Главная > yazarlar > İntihar edən qızlar, bizi bağışlamayın!

İntihar edən qızlar, bizi bağışlamayın!


7-04-2019, 15:06. Разместил: djbaz
İntihar edən qızlar, bizi bağışlamayın!
On milyonuncu vətəndaşımız doğuldu və hamımız sevindik. Sayəsində on milyonluq ölkə olduğumuz o bapbalaca qızın doğuluş sevincinin fonunda isə xəbər saytlarındakı dəhşətli başlıqları oxumağa məcbur oldu gözlərimiz. Masallıda ərin bıçaqlayıb öldürdüyü gənc qadın, Bakıda məktəbdə intihar edən səkkizinci sinif şagirdi...
Elə bunun üstünə ötən gecə küçədən eşitdiyim qadın qışqırığını və kişi söyüşünü də gəlirəm. Bu cəmiyyətin ümumiyyətlə, rəsmən, “elgözünə” qadın haqları problemi yoxdur. Amma fərdi evlərdə, qapalı qapılar arxasında, “ev bizim, sirr bizim” mentallığının qırxıncı otağında necə dəhşətlər baş verir, kimsə bilmir. Bildiklərimiz sadəcə üzə çıxan açıq nəticələr olur: intihar və qətllər. Və bunların çox qismi mətbuata çıxarılmır, ciddi-cəhdlə gizlədilir. Çünki hələ də qətl edilən və xüsusən də, intihar edən qızların, qadınların ailə üzvləri bu məsələni nəsil üçün ayıb, rüsvayçılıq, “papağıyerəsoxmaq” kimi qəbul edirlər.
Biz o qədər dəhşətli toplumuq ki, hətta vaxtilə Qarabağ müharibəsində əsir düşüb sonradan geri alınan qızlarımızdan da ilk gözlədiyimiz şey intihar etmələri idi. Və biz bunu özümüzə ayıb yox, şərəf bilirik. Necə ki, kişilərimizin həyatında ömrü boyu bir qadın olmasını ayıb, qadınlarımızın həyatında ömrü boyu bir kişinin olmasını şərəf bilirik. Və yaxud bunun əksinə.


Ayıb olsun bizə!
Ayıb olsun ki, hələ də məktəbdən, dərsdən zorla qoparılıb ərə verilən azyaşlı qızlarımız var və biz hələ utanmadan da toy dəvətnamələrini alıb “Allah xeyir versin” deyə bilirik. Ayıb olsun bizə ki, o qızların hələ özləri uşaq ikən, uşaq doğurlar gözlərimizin qarşısında və biz onları nəvə olaraq əzizləyib şirinquş almağa tələsirik. Ayıb olsun bizə ki, zorlanan qızları onlara təcavüz edən manyaklara ərə verməklə birini həbsdən, birini rüsvayçılıqdan qurtarmağımızı ən doğru qayda bilirik. Ayıb olsun bizə ki, narkoman, alkaqolik ərlər zavallı arvadlarının, ana və bacılarının son qızılına, cehizinə, az qala əyin-başına kimi satıb, qohum-əqrabaya borca göndərməkdən də bezdirəndən sonra çərlədib, döyüb, bıçaqlayıb öldürürlər, tutulanda da namus üstə öldürdüklərini deyib içəridə hörmət qazanmaq ümidi ilə gedirlər həbsxanaya və biz tək “namus” kəlməsinə görə səsimizi içimizə qısırıq. Ayıb olsun bizə ki, biz hələ də USM-da qız olduğunu görəndə ilk axtaracağımız həkim abort üçün olur. Ayıb olsun bizə ki, biz hələ də məktəblərdə psixoloqlarımızın, valideyn komitələrimizin, məktəb rəhbərliklərimizin öz yerlərində olan doğru adamlar və doğru iş icraçıları olduğuna sidq-ürəkdən inanırıq. Və ayıb olsun bizə, tam toplum olaraq yox, toplumun qadın tərəfi olan bizə ki, biz hələ də və həmişə də yalnız güclü cinsin xoşuna gəlsin deyə, öz həmcinslərimizi alçaldır, aşağılayır, ölümlə qarşı-qarşıya buraxırıq. Biz utanıb yerə girmirik özümüzün “Malena” filmindəki əliqayçılı ləçər obrazımıza görə. Biz ölüb xəcalət çəkmirik “Qaraca qız”dakı Pəricahan simamızla. Biz hələ də utanmadan yaşayırıq, intihara sürüklədiyimizin kəndirlərini açıb boynumuza dolamırıq, öləni, ölümdən qurtara bilməyəni qınayırıq, ölümə sürükləyəni, öldürəni yox, bu, dəhşətdir!

Bakıda səkkizinci sinif şagirdi öz sinif yoldaşlarının təhqirlərinə, məktəb rəhbərliyinin məsuliyyətsizliyinə, valideynlərin diqqətsizliyinə görə özünü 3-cü mərtəbədən ataraq intihar edib. Bu olay bizim əksəriyyətimizə vaxtilə bütün SSRİ-yə səs salan, baş rollarını Yuriy Nikulinin və Kristina Orbakaytenin oynadıqları qalmaqallı “Müqəvva” filmindən tanışdır. Ellina adlı qızla Lena adlı qızın bənzər adları kimi, bənzər taleləri də var. Hər ikisi yeniyetməliyin ən çətin dövrü olan keçid dövründə məktəb, kollektiv, dost çevrəsi dəyişməyə vadar olub. Hər ikisi onu öz içinə qəbul etməyən yeni çevrənin təhqirlərinə məruz qalıb. Hər ikisi bizim heç birimizin o yaşdan başqa heç vaxt hiss edə bilməyəcəyimiz əzab və daxili sarsıntıları yaşayıb. Və nə təəssüf ki, hər ikisinin son aqibəti eyni olmur. Lena sadəcə saçlarını dibindən qırxmaqla və bütün həqiqətləri sinif yoldaşlarının üzlərinə çırpmaqla son qoyur baş verənlərə. Ellina isə... intihar edir.
Və bizim media xəbəri iyrənc başlıqlarla çıxarır ortalığa, lesbiyanlıq tənəsi vurulduğu üçün özünü öldürdüyünü yazır Ellinanın. Soyuq və şeytani həzzlə yazılmış başlığa baxın: “Lesbiyan dedikləri üçün özünü üçüncü mərtəbədən atan məktəbli qız öldü”. Eyni zamanda da Ellinanın ən yaxın rəfiqəsinin sosial ağrı-acısını daha idbar formada dərhal yayımlayır: “İntihar edən məktəbli rəfiqəsinin fəryadı: Mənim sevgilim, mənim həyatım...”
Nə deməkdir bu?
Nə istəyir bu qeyri-peşəkar və dedi-qoduçu media?
İkinci intiharımı?
Ellinanın rəfiqəsinin də özünü öldürməsinimi?
Ellina kimi ola bilən, bizim diqqətimizdən kənarda qalan digər çarəsiz durumda qalmış qızları intihara sürükləmək deyilmi bu?
Yoxsa sadəcə xalqı maarifləndirib məlumatlandırmaq üçün çalaışıb-vuruşurlar, mən yanılıram?
İP-iniz qırılsın, yalansa!

P.S On milyonuncu vətəndaşımız üçün çox narahatam, çox. Biz bu gedişlə, bu davranış və yanaşmamız ilə o balaca qıza nə vəd edə bilərik toplum olaraq? Bəlkə sadəcə arzulamaq qalır ki, qədəmlərin mübarək olsun, kiçik xanım, gəlişin bütün qızlarımıza, qadınlarımıza düşərli olsun! /metbuat.az/
Вернуться назад