti hökumətin qurulmasında dəstəkləyəcəyini bildirib. Ermənistanda böyük nüfuzu olan Çarukyanın növbədənkənar parlament seçkisinə gedəcəyi halda hansı mövqeyi tutacağı açıqlanmayıb.
Respublika Partiyasında da vəziyyət gərginləşməyə başlayıb. Parlamentdə bu partiyanın üzvlərinin çoxu Karen Karapetyanı dəstəkləməkdən imtina etməyə başlayıb. Bu deputatların fikrincə, Karapetyan hakimiyyətə gələcəyi halda İrəvan tam olaraq Rusiyanın əyalətinə çevriləcək.
Karen Karapetyanın Paşinyanla görüşdən imtina etməsindən öncə yaşanan ən mühüm olay isə Nikol Paşinyanın gözlənilmədən qondarma Qarabağ rejiminin lideri Bako Saakyanla görüşməsidir. Saakyan görüşdə Paşinyanı dialoqa çağırıb. Maraqlıdır ki, Saakyan həm Serj Sərkisyanın istefasında, həm də Karen Karapetyanın dəstəklənməsində mühüm rol oynamağa davam edir.
Qeyd edək ki, dünən Karen Karapetyan Paşinyanla danışıqlardan imtina edib. Paşinyan bu gün 11:00-da yenidən mitinqlərə başlayacaqlarını bildirib.
Paşinyan dünən ilk dəfə özünün hansı xarici siyasət yürüdəcəyini açıqlayıb. Yelk Blokunun tərkibində kəskin antirusiya mövqeyi tutan Paşinyan gözlənilmədən maraqlı açıqlamalar verib. O, Rusiya bazasının Ermənistana gərək olduğunu, İrəvanın Moskva ilə erməni xalqının maraqları çərçivəsində sıx əlaqələr yaradacağını, Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından dərhal çıxmayacağını bildirib.