dini radikalizm və ekstremizmlə mübarizə

Qarabağ qazilərinə qarşı ədalətsizliyə nə vaxt son qoyulacaq?–SOCAR RƏHBƏRLİYİ QANUN QARŞISINDA CAVAB VERMƏLİDİR

Qarabağ qazilərinə qarşı ədalətsizliyə nə vaxt son qoyulacaq?–SOCAR RƏHBƏRLİYİ QANUN QARŞISINDA CAVAB VERMƏLİDİR

Sentyabrın 28-də günorta saatlarında Bakıda Qarabağ əlilləri ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşları arasında kütləvi dava baş verib.
Sosial şəbəkələrdə yayılan görüntülərdən aydın olur ki, bu xoşagəlməz hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşanıb. İddialara görə, qarşıdurmaya səbəb SOCAR əməkdaşlarının Qarabağ qazilərindən birinin evini sökməyə cəhd etməsi olub. Belə ki, həmin yaşayış evinin tikinti icazəsi və müvafiq sənədləri olsa da, Dövlət Neft Şirkətinin işçiləri tikintinin şirkətə məxsus ərazidə və qanunsuz aparıldığını iddia ediblər. Binəqədi rayon İcra Hakimiyyəti isə həmin əraziyə sənəd verdiyindən və tikinti ilə bağlı müvafiq idarələrdən razılıq alındığından, Qarabağ qaziləri SOCAR prezidenti Rövnəq Abdullayevin “qoçu dəstəsi”nin tələblərini yerinə yetirməkdən imtina ediblər. Bu zaman tərəflər arasında qarşıdurma yaşanıb.

Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən deyə bilərik ki, SOCAR əməkdaşları Qarabağ döyüşçülərinə, hətta ayağı kəsilən qazilərə qarşı belə, amansızlıq nümayiş etdiriblər. Doğrudur, bəzi kadrlarda Qarabağ qazilərinin də müqavimət göstərdiyi və qarşı tərəfə güc yolla cavab verdiyi görünür. Amma bütün hallarda bu qarşıdurmanı SOCAR-ın “qoçu dəstə”sinin yaratdığı faktı ortadadır.

Görünür, məhz bu səbəbdəndir ki, gün ərzində sosial şəbəkələrdə minlərlə, on minlərlə insan Dövlət Neft Şirkəti əməkdaşlarının Qarabağ qazilərinə qarşı bu cür aqressiv davranışını şiddətlə qınamaqdadırlar. Əslində, haqsız da deyillər. Ən azı ona görə ki, bu insanların hər birinə dövlət tərəfindən xüsusi qayğı ilə yanaşılmalı olmasına rəğmən, hansısa məmur tərəfindən onların döyülməsinə göstəriş verilməsi qətiyyən yolverilməzdir. Xüsusən də müharibə şəraitində yaşadığımız indiki dönəmdə Qarabağ döyüşçülərinə qarşı bu cür özbaşınalıq təxribatdan başqa bir şey deyildir…

Yeri gəlmişkən, məlum olayla bağlı rəsmi açıqlamalarda Biləcəri qəsəbəsində baş verən bu hadisənin 1977-ci il təvəllüdlü, Tərtər rayon sakini Sərxan Musayevin qanunsuz tikinti aparması səbəbindən yaşandığı iddia olunur. Bildirilir ki, S.Musayevin Dövlət Neft Şirkətinin mühafizə zolağına aid olan ərazidə fərdi yaşayış evinin tikintisi ilə bağlı bünövrə işinin aparmasına SOCAR əməkdaşları etiraz edib. Bu tələblə razılaşmayan S.Musayevin çağırışı əsasında əraziyə 15-20 nəfər Qarabağ müharibəsi qazisi gəlib ki, bu zaman tərəflər arasında münaqişə yaranıb: “Hadisə nəticəsində S.Musayev, onun tanışı Əhməd Sultanəhmədov və Dövlət Neft Şirkətinin bir neçə əməkdaşı müxtəlif bədən xəsarətləri alıb”.

Məlumata əsasən, faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsində təhqiqat araşdırmaları aparılır.

Təbii ki, kimliyindən, vəzifəsindən və tutduğu mövqeyindən asılı olmayaraq qanun qarşısında hər kəs bərabərdir. Odur ki, hər bir vətəndaş da qanunlara əməl etməyə borcludur. Bütün bunlara rəğmən, SOCAR əməkdaşlarının dəfələrlə olduğu kimi, bir daha vətəndaşlarla, xüsusən də Qarabağ qaziləri ilə güc dilində danışması, onlara xəsarət yetirməsi cəzasız qalmamalıdır. Bu ölkənin məhkəmələri var. Hər hansı məhkəmə qərarı olmadan insanların mülkiyyət toxunulmazlığını pozmaq, onların böyük əzab-əziyyətlə tikdiyi evlərini ağır texnika vasitəsilə sökdürmək heç də ədalət göstəricisi deyil. Necə olur ki, eyni ərazidə pullu insanlar rüşvət hesabına villalar ucalda bilir, amma kasıbın özünə daxma tikməsinə belə, imkan verilmir? Bax, bu sualın cavabı dövlət səviyyəsində tapılmalı və nə qədər gec deyil, Qarabağ qazilərinə qarşı alçaldıcı mövqe aradan qaldırılmalıdır.
Unutmayaq ki, müharibə şəraitində yaşayırıq! Onu da unutmayaq ki, sabah hər birimiz eyni aqibətlə üzləşə bilərik!

Mənbə: Muxalifet.az

Oxunub: 340
Oxşar xəbərlər
SON XƏBƏRLƏR